z
24 DEKABR / 2023 / 14:04
“Mən bunu edəcəyəm və güman edirəm ki, məndən sonra gələn insanlar da bunu mütləq etməlidirlər” uzaqgörənliyi ilə onilliklər öncəni proqnozlaşdıran Ümummilli lider Heydər Əliyevin Bakı metropoliteni ilə bağlı dediyi bu ifadə özündən sonrakı nəsillərə vəsiyyət idi. Bəli, 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndərin vəsiyyətinə əməl olunur və Onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi dövründə bunu əyani müşahidə etmək olar.
Ənənələrə sədaqətlə
2000-ci illər Azərbaycanda sürətli iqtisadi yüksəlişin təməlinin qoyulduğu dövrə çevrildi. Bu yüksəliş konsepsiyasının təməli sosial-iqtisadi inkişaf strategiyası oldu. Onun tərkib hissəsi kimi paytaxtımızın aparıcı ictimai nəqliyyat növü – metropoliten də məhz inkişafının yeni mərhələsinə qədəm qoydu. İlk əvvəl mövcud infrastrukturun möhkəmləndirilməsi kimi vəzifələr həllini tapdı. Bu xüsusda 2004-2011-ci illərdə “Metrovaqonmaş” müəssisəsindən 116 vaqon alındı. Bununla həm metropolitenin vaqon parkı artmaqda olan sərnişin tətləbatını ödəməyə başladı, həm də əsaslı şəkildə gündəlik ehtiyacları ödəmək üçün ehtiyat qatarlar fondu da yarandı.
Bu dövrdə stansiyalarda və həm də qatarlarda videomüşahidə kameralarının tətbiqi, yeni ödəniş sistemi, hərəkətin təşkili və tənzimlənməsi avadanlıqları və sistemlərinə keçid, mövcud stansiyaların modernləşdirilməsi də diqqət çəkdi. 2006-2011-ci illərdə dövlət büdcəsindən ayrılmış 600 milyon manata yaxın vəsait hesabına 2008-ci ildə “Nəsimi”, 2009-cu ildə “Azadlıq prospekti” və 2011-ci ildə “Dərnəgül” stansiyaları istismara verildi.
Faktlar nə deyir
1 depo, 7 stansiya və 2 ikinci giriş-çıxış inşa olunub, 5 stansiya tamamilə yenidən qurulub.
Ümumən 231 (2003-2011-ci illərdə 116 vaqon, 2015-2022-ci illərdə 115 yeni nəsil vaqonu) alınıb.
8 yeni yarımstansiya inşa olunub, 5 yarımstansiya tamamilə yenidən qurulub.
Eskalatoların 80 faizi yeni nəsil avadanlığıdır.
Depo yollarının 70 faizi dəmir-beton şpallara üzərinə keçirilib.
Artıq o zaman yetişmidi ki, metropolitenin stansiyalarının normativlərə uyğun yenidən qurulması və əsaslı təmiri gündəliyin məsələsinə çevrilmişdi. 2008-ci ildə “İçərişəhər”, 2011-ci ildə “Koroğlu” stansiyaları modernləşdirildi. Mühüm əhəmiyyətli məsələ kimi dərin özüllü stansiyaların ikinci çıxışlarının tikintisi də aktuallaşırdı. Giriş-çıxışı ildən ilə artan “28 May” stansiyasında ikinci giriş-çıxışın inşası bu işlərin başlanğıcı oldu.
Yeni dövrə keçidin başlanğıcı
Metropoliten üçün ən mühüm qərarlardan biri yeni perspektiv inkişaf planının hazırlanması idi. 2008-ci ildə noyabrın 10-da dövlət başçısının Sərəncamı ilə araşdırma, təhlil və planlaşdırma işlərinə başlanıldı, tender əsasında yaradılmış beynəlxalq konsorsium müfəssəl sosial-iqtisadi təhlillər apardı. Sərnişinlər arasında sorğu keçirildi və tələbat, o cümlədən sərnişin axınının istiqamətləri müəyyən edildi. Yekunda 14 layihədən 4-ü ən münasib variant kimi, ümumi müzakirəyə çıxarılaraq, 2010-cu il noyabrın 4-də Azərbaycan Prezidentinin iştirakı ilə geniş müşavirədə müzakirə edildi. Təklifə əsasən, metropoliten yeni 3 xətt inşa olunmaqla stansiyalarının sayı 76-a, xətlərin ümumi uzunluğunun 119 kilometrə çatdırılması nəzərdə tutulurdu. 2011-ci il martın 18-də dövlət rəhbərinin Sərəncamı ilə metropoliten xətlərinin konseptual inkişaf sxemi təsdiq olundu.
Bütün bunlar iqtisadi inkişafın Azərbaycan modelinin ilk töhfələri idi. Sadəcə, bazar iqtisadiyyatının köklü şəkildə ölkə həyatına daxil edilməsi deyil, sosial əsaslı və düşünülmüş layihələr, bu xüsusda Azərbaycanın tarixi-coğrafi mövqeyi, milli potensialı, sənaye xüsusiyyətləri ilə uzlaşdırılması bu modelin təməl prinsipləridir. Bu yüksəliş metropolitenin inkişafında yeni mərhələnin təməlini qoydu. Azərbaycan iqtisadiyyatının özünəməxsus modelinin daha bir nümunəsi kimi 2014-cü il fevralın 27-də ölkə başçısının Sərəncamı ilə Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı.
“Bu gün yeni texnologiyalar tətbiq olunur. Biz Azərbaycanda, Bakıda bu texnologiyalardan istifadə etməliyik. Əvvəlki təcrübə çox qiymətlidir. Ancaq bugünkü təcrübə, əlbəttə ki, həm işlərin daha da böyük səmərə ilə görülməsinə xidmət göstərəcək, həm də maksimum keyfiyyət təmin olunacaqdır”, - deyən Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələr qərarın mahiyyətində də əksini tapmışdı. Yeni dövrün əsas tələblərinə cavab verən daha çevik bir müəssisə qurulmalı, dünya təcrübəsini öyrənməklə müasir standartları tətbiqinə başlanılmalı, texnoloji yeniləşməni sürətləndirərək innovativ düşüncə tərzi həddinə çatdırılmalı idi.
Yeni xətt – yeni ideyalar dövrünün başlanğıcı
10 ilə yaxın müddət ərzində atılmış addımlar dövlət başçısının seçdiyi kursun nə qədər doğru olduğunu əyani nümayiş etdirir. 2016-cı il aprelin 19-da Azərbaycan Prezidenti Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının açılışında iştirak etdi. Bu stansiyalar dövlət başçısının qarşıya qoyduğu ən mühüm vəzifələrin həyata keçirilməsinin əyani nümunəsi idi. İlk növbədə, 2008-2011-ci illərin araşdırmasının və təhlillərin nəticəsi olaraq, şəhərin gələcək inkişaf tələbləri və sərnişin axınının artması nəzərə alınmaqla, xətt 7-vaqonlu qatarlar üçün hesablanmış platformaları olan stansiyalardan ibarət olmalı idi. Artıq metropoliten də sosial ədalət prinsiplərini əsas tutaraq, liftlərlə və uzun keçidləri olan stansiyalarda bu mənada – “Avtovağzal” stansiyasında travolatorlarla təchiz edildi. Gələcəkdə xəttin inşası davam etdirildikcə, idarəetmə sistemində ən müasir SCADA və qatar hərəkətinin təşkilində CBTC sistemləri quraşdırılacaq, bu istiqamətdə işlər aparılır.
2021-ci ildə xəttin cənab Prezidentin təşəbbüsü ilə 2020-ci ilin Zəfər tarixinin şərəfinə “8 Noyabr” adlandırılmış, 2022-ci ildə “Xocəsən” stansiyaları, eləcə də xəttin əsas təsərrüfat məsələlərinini həllində vacib olan “Xocəsən” elektrik deposu istifadəyə verildi. Hazırda xəttin şərti adı “B-04” stansiyası inşa olunur və 2025-ci ildə istismara veriləcək.
Yeni xətlərin innovativ texnologiyalarından bəhs edəndə, bütünlüklə ən müasir dünya təcrübəsinin hər sahədə tətbiqindən danışmaq lazımdır. Yollar dəmir-beton bloklarla təchiz olunur, elektrik təchizatında, qatarların hərəkətinin təşkili üçün mühüm olan işarəvermə, rabitə sahələrində müasir texnologiyalar və innovativ düşüncə tərzinin əsas götürülür. Yeri gəlmişkən, bu xətdə Avropa və postsovet məkanında ilk dəfə 35 kV-luq yarımstansiyalar qurulub. Metro tunellərində yeni tipli dəmir yolu anlayışı kimi dəmir-beton bloklardan istifadə edilməsi üçün metropolitenin mövcud infrastrukturundakı dəmir-beton konstruksiyaları sahəsi tamamilə əsaslı şəkildə yenidən qurulub. Burada Almaniyanın “Vollert” texnologiyaları əsasında yeni dəmir-beton blok sex inşa olunub. Bununla həm də “Made in Azerbaijan” brendinin yaradılması ilə bağlı daha bir sahəyə töhfə verilib. İndi metropolitenin “Xocəsən-Avtovağzal”, “Memar Əcəmi-B-04” sahələrində yollar artıq bu üsulla qurulub. “Nərimanov” elektrik deposunda qatarların sınaq yolu, “Elmlər Akademiyası”, “Xətai”, “Cəfər Cabbarlı” stansiya yolları, eləcə də “Cəfər Cabbarlı-Xətai” mənzil tunellərindən birində 500 metrlik hissə dəmir-beton bloklar üzərindədir. Bu yollarda Vossloh-300 UTS” bəndləyicilərindən istifadə olunur.
Köhnə infrastrukturun zəruri yenilənməsi də texnoloji innovasiya meyarıdır
Təbii ki, inşaat işləri ilə yanaşı, qeyd etdiyimiz kimi onilliklər ərzində istismarda olan stansiyaların yenidən qurulması çox vacibdir. Bu, təkcə xarici görünüş deyil, infrastruktur yenilənməsi deməkdir. Ən əsası, faktiki stansiya inşası sayılmasa belə, buna yaxın bir iş deməkdir. “İçərişəhər” və “Koroğlu”dan sonra “28 May”, “Sahil”, “Xətai”, “Bakmil” stansiyaları da ən müasir tələblər səviyyəsində yeniləndi. Bu, dərin özüllü stansiyalarda 3 eskalator əvəzinə 4-ü quraşdırılmaqla, sərnişin təhlükəsizliyi və artan tələbat xüsusi olaraq qarşılandı. 2015-ci ilin sonunda isə “28 May” kimi dərin özüllü və ən giriş-çıxışlı stansiyadan sonra elmi-tədris, mühüm dövlət müəssisələrinin yaxınlığında olan “Elmlər Akademiya”sının da ikinci giriş-çıxışının tikintisi, burada axşam saatlarında sərnişin sıxlığının ən mürəkkəb durumunda problemlərin tam həllinə gətirib çıxardı. Bundan sonra stansiyanın əsas vestibülü memarlıq üslubu qorunmaqla yenidən quruldu və eskalatorları yeniləndi.
Faktlar nə deyir
- 2 yol mənzilində, 3 stansiyada və sınaq yolunda metropolitenin öz istehsalı olan dəmir-beton bloklar tətbiq edilib.
- Öz sahəsində dünyada nadiq qurğulardan biri kimi çoxfunksiyalı diaqnostika kompleksi istifadəyə verilib.
- 21 dizel-generator ilə elektrik təchizatı dayandıqda, metropolitenin fəaliyyətini davam etdirməsinə şərait yaradılıb.
- Gediş haqqının ödənilməsinin ictimai nəqliyyatda vahid sisteminə keçilib.
- “Əlçatan metro” layihəsi ilə metrodan istifadə imkanları məhdud insanların daşınması təşkil edilib.
Ötən müddət ərzində “İnşaatçılar” və “20 Yanvar” stansiyalarında eskalatorlar dəyişdirilməklə, keçid və vestibülləri yenidən qurulub. “Gənclik” və “Nərimanov”, eləcə də Bənövşəyi xəttin “Memar Əcəmi” stansiyalarının keçidləri əsaslı təmirdən sonra əsl sərgi mərkəzinə çevrilib. Burada ölkə və dünya mədəniyyəti üçün ən əhəmiyyətli mövzulara həsr olunmuş rəsm və foto qalereyalar təşkil edilərək ictimaiyyətin diqqətini çəkir. Bununla yanaşı, “Xalqlar dostluğu”, “Neftçilər” və “Qara Qarayev” stansiyalarının da keçidləri əsaslı təmir olunub.
“Nizami” stansiyasının platforması da görkəmini tamamilə dəyişib. Stansiya pilonları davamlı inşaat materiallarından istifadə olunmaqla təmir olunub, Nizaminin ölməz “Xəmsə”sinin mövzusunda işlənmiş pannolar bərpa edilərək yenidən əvvəlki görkəmi ilə həyata qaytarılıb.
Hazırda bir yolu tam yenidən qurulmuş “Cəfər Cabbarlı” stansiyasının digər yolunda işlər sürətlə yekun mərhələyə doğru irəliləyir.
Yeni vaqonlar - gələcəyi gətirən qatarlar
2015-ci il aprelin 16-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə metropolitendə, xüsusən də yeni xətlərdə istismar olunacaq ilk 3 yeni nəsil qatarı istismara verildi. Avtoidarəetmə imkanlı 4-cü nəsil qatarlar kondisionerləşdirmə, mikroiqlim tələblərinə cavab verməsi, müasir elektron və informasiya sistemləri və kompüter idarəetməsinin təchizatı ilə yanaşı, “Bakı Metropoliteni” QSC-nin texniki-iqtisadi əsaslandırma irəli sürdüyü və bir sıra təklifləri də nəzərə alınaraq istehsal olunmuşdu. Bu hərəkət tərkiblərinin vaqonlarında bir-birinə keçidin və gətirilən sonrakı dövrün vaqonlarında qapıların daha geniş olması sərnişin tutumunu artıran, ən əsası, onun minib-düşmə imkanlarının sürətləndirən amillərdən idi. Tutacaqların məhz yerli sərnişindaşıma tələbləri nəzərə alınmaqla quraşdırılması, əlil arabaları, yük üçün zonaların olması, USB panellər, müasir və qənaətli işıqlandırma, elektron informasiya panelləri və s. çoxsaylı üstünlüklər gələcəyə doğru addımların siqnalıdır. Bu gün metropolitendə 23 yeni nəsil qatarı və ya 115 vaqon var. Bu isə vaqon parkının 30 faizdən çoxunun yenilənməsi deməkdir.
2018-ci, 2019-cu və 2022-ci ildə gətirilən yeni nəsil qatarları ilə də Azərbaycan Prezidenti şəxsən tanış olub.
Bu gün metropolitenin, demək olar ki, bütün qatarları müasirləşdirilir. Sərnişindaşıma və texniki təhlükəsizliyin, müasir idarəetmə sistemlərinin tələblərinə cavab verən sistemlər əvvəlki nəsil qatarlarda da quraşdırılır. Bütün bunlar üçün buna qədər vaqonlar ölkə xaricinə çıxarılırdı. Buna çəkilən yol, gömrük, nəqliyyat, təmiri həyata keçirənin imkanları və şərtləri də daxil olmaqla, orta və əsaslı təmir olunan vaqonlara çəkilən xərclərə böyük təsir edirdi. 2014-cü ildən pilot layihə kimi yerli şəraitdə başlanan bu işlər 2017-ci ildən ən müasir sexdə həyata keçirilir. Nəticədə, 6 il ərzində 20-yə yaxın qatarın bu qayda ilə modernləşdirilməsi metropolitenə əsaslı qənaətə nail olmağa imkan verib. Lakin ən əsası, bununla ən müasir yeniliklər daha səmərəli və keyfiyyətli şəkildə qatarlarda tətbiq edilir. Bununla yanaşı, maddi-texniki bazanın yenidən qurulması, cari təmir, xidmət və qulluq üçün ehtiyat hissələri bazasının yaradılması, depoda aparılan yenidənqurma işləri zamanı əmək şəraiti, yeni imkanlar da sözünü deyir. Bu gün Bakı metropolitenində yeni nəsil vaqonların təmir bazası yaradılmaqla, bunu icra edən mütəxəssislər korpusu yaradılıb. Depoda cari təmir sexi və bura daxil olan bölmələr, qatarların dayanma, baxış-təmir sahələri ən müasir tələblər səviyyəsinə çatdırılıb. Mikroiqlim və kondisioner sisteminə qulluq üçün lazım olan infrastruktur qurulub. Bu xüsusda vaqonların təmiri prosesinin avtomatlaşdırılması, qatarların qaçış məsafəsinin hesablanması kimi idarəetmə sisteminin avtomatlaşdırılması böyük keyfiyyət dəyişikliyinə gətirib. Tarixi əhəmiyyətli yenilik mühərriklərin təmiri sexlərinin yaradılması və burada 20-dən artıq dəzgah, stend və avadanlığın quraşdırılması ilə bu prosesin də tənzimlənməsi və müasirləşdirilməsidir. Bu gün metropolitendə olan təkcə qatarların deyil, eskalator, ventilyator, su təsərrüfarı və digər sahələrin mühərrikləri, eləcə də elektrik avadanlıqlarının təmiri bazası ölkədə ən nümunəvi standartlar səviyyəsində yenilənib.
Bütün bunlar son illərdə sürətlə artan sərnişin sayına rəğmən, qatarların növbədənkənar xətdən çıxarılmasının əsaslı şəkildə azalmasının əsas səbəbidir.
İdarəetmənin və monitorinqin ən müasir sistemləri
Ötən müddətdə metropoliten infrastrukturunun idarə olunmasında ən əhəmiyyətli sistem olan dispetçer mərkəzləri yeni dövrün texnoloji tələblərinə uyğun yeni əsaslar üzərinə keçirilib. Bu xüsusda Bənövşəyi xəttin mərkəzləşdirilməsinə keçilməsi ilə yanaşı, gələcəkdə digər xətlərin bu qayda ilə optimallaşdırılmasına zəmin hazırlanıb. Bu xüsusda hər iki elektrik deposunda unikal layihə əsasında 5-mərtəbəli mərkəzləşmə məntəqə binasının inşa olunmasını qeyd etmək lazımdır. Sonuncu mərtəbədə olan dispetçer funksiyalı növbətçi nəinki ən müasir texnoloji imkanlarla, həmçinin hava limanları sistemində olduğu kimi, vizual nəzarəti əyani həyata keçirir. Videomüşahidə. İşarəvermə sistemlərinin müasir işçi yerləri burada cəmləşib. Ümumiyyətlə, Bakı metroipolitenində tunellər nəzərə alınmaqla, fiberoptik kabelləşmənin sürətlə və tam aparılması Bakı metropoliitenində bütün idarəetmə sistemlərinin ən müasir analoqlarına keçirilməsinə şərait yaradıb. Nəticədə, dispetçer mərkəzlərində avtromatlaşdırılmış sistemlərlə təkcə qatarlar deyil, mühəndis-texniki qurğuların da idarə edilməsinə başlanılıb.
Faktlar nə deyir
- Qrunt sularından şəhərin texniki su təchizatında, yaşıllıqların suvarılmasında istifadəsinə başlanılıb.
- Dəmir-beton blokların istehsalı, dəmir-beton şpalların tətbiqi ilə yüksək səmərə və müasir yol infrastrukturuna keçid başlanıb.
- “Nərimanov” elektrik deposunda ən müasir vaqonların təmiri bazası qurulub, mövcud təmir-baxış sahələri yenilənib.
- Elektrik mühərriklərinin, elektrik avadanlıqlarının təmiri məqsədilə ən müasir standartlı sahə yaradılıb.
- Vaqonların orta və əsaslı təmiri, eləcə də modernləşdirilməsinə yerli şəraitdə ən müasir sahə qurulub.
Ən mühüm yeniliklərdən biri isə Bakı metropoliteninin bu sahədə mənbəyi olan çoxfunksiyalı universal diaqnostika kompleksidir. 2015-ci ildə Azərbaycan Prezidentinin iştirakı ilə təqdim olunmuş bu kompleks elə həmin ilin dekabrında Moskvada mötəbər beynəlxalq konfransda “dünyada analoqu olmayan” kimi qiymətləndirilib və bu gün də öz analoqları arasında xüsusi seçilir. Onun sayəsində metropolitendə tətbiq edilmiş yeniliklər artıq bir çox dünya metropolitenlərinin də diqqətini cəlb edib. Burada 40-dan artıq parametr, 100-dən artıq ölçmə sayəsində nəinki yol infrastrukrur, həmçinin rabitə, tunel geyimi, elektrik təchizatı, işarəvermə sistemləri, həmçinin hərəkətin təşkili və infrastrukturla bağlı əsas sahələr bir vaqon-laboratoriya ilə ən müasir texnoloji tələblər səviyyəsində araşdırılır, nəticələr təhlil edilir və tədbirlər görülür. Bu isə təhlükəsizliyin və peşəkar xidmətin meyarıdır.
Mühəndis-texniki yeniliklər təhlükəsizlik, xidmət və inkişafa zəmanətdir
Metropoliten ağır texnoloji, xüsusən mühəndis-texniki qurğu və sistemləri özündə ehtiva edən infrastruktur nəhəngidir. Bu gün metropoliten yollarında tətbiq edilən dəmir-beton bloklarla yanaşı, metropoliten yollarının ən böyük hissəsini təşkil edən depo yollarında ağac şpalların 70 faizdən artığının beton şpallarla əvəzlənməsi, yoldəyişdirici qurğuların və onların çevirici tirlərinin xüsusi layihə əsasında dəmir-beton özül və əsaslara keçrilməsi də xüsusi qeyd oluna bilər. Eskalatorların 80 faizdən çoxu isə artıq müasirləşdirilib və dünya analoqları səviyyəsindədir.
Bakı metropoliteninin innovativ yeniliklərinin ən böyük texniki göstəricisi və gələcəyə addımların başlanğıcı depoda “ox sayğacı” bazasında qatarların hərəkətinin idarəetmə sistemlərinin qurulmasıdır. Bu çoxsaylı elektromexaniki qurğuların əsaslı azaldılması, onlara qulluğun rahat olunması ilə yanaşı, qatarların hərəkətinin maksimum təhlükəsiz sistemə keçirilməsidir.
Təkcə son 3 ildə 23 yeni güclü sənaye ventilyatorunun tətbiq edilməsi ilə tunellərdə havanın hərarəti, xüsusən yay fəslində 2-3 dərəcə aşağı salınıb. Əvvəlki analoqlarından 2-3 dəfə güclü, bir mərkəzdən müasir idarəetmə sisteminə malik ventilyatorlar yanğın təhlükəsizliyi baxımından xüsusi seçilir və bu mənada operativlik bir neçə dəfə yüksəlib. Ən mühüm yeniliklər isə tezliklə daha intensiv aparılmaqla bu prosesi sürətləndirəcək. Hazırda yeni yanaşma qaydası ilə, Yaşıl və Qırmızı xətlərdə 15 təbii havalandırma qurğusunun tətbiq edilməsinə başlanılıb. Bu isə ventilyatorların iş qrafiki ilə uzlaşdırılmaqla, vahid idarəetmə sistemini əlavə etsək, texniki optimallaşmaya aparan qüvvə olacaq.
Elektromexaniki qurğulardan bəhs edərkən, birini xüsusi qeyd etmək lazımdır. 2020-ci ildə cənab Prezident İlham Əliyevin su təsərrüfatı və sudan qənaətlə istifadə ilə bağlı keçirdiyi müşavirədə verdiyi tapşırığa əsasən, Bakı metropoliteninin “Elmlər Akademiyası-Nizami” mənzilindəki tunellərdə yığılan qrunt suları şəhərin texniki su ehtiyaclarında istifadə olunur. Xüsusən yaşıllıqların suvarılmasında effektiv olan bu layihənin genişləndirilməsi gündəmdədir. Bakı metropoliteni aidiyyəti qurumlara bütün şəraiti yaratmağa hazır oldğunu bildirib və onun bir nümunəsi “Ulduz” stansiyası yaxınlığında hazırlanır.
Korroziya ilə mübarizə, mikroiqlim nəzarəti sahəsində yeniliklər ən müasir ölçmə avadanlığı və laboratoriyanın tətbiqi, eləcə də yeni yanaşma ilə bütün dünya üzrə monitorinqin aparılması ilə ən müasir üsullarla hazırlanan boyaq maddələrinin tətbiqini xüsusi qeyd etmək lazımdır. Bakının ağır hidrogeoloji şəraitində tunellərin, sadəcə. Nəzarətdə saxlanması da böyük fədakarlıq və peşəkarlıq tələb edir. Bu mənada tunel geyiminin sağlamlığı, onun arxasındakı mühitin müntəzəm öyrənilməsi və məhlulvurmanın daim aparılması bu mənada metropolitenə innovativ yeniliklərlə olmasa da, ən vacib infrastruktur məsələlərindən biridir.
Başqa sözlə, metropoliten yalnız yeni stansiyaları ilə inkişaf etməməlidir. Mövcud infrastrukturun qorunub saxlanması və onun innovativ texnologiyalarla yenilənməsi də bu gün sərnişinə xidmət mədəniyyəti, təhlükəsizlik tələbləri və texniki səmərə baxımından vacibdir.
İnsan kapitalına yeni yanaşma texniki modernləşmənin zəmanətidir
Əlbəttə, insan resurlsarına yeni yanaşmalar, müasir dövrün tələbləri, texoloji yeniləşmənin standartlarına uyğun münasibət formalaşdırılmadan nailiyyətlərdən danışmağa dəyməz. Bakı metropoltenində əsas vəzifə sərnişindaşıma fəaliyyətini təşkil etməkdir. 5000-ə yaxın işçisi olan müəssisədə 140-dan artıq peşənin nümayəndələri, mütəxəssisləri çalışır. Sayı onlarla olan sahələrin hər birinin istər insan resurslarının işə cəlb edilməsi, istərsə texniki normativlər baxımından tələblərinin fərqli olmasına rəğmən bu nəqliyyat infrastrukturunun bütün sahələrinin fəaliyyəti bir-biri ilə harmonik bağlıdır.
2019-cu ildə ən müasir formatda yenidən qurularaq istifadəyə verilən Təlim-tədris mərkəzi metropoliten tarixində ən əhəmiyyətli layihələrdən biridir. 2014-cü ilin sentyabrından qurulmasına başlanılan mərkəz artıq elm-təhsil, innovativ düşüncə tərzinin tətbiq edildiyi tədris və təlim ocağına çevrilib. Burada ölkənin aparıcı tədris ocaqları ilə münasibətlərin formalaşdırılmasının da yeni dövrü başlanıb. Bu xüsusda birbaşa ünsiyyət, praktiki əlaqələrlə yanaşı, “Təcrübəçi” layihəsi kimi əmək fəaliyyətində təcrübəsi olmayan gənclərə verilən dəstək xüsusi diqqət çəkir. Həmçinin “Davamçılar” layihəsi çərçivəsində gənc kadrların gələcəkdə idarəetmə işlərinə cəlb edilməsi də xüsusi qeyd oluna bilər.
Faktlar nə deyir
“Nərimanov” elektrik deposunda ox sayğacı bazasında qatarların hərəkətinin təşkili sistemi qurulub.
Hər iki depoda unikal layihə əsasında dispetçer idarəetmə mərkəzi yaradılıb.
Təlim-tədris mərkəzinin yaradılması və yenidən qurulan binanın bu məqsədlər üçün uyğunlaşdırılması metropoliten tarixinin ən böyük layihələrindəndir.
Stansiyalar əhəmiyyətli sosial və korporativ sosial layihələr məkanına çevrilib. Əlamətdar günlər, tarixi hadisələrlə bağlı layihələr, ən əsası, 3 stansiyada sərgilər metropolitenin yeni imicinin tərkib hissəsidir.
Həyata keçirililən kadr islahatları, optimallaşdırma və insan kapitalı layihələri yeni dövrün çağırışlarının təzahürüdür.
8 xüsusi guşə, texniki kabinetlər, avtomatlaşdırılmış imtahan sistemi, 20 maket, 100-dən artıq əyani və elektron vəsaiti cəm edən mərkəzdə yeni nəsil maşinistlərin hazırlığı prosesi uğurla həyata keçirilir. 2018-ci ildən burada maşinistlər inqilabi yeniliklərlə cəmi 6 ay nəzəri və praktiki biliklərin mənimsənilməsi ilə hazırlanır. Ötən müddətdə bu kursun 70-ə yaxın müdavimi maşinist karyerasını qurmağa başlayıb. Hərçənd əvəllər bu prosesə 3-5 ilə vaxt sərf olunurdu. İndi maşinist peşəsi qadınlar üçün də açıqdır. Kursları bitirən 20-dən çox maşinist həm də köhnə nəsil qatarları idarə etməyə başlayıb. Onlar bunun üçün tələb olunan nəzəri və praktiki bilikləri, peşə vərdişlərini qısamüddətli kurslarda, yerli şəraitdə modernləşdirilən qatarların bütün funksional idarəetmə prinsipləri əsasında “Nərimanov” deposunda qurulmuş trenajorda əldə edirlər.
Sosial layihələr metropolitenin yeni simasıdır
Bu gün metropolitenin simasını daha çox dəyişən layihələr sosial xarakterli yenilikləridir. 20-dən artıq sahədə 64 müxtəlif kateqoriya üzrə əlilliyi olan əməkdaş çalışır. Onlardan 18 nəfəri I və II Qarabağ müharibələrində qazilik dərəcəsinə yüksəlmiş və əlilliyi olan əməkdaşlardır. Bu xüsusda qeyd edilməlidir ki, 2022-ci ilin may ayında ölkədə ilk dəfə məhz “Bakı Metropoliteni” QSC və Metropoliten İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə müəssisədə çalışan şəhid ailə üzvləri və hər iki Qarabağ müharibəsi veteranlarını ətrafında cəmləyən yardım Mərkəzi yaradılıb. 350-yə yaxın əməkdaşı ətrafında cəmləyən bu Mərkəz Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Onun büdcəsi əsasən iki təşkilatın ianələri əsasında formalaşır. Mərkəzin İdarə heyətində 7 üzv var. Səhmdar Cəmiyyətin sədr müavini və Həmkarlar İttifaqının sədri ilə yanaşı digər 5 üzv məhz bu mərkəzin ümumi yığıncağında tam şəffaf şəkildə və yalnız müharibə veteranlarının səsverməsi ilə seçilmiş üzvlər daxil edilib. İki ayda bir dəfə Mərkəzin İdarə heyəti üzvlərdən daxil olan müraciətlərə baxaraq yardımlar verir. Fəaliyyət göstərdiyi bir ildən bir qədər artıq müddət ərzində Mərkəzə 182 müraciət daxil olub və ümumilikdə 104 min 475 manat yardım ayrılıb.
Təkcə işə qəbul və iş yerləri ilə bağlı deyil, bu gün ən kütləvi sərnişindaşıması olan ictimai nəqliyyat növlərindən biri kimi metropoliten, ictimaiyyət arasında xüsusi mövqeyi və diqqətçəkən təsir imkanları da nəzərə alınmaqla, əhalinin hər bir kateqoriyasından olan sərnişinlərə xidmət göstərmək üçün potensialında olan texniki və insan resurslarını səfərbər edib. Metropolitenin yeni – Bənövşəyi xəttinin 3 yeraltı stansiyası liftlərlə təmin edilib və bundan sonra xətt üzrə inşa olunacaq bütün stansiyalar da liftlərlə təchiz ediləcək. 2018-ci ildə “Bakı Metropoliteni” QSC postsovet və dünya ölkələrinin şəhərlərində olan metropolitenlərin təcrübəsi əsasında geniş araşdırma apararaq metropolitendə müvafiq xidmətin təşkilinə başladı.
Qısa müddətdə əvvəlki illərdə istehsal olunmuş qatarların baş vaqonlarında əlil arabalarının daşınması üçün şərait yaradildı. Onu da qeyd edim ki, 2015-ci ildən alınan qatarların baş vaqonlarında artıq sifariş zamanı əlil arabası, eləcə də yüklərin daşınması üçün çoxfunksiyalı yerlər layihələndirilir və istehsal olunur. Bu, istehsalçı qarşısında məhz Bakı Metrosunun texniki şərtidir. 2019-cu ilin mart ayından “Əlçatan metro” layihəsi işə salınıb. Bu fiziki imkanları məhdud sərnişinlərin, ümumiyyətlə, deyərdim ki, metropolitenə enə bilməyən hər bir kəsə metrodan istifadə imkanlarını yaradan bir xidmətdir.
Bütün bunlar metropolitenin cəmiyyətdə sosial rolunu artıran layihələrlə xüsusi cizgilər qazanır. Bu mənada Azərbaycan Prezidentinin tapşırığı ilə Bakı metropoliteninin kütləvi nəqliyyat vasitəsi olmasından istifadə etməklə bir çox korporativ sosial məsuliyyət proqramları, sosial layihələr həyata vəsiqə qazanıb. Bu gün “Gənclik” və “Nərimanov” stansiyalarında keçirilən sərgilər, Novruz və Yeni il şənlikləri, Uşaqların beynəlxalq müdafiəsi, Bilik, Musiqi günləri, ölkəmizdə beynəlxalq nüfuzlu qurumların, səfirliklərin xətti ilə təşkil edilən layihələr və bir sıra digər tədbirlər, həmçinin maarifləndirmə, təbliğat və əsas məsələlərin daim gündəmdə saxlanılması baxımından ən əhəmiyyətli platforma məhz metropolitendir.
Bütün bunlarla yanaşı, işçilər də korporativ sosial məsuliyyət layihələrindən kənar qalmır. Metropolitenin Bilgəh qəsəbəsindəki istirahət mərkəzi ildən-ilə yenilikləri ilə diqqət çəkir. Burada işçilərin ailə üzvləri ilə birlikdə yollayış əsasında əsaslı güzəştlərlə istirahətini və asidə vaxtını keçirməsi təmin edilir. “Nərimanov” elektrik deposunun ərazisindəki yaşıllıqlar daha səliqə-sahmanla qurulmaqla parklara evrilib, yeni əkilən ağaclar və kollarla belə istirahət guşələrinin sayı artırılıb. Həmçinin avtomobillərin parklanması üçün bütün keçid-nəzarət qapılarının ərazisində şərait yaradılıb.
İşçilərə iaşə xidmətini təşkili ən nümunəvilərdən hesab oluna bilər. Nahar fasiləsi xüsusi güzəştlərlə həmkarlar ittifaqı və müəssisənin birgə əməkdaşlığı ilə həyata keçirilir. Burada birbaşa deyil, əmək haqqından tutlmaqla ödənilən sistemin tətbiqi, həmçinin müxtəliff sahələrdə qidalanmanın təmin edilməsi də qeyd olunmalıdır. Bununla bağlı müntəzəm monitorinqlər aparılır, keyfiyyətə nəzarət olunur.
Qeyd edilənlər haqqında söz açılması mümkün olan əhəmiyyətli yeniliklərin və xidmətlərin, sadəcə, bir qismidir. Lakin qarşıda daha böyük vəzifələr var. “Metroda görüləcək işlər çox olacaqdır. Bu, Bakıda yaxın illərdə həyata keçiriləcək ən əsas infrastruktur layihələrindən biri olacaqdır”, - deyən ölkə başçısının qayğı və diqqəti sayəsində Bakı metropoliteni inkişaf edəcək, böyüyəcək.
Ümumiyyətlə, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla irəli aparılan iqtisadi-siyasi inkişaf kursunun təməlini məhz hər şeyin insanların, Azərbaycan xalqının rifahı və rahatlığı üçün olması təşkil edir.