z
28 MART / 2017 / 00:00
Metropoliten üçün yolların rəvanlığı təhlükəsiz hərəkətin təşkilində ən mühüm şərtlərdəndir. Buna görə də bu sahə daim diqqət mərkəzində saxlanılır və burada mümkün yeniliklərin tətbiqi ilə bağlı mütəmadi işlər aparılır. 2015-ci ildə istismara verilmiş çoxfunksiyalı diaqnostika kompleksi yolların vəziyyətinin qiymətləndirilməsi və bu işdə insan faktorunun ən aşağı həddə salınmasında həlledici vasitəyə çevrilib. Müasir dövrün son nailiyyətlərinin tətbiq edildiyi kompleks yeraltı dəmiryol şəbəkəsinin infrastrukturunun mövcud təlimatların və texniki şərtlərin tələbləri səviyyəsinə çatdırılması üçün müvafiq qiymətləndirməni həyata keçirir. Sonra əldə olunmuş faktlar əsasında sahələrdə müvafiq tədbirlər görülür. Məhz bunun nəticəsidir ki, ötən dövr ərzində 60 km-dən artıq yol plan və profildə əla qiymətə layiq vəziyyətə gətirilib. Kompleksin göstəricilərinə uyğun olaraq, operativ tədbirlər planı əsasında, elə 2015-ci ildə qeyri-qənaətbəxş yolların uzunluğu dəfələrlə azaldılaraq, cəmi 2 km-ə endirilib. Keçən ilin sonuna isə qeyri-kafi qiymətli yol qalmayıb. "Yaxşı" və "kafi" qiymətli yolların uzunluğu 2015-ci ildə 30 km-ə yüksəldilmişdisə, artıq həmin yollar "əla" kateqoriyasına keçdiyindən, bu rəqəm də 6 km-ə endirilib.
Operativlik bütün müvafiq xidmət və sahələrin qarşılıqlı fəaliyyəti ilə təmin edilib. Həmçinin yollara lazımi qulluğun göstərilməsi və təmir sahələrinin müasir texnoloji məhsullarla təchiz edilməsi də işin sürətinə, keyfiyyətinə böyük təsir göstərib. Yol təsərrüfatı dünya praktikasında ilk dəfə daşınması asan olan planşet və noutbuklarla təchiz olunub. Bu isə kompleksin qeydə aldığı irihəcmli göstəriciləri yerində əyani şəkildə təhlil etməyə, problemlərin əsas səbəblərini operativ surətdə müəyyən etməyə, nəticə çıxarmağa və s. araşdırmalara imkan verir.
Ümumiyyətlə, 2014-2016-cı illər ərzində 43 min 200 metr rels, 7200 uzun və 756 gödək şpal yenisi ilə əvəzlənib, 1200 metr yolda qaldırma təmiri aparılıb. Bu, yolların rəvan vəziyyətə gətirilməsinə xüsusi təsir göstərib. Bu dövrdə xüsusi əhəmiyyət kəsb edən “İçərişəhər-28 May” sahəsində və “Cəfər Cabbarlı-Xətai” mənzilində yolların tam sağlamlaşdırılması işləri başa çatdırılıb.
Müasir dövrün tələblərinə uyğun yeniliklər sırasında bir çox ölkələrdə şpalların təmirində geniş yer alan kompozit maddənin tətbiqi diqqətə layiqdir. Metropolitenin tərəfdaşlarından birinin təklifi olan bu maddə də "Gənclik-28 May" mənzilində sınaqlar zamanı özünü çox yaxşı göstərib. Ondan şpallardakı çatların, köhnə şurup yerlərinin və şpalla beton arasındakı boşluqların doldurulması üçün istifadə edilir. Əvvəllər şpalın köhnə şurup yerləri adi taxta tıxaclarla doldurulurdu. Bu tıxaclar suyun, palçığın təsiri altında çürüyüb dağılırdı. Yeni maddənin tətbiqi ilə belə hallar aradan qaldırılıb. Hazırda yeni üsulla artıq 1500-dən çox şpal təmir olunub.
Məlumdur ki, metropolitenin yeni inşa olunan xətlərində dövrün ən son texnoloji yeniliklərinin tətbiqi nəzərdə tutulub. Azərbaycanın müstəqilliyi dövründə inşa olunan ilk xəttin – Bənövşəyi xəttin 5,5 km-lik sahəsi keçən il istismara verilib. Bu xüsusda, daha bir yenilik metropoliten yolları üçün əhəmiyyətli olan rels-qaynaq sahəsində edilib. Yeni xətdə relslər və təmas relsləri yoldan çıxarılmadan alümin-termit üsulu ilə qaynaq edilir. Onun mənimsənilməsi məqsədilə sahənin mütəxəssisləri Rusiyanın aparıcı müəssisələrində təcrübə mübadiləsi keçiblər. İndi bu işlər də metropolitendə tam sərbəst şəkildə yerinə yetirilir.
Xəbər verdiyimiz kimi, metropoliten yollarında müasir dünya standartlarının tətbiqi ilə bağlı ən əhəmiyyətli yenilik yeni inşa olunan xətlərdə beton blokların tətbiqi olacaq. Bununla bağlı son hazırlıq tədbirləri yekunlaşmaq üzrədir. Yerli şəraitdə istehsalı da nəzərə alınmaqla, bu yeniliyin tətbiqi nəticəsində yolların daha keyfiyyətli və sürətli olmasına, davamlı və uzunömürlü materiallarla təchiz edilməsinə, ölkədən kənar gətirilən şpallardan asılılığı azaltmasına, onlara qulluğun dəfələrlə sadələşməsinə və asanlaşmasına nail olunacaq. Bu isə metropolitenin daha səmərəli, ən əsası, sərnişinə daha təhlükəsiz və rahat xidmət göstərməsini təmin edəcək. Sonrakı dövrlərdə isə hazırda istismarda olan yollarda da beton blokların tədricən taxta şpalları əvəz etməsi bu işlərin məntiqi yekunu olacaq.
Qeyd edək ki, beton blokların istehsalı məqsədilə Almaniyanın “Vollert” şirkətindən Avropa standartlarına cavab verən yeni avadanlıqlar alınmaqla “Bakı Metropoliteni” QSC-nin strukturuna daxil olan dəmir-beton konstruksiyaları sahəsində yeni istehsalat sahəsi yaradılıb və istehsal prosesinə başlanılıb. Həmçinin optimal tələblər əsasında, yolun digər üstquruluşu materiallarının beton bloklara uyğunluğu təmin edilib. Onların çeşidi, keyfiyyəti, ölçüləri, yerli şəraitə uyğunluğu, geoloji, texniki və təhlükəsizlik tələblərinə cavab verməsi, etibarlığı, həmçinin gələcəkdə ağac şpalların beton bloklarla əvəzlənməsi üçün mövcud imkanlara qədər hər bir məsələyə həssaslıqla yanaşılıb. Bu xüsusda yolun bərkidilməsi üçün üç variant arasından ən münasibi hesab edilmiş "300 UTS" markalı rels bəndlərinin seçilməsini qeyd etmək olar. Prosesin məntiqi yekunu Bakı metropoliteninin Avropa standartlarına - hazırda dünyanın əksər ölkələrində uğurla tətbiq edilən RHEDA yol tipinə keçid olacaq. Bu, gələcəkdə yol təsərrüfatının tam yeni əsaslara keçirilməsinin təməli olmaqla, onun potensialının, işin səmərəsinin artırılmasını, maddi-texniki bazasının yenidən qurulmasını təmin edəcək.