z

Bakı metropoliteninin nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

Bakı metropoliteninin nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

22 DEKABR / 2023 / 14:47

“Bakı Metropoliteni” QSC-nin nümayəndələri Rusiyanın Moskva şəhərində keçirilmiş ənənəvi “İntermetro” beynəlxalq elmi-praktiki konfrans və sərgidə iştirak ediblər. İstismar üzrə baş mühəndis Azad Mustafayev və “Bakımetrolayihə” institutunun şöbə rəisi Edqar Məmmədovun qatıldığı konfrans “Yeni texnologiyaların intensiv tətbiqi dövründə rels nəqliyyatının inkişafının perspektivləri”nə həsr olunub.
İki ildə bir dəfə keçirilən konfrans 10 ildən artıqdır ki, beynəlxalq səviyyədə metropoliten xidmətləri, MDB ölkələrində dəmir yolu nəqliyyatı rəhbərləri, layihəçiləri, eləcə də dəmir yolu nəqliyyatı üçün istehsalla məşğul olan qurumları bir araya toplayan və texniki yeniliklərin, texnoloji innovativ həllərin təqdim olunduğu yeganə sərgidir.
Bakı metropoliteninin nümayəndələri proqrama əsasən əvvəlcə plenar iclasda, daha sonra isə əlaqədar mövzular üzrə təşkil olunmuş seksiyaların işində yaxından iştirak edərək fikir mübadiləsi aparıblar. 
Konfransın növbəti günlərində dəmir yolu nəqliyyatı və şirkətlərin rəhbərləri əməkdaşlığın inkişafı üçün strateji yolları özündə birləşdirən yekun müşavirələr keçirilib. Təcrübə mübadiləsi, tətbiq edilən yeniliklər və onların səmərəsi xüsusi müzakirə mövzusu olub.
Azərbaycan nümayəndə heyəti Moskva metropoliteninin bu il istifadəyə verilmiş “Nijeqorodskoye” elektrik deposu və Kaluqa İqtisadi Zonasında da olublar. Depoda tətbiq edilən yeniliklərlə tanış olan Bakı metropoliteninin rəsmiləri rusiyalı həmkarları ilə müzakirələr aparıblar. Azad Mustafayevin sözlərinə görə kompozit şpalların istehsalı zavodunda istehsalatda istifadə edilən materiallar və istehsala buraxılan avadanlıqlarla tanışlıq və texniki müzakirələr kifayət qədər səmərəli olub. Bundan əlavə yeni depoda tətbiq edilən modelləşmə və müasir standartların tələblərinə uyğunlaşdırılma prosesi Bakı metropolitenin elektrik depolarında həyata keçirilən layihələrin müqayisəli təhlili baxımından əhəmiyyətlidir. Bu mənada yeniliklərin və planlama ardıcıllığı baxımından Azad Mustafayevin məlumatları və birgə layihələr üçün əməkdaşlıq perspektivləri konfrans iştirakçılarının diqqətini çəkib.
Konfrans və sərgidə əldə olunmuş təcrübə metropolitenin texniki mütəxəssis heyətinin müzakirəsinə təqdim olunub.