z

Qatar maşinistlərinin 11-ci kursu davam edir

Qatar maşinistlərinin 11-ci kursu davam edir

19 DEKABR / 2023 / 13:15

Bakı metropolitenində 2018-ci ildən yeni qaydada təşkil olunan sərnişin qatarı maşinistlərinin növbəti hazırlıq kursu başlanıb. Avqust ayında verilmiş elana uyğun olaraq, aparılmış çoxmərhələli seçim turlarında 180-ə qədər elektron ərizəyə baxılıb. İddiaçılardan 132 nəfər məntiq testinə cəlb edilmək üçün uyğun görülsə də, kadr komissiyası imtahanına 85 namizəd qatılıb. Onlardan yalnız 35-i metropolitenlə bağlı ümumi ibtidai biliklər, məntiq və psixoloji test sınaqlarından uğurla keçib.
Sonrakı fərdi və psixoloji müsahibə mərhələsini isə 15 nəfər uğurla başa vurub. Kursda iştirak hüququna yiyələnən 2 nəfər tibbi yoxlamadan keçməyib. Daha 5 müdavim şəxsi istəyi ilə kursdan imtina edib. Yekun nəticədə kursa, biri qadın namizəd olmaqla, 8 iddiaçı ilə başlanıb.
Ənənəvi qaydada, müdavimlər əvvəlcə nəzəri biliklərə yiyələnməklə metropolitenin əsas sahələri ilə yaxından tanış olmağa başlayıblar. Onlara metropoliten infrastrukturu, vaqonların təmir və baxış sahələri, texniki xidmət, əsas təlimat tələbləri və digər anlayışlar öyrədilir. Müdavimlər tədris planına uyğun hər mərhələdə imtahan verirlər. 
Nəzəri biliklərin tədrisindən sonra maşinistliyə iddiaçılar Təlim-tədris mərkəzində quraşdırılmış ən müasir qatar trenajorunda praktiki vərdişlərin mənimsənilməsi üzrə imtahana cəlb olunacaqlar.
Bu sınaqlarda uğur qazananlar kadr komissiyası imtahanını da nailiyyətlə keçəcəkləri təqdirdə, metropoliten xətlərində praktiki vərdişlərin möhkəmləndirilməsi üzrə təlimlərə başlayacaqlar. Onlar metropoliten maşinistləri ilə birgə xəttə çıxmaqla, iş mühitində formalaşmağın vacib cəhətlərini mənimsəyəcəklər. Yekunda praktiki idarəetmə bacarığının qiymətləndirilməsi əsasında imtahanlar təşkil olunacaq. Sonuncu mərhələdə xətlərdə idarəetmə normativlərini yerinə yetiənlər yenidən kadr komissiyası qarşısına çıxarılacaqlar.
Qeyd edək ki, 10-cu kursun bütün mərhələlərini uğurla keçmiş 7 namizəd hazırda sınaq yürüşlərini başa vurub. Mərhələni uğurla keçənlər kadr komissiyası qarşısında yekun imtahana cəlb olunurlar.
Qatar maşinisti peşəsi üzrə yeni seçim qaydası keçiriləndən indiyə qədər 70-dək şəxs bu peşənin sirlərinə yiyələnərək Bakı metropoliteni xətlərində işə başlayıb.