z

“Şaxta baba Şaxtacan, haradasan bu vaxtacan” sərgisi açılıb

“Şaxta baba Şaxtacan, haradasan bu vaxtacan” sərgisi açılıb

28 DEKABR / 2023 / 12:29

Bakı metropoliteninin çoxsaylı sosial layihələri sırasına daha bir sərgi də əlavə olunur. “İçərişəhər” stansiyasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə nümayişinə başlanılan retro vaqonlarla yanaşı, sərnişinlər zəngin məlumatlı “Şaxta baba Şaxtacan, hardasan bu vaxtacan” adlı sərgi ilə tanış ola biləcəklər.
Nümayişin əsas məqsədi izləyiciləri Yeni il bayramının əsas qəhrəmanı olan Şaxta babanın müxtəlif ölkələrdə olan həmkarları ilə tanış etmək, dünya xalqlarının illərin qovuşduğu günlə bağlı bir-birindən maraqlı adət-ənənələri ilə yaxından tanış etmək, onlara şən ovqat bağışlamaqla eyni məkanda cəmlənən məlumatlarını daha da zənginləşdirməkdir.
Sərgi yanvarın 5-nə qədər retro vaqonların nümayiş olunduğu platformada, yanvarın 5-dən 13-nə qədər isə “İçərişəhər” stansiyasının yuxarı vestibülündə nümayiş olunacaq.
Burada 31 stenddə müxtəlif ölkələrin yeni il personajlarının illüstrasiyaları və onlar haqqında məlumatlar yerləşdirilib. Personajlar sırasında qədim türk ellərinin qış rəmzi olan Ayaz baba, eləcə də Özbəkistan, Rusiya, o cümlədən Yakutiyanın, Monqolustan, Yaponiya, Çin, ABŞ, Finlandiya, Niderland, Almaniya, İsveçrə, İsveç, İtaliya, Belçika, Fransa və İslandiyada yeni ilin baş qəhrəmanları yer alır. Bundan əlavə Fransa və İsveçrədə Ari nənə və Amerika Yeni ilinin mənfi qəhrəmanı Qrinç obrazı da yer alır.
2 stend Şaxta babanın əsas vətəni sayılan Laplandiyaya və müxtəlif xalqlarda Yeni ilin gəlişi günü barədə məlumatlara həsr olunub
Daha 5 stenddə isə 39 ölkənin maraqlı, rəngarəng, hətta təəccüblü Yeni il adətləri barədə məlumatlar sərgi izləyicilərinin diqqətini çəkəcək.
İzləyicilər sərgi ilə tanışlığı daha sonra virtual olaraq davam etdirə bilərlər. Bunun üçün hər stenddəki QR kodlardan birini skan edərək mobil cihazın yaddaşında saxlamaq yetərlidir. QR kodlar sərgi ilə tanışlığı daha ətraflı davam etdirmək istəyənləri metropolitenin rəsmi saytının “Metrogallery” kataloqunun müvafiq bölməsinə yönləndirəcək.