z

"Xocəsən" stansiyasının istifadəyə verilməsindən bir il ötür

"Xocəsən" stansiyasının istifadəyə verilməsindən bir il ötür

23 DEKABR / 2023 / 23:29

Bənövşəyi xəttin “Xocəsən” elektrik deposunun və həmin ərazidə eyniadlı yerüstü stansiyanın istismara verilməsindən bir il ötür. Metropolitenin sayca 27-ci və 2-ci yerüstü stansiyası 2022-ci il dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılıb və həmin gündən ilk sərnişinlərini qəbul edib.
İki mərtəbəli, ümumi sahəsi 4204.53 m2, uzunluğu 165 metr olan stansiyası kompleksinin layihə və memarlıq işləri “Bakı Metropoliteni” QSC-nin “Bakımetrolayihə” İnstitutu tərəfindən hazırlanıb.
Stansiyanın vestibülü sərnişin avtomatikası, o cümlədən, sərnişinlərin ödəniş avtomat nəzarət-buraxılış məntəqəsi və xidməti otaqlardan ibarətdir. Vestibüldən sərnişin platformasına qədər 59 metr uzunluğunda keçid dəhlizi inşa olunub. Sərnişinlərin platforması ikinci səviyyədə yerləşir. Bura sərnişinlərin çıxıb-düşməsi üçün pilləkənlərlə yanaşı, Almaniyanın “Thyssen Krupp” şirkətinin istehsalı olan “Tugela FT-945” tipli iki müasir eskalator quraşdırılıb. Eskalatorun qalxma hündürlüyü, lentinin uzunluğu 12 metrdir.
Sərnişinlərin rahatlığı məqsədilə həm qapalı, həm də açıq gözləmə zalları var. İkinci mərtəbədə xidməti personalın otaqları da yerləşdirilib. Stansiya yolunu açıq hava şəraitindən xüsusi çətir qoruyur. Bununla həm açıq hava şəraitində qatar gözləyən sərnişinlər, həm də stansiya yolu, platforma və platformaaltı infrastruktur yağmurdan və digər müvafiq atmosfer təsirlərindən qorunur.
Bənövşəyi xətt 7 vaqonluq qatarların hərəkəti üçün nəzərdə tutulduğundan xəttin sayca 4-cü stansiyasının platforması da 144 metr uzunluğundadır. Məhz bu stansiya istismara verilərkən xətt üzrə yeddivaqonluq qatarların hərəkəti təmin edilib.
Qatarların Bənövşəyi xətt üzrə “Xocəsən” stansiyasına və əksinə hərəkəti xüsusi cədvəllə təmin olunub. Cədvəllər metropolitenin rəsmi internet saytında da yerləşdirilib. 2022-ci il dekabrın 23-dən cari il noyabr ayının sonuna qədər stansiyaya 652 min 40, yaxud orta statistik hesabla gün ərzində 1895 sərnişin daxil olub. Stansiyanın ən çox sərnişin qəbul etdiyi gün mart ayının 22-si olub – 4788 sərnişin. Ən az sərnişinin daxil olduğu gün isə, 834 nəfər olmaqla, açılış günü daşıma göstəricisidir.