z

“İçərişəhər” stansiyasında retro vaqonların növbəti nümayişinə başlanılıb

“İçərişəhər” stansiyasında retro vaqonların növbəti nümayişinə başlanılıb

28 DEKABR / 2023 / 13:06

“İçərişəhər” stansiyasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ən şox diqqətçəkən bayram hədiyyəsinin - retro vaqonların nümayişinə başlanılıb. Yanvarın 5-dək bayram ab-havasında bəzədilmiş bu vaqonlar qatarların hərəkət etmədiyi ikinci stansiya yolunda nümayiş olunacaq. Hər kəs qatarla tanış ola, burada xatirə şəkilləri çəkdirə və xəyalən keşmişə səyahət edə bilər.
Ən vacibi, izləyicilər bu vaqonlarda müxtəlif tarixi dövrlərdə Sovet və sosialist ölkələrinin metropolitenləri üçün istehsal olunmuş vaqonların keçdiyi tarixi inkişaf yoluna da müqayisəli nəzər sala bilərlər.
Qatarlar olan sahəyə giriş hər gün saat 10:00-dan axşam saat 22:00-a qədər açıq olacaq.
“A” tipli vaqon: Keçmiş SSRİ-nin ilk metro vaqonu 1934-cü ilin sonunda istehsal edilib. Sovet dövlətində ilk metropoliten SSRİ rəhbərliyinin iştirakı ilə 1935-ci il mayın 15-də Moskvada açılıb. Xəttə çıxan ilk qatarının tərkib hissəsi olan bu vaqonda SSRİ dövlətinin rəhbərləri də ilk sərnişinlər kimi səfər ediblər. Vaqonda oturmaq üçün 52, ayaq üstə dayanmaq üçün 120 yer var. Bu vaqon Bakı metropoliteni xətlərində sərnişin daşımasa da, dizaynı, maşinist kabinası, işıqlanma sistemi, oturacaqları və digər elementləri ilə diqqəti çəkir.
“Q” tipli vaqon: 1953-cü ilin istehsalı olan bu vaqon postsovet məkanında 1983-cü ildə xətdən çıxarılıb. Öz dövrü üçün texniki yeniliklərlə zənginləşdirilmiş bu vaqon artıq müasir dövrə yaxın çilçıraqları, lakin yumşaq oturacaqları ilə maraq doğurur.
Qeyd: Bu iki vaqon Bakı metropoliteni açılarkən sərnişindaşımadan çıxarılmışdı və onların Bakı metropolitenində maraqlı fəaliyyət sahəsi olub.Vaqonlar 1960-cı illərin sonunda metro xətlərinin yolölçən vaqon-laboratoriyasının tərkib hissəsi kimi infrastrukturun diaqnostikasına cəlb edilib. 2015-ci ildə Bakı metropoliteninin təqdim etdiyi layihə əsasında Rusiyanın TVEMA şirkəti ilə birlikdə unikal diaqnostika kompleksi qurularaq istifadəyə verilib və bu vaqonlar orijinal görkəmində bərpa olunmaqla muzey eksponatına çevrilib.
“E” tipli vaqon: 1959-cu ilin sonlarından istehsal olunmağa başlayan bu tipli vaqonlar Sovet İttifaqı dövründə beş şəhərin - Moskva, Leninqrad (indiki  Sankt-Peterburq), Kiyev, Bakı və Tbilisinin metropolitenlərinə göndərilirdi. O zaman Bakıya “E” tipli 47 ədəd vaqon çatdırılmışdı. 1980-ci illərdən isə xəttə buraxılmaq üçün yalnız 81-717/714 tipli vaqonlardan ibarət qatarlar alınıb. “E” tipli vaqonun sonuncusu sərnişindaşıma prosesindən 2009-cu ildə çıxarılıb və 2011-ci ildə istismardan silinib. Metro sərnişinlərinin daha yaşlı nəsilləri üçün bu vaqonlar gənclik vaxtlarının xatirələrini özündə əks etdirir.