z
21 DEKABR / 2023 / 16:03
Bakı metropoliteninin bütün infrastrukturu, o cümlədən stansiyaları və elektrik deposu qış mövsümünə hazırdır. Açıq hava şəraitində olan stansiya girişləri, ən vacibi, qatarların xəttə verildiyi elektrik deposu ərazisində qatarları bir yoldan digərinə keçirən yoldəyişdirici qurğular üçün qar yağıntısı və şaxtanın fəsadları ağır ola bilər. Bu səbəbdən sərnişinlərin stansiyalara gediş-gəliş yollarının yağıntı və buzdan, depolar ərazisində yol qovşaqlarının qardan təmiz saxlanması vacibdir. Metropolitenin daim qarlı-şaxtalı hava şəraitində nümunəvi xidmət göstərməsi “Qışa yaydan hazırlaş” devizi ilə hər ilin iyun ayından başlanır.
“Bakı Metropoliteni” QSC sədrinin əmri ilə təsdiq edilmiş plan əsasında bütün infrastruktur və sahələrdə təftiş-yoxlama işləri həyata keçirilir. Bakı metropolitenində daimi fəaliyyət göstərən Operativ Qərargah istismar üzrə baş mühəndisinin rəhbərliyi ilə görülən işlər, çatışmazlıqlar, nöqsan və qüsurların aradan qaldırılması müddətləri ilə bağlı vəzifələri müəyyən edir, hər ay konkret vəzifələrin icrasını təmin edir.
“Nərimanov” və “Xocəsən” elektrik depolarında qatarların hərəkəti üçün maneələr yarada biləcək məsələlərlə bağlı işlər oktyabr ayının əvvəlinə yekunlaşdırılıb. Bütün işlərin mərkəzi olan Qarla mübarizə qərargahı hazır vəziyyətə gətirilib. Qarla mübarizənin operativ planı hazırlanıb.
Birinci vəzifə kimi, plan əsasında yol sahələri işçilərlə komplektləşdirilib. İlk dəfə bu şəraitdə çalışacaq personalla məşğələlər keçirilib, təlimatlar verilib. Heyətin müntəzəm hazırlığı daim yoxlanılır. Operativ plan üzrə qəfil yoxlamalar, təlimlər müntəzəm davam etdirilir. Gecə növbəsində qəfil işə cəlb olunacaq işçi heyətinin telefon əlaqə vasitələri, işə çatma müddəti və vasitəsi, habelə digər mühüm məsələlərlə bağlı müntəzəm yoxlamalar aparılır.
İkinci vəzifə kimi, əsas tələbat və işçi sayına uyğun, xüsusi geyim dəstləri, fərdi mühafizə vasitələri, əmək alətləri və digər materiallarla təminat məsələləri həll olunub.
Üçüncü vəzifə - yol təsərrüfatının qəza-bərpa sahəsi qışa hazır vəziyyətə gətirilib.
Dördüncü və ən əsas vəzifə kimi, park yollarının ərazisi, üfürücü qurğuların işlək vəziyyətdə olması yoxlanılaraq, hazır vəziyyətə gətirilib. Bu sahələrə, eləcə də depo və park yollarının izolə qovşaqlarına davamlı baxış keçirilir, çəpərləmə ləvazimatlarının, alət və avadanlıqların saz vəziyyətdə olması müntəzəm yoxlanılır.
Ümumən, artıq qış mövsümünün planı qarın yağması barədə məlumatlardan asılı olmayaraq, profilaktik tədbirlərə uyğun müntəzəm yerinə yetirilir.
Qış tədarükü planına müvafiq, stansiyalarda giriş və keçid pilləkənlərindən qarın təmizlənməsi üçün hazırlıq yekunlaşdırılıb.
Birinci məsələ kimi, açıq havada keçid və giriş sahələrinin təmizlənməsinə operativ cəlb olunacaq işçi personalı müəyyən edilib. Onların hazırlığı, həmçinin iş planı ilə bağlı vəzifələr müəyyənləşdirilib. İşçi heyətə əlverişsiz hava şəraitində görüləcək işlərlə bağlı təlimatlar keçirilib.
İkinci məsələ kimi, alət və avadanlıqla, geyim dəstləri və fərdi mühafizə vasitələri ilə təchizat həll edilib. Pilləkənlərin və açıq hava səthlərinin buzlaşmasına qarşı hər stansiyanın duz ehtiyat fondu yaradılıb.
Üçüncü məsələ kimi, stansiyaların məsul işçi heyətinə qarlı-şaxtalı hava şəraitində nəzarət mexanizmləri və operativ qərarlar üçün tapşırıqlar verilib, dəvət ediləcək əlavə işçi qüvvəsi ilə bağlı göstərişlər müəyyənləşdirilib.
Qeyd edilənlər qarlı-şaxtalı günlərdə metropolitenin, həmişəki kimi, normal iş rejimi şəraitində fəaliyyət göstərəcəyinə əsas verir.