z
30 DEKABR / 2023 / 12:29
Bakı metropolitenində “Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə müəssisə və təşkilatlar arasında keçirilmiş XXIII Respublika Spartakiadasında yüksək yer tutmuş komandanın üzvləri ilə görüş keçirilib.
Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) sədri Arif Mərdanov ənənəvi yarışda yüksək nailiyyət əldə etmiş əməkdaşları mükafatlandırmazdan əvvəl onlara “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun təbriklərini və xoş arzularını çatdırıb.
Daha sonra Spartakiadada medal qazanmış idmançıların mükafatlandırılması mərasimi keçirilib.
Metropoliten komandası hər il təşkil edilən yarışda ümumi hesabda ikinci yeri tutub. İdarə əməkdaşları çoxnövlü yarışlarda futbol, voleybol, daşqaldırma, kəndirdartma, stolüstü tennis, şahmat, dama, üzgüçülük (kişilər, 50 metr, sərbəst, estafet) və nərd komanda yarışlarında uğur qazanıblar.
Stolüstü tennis, kəndirdartma, dama və nərd ustaları rəqiblərini qabaqlayaraq çempion tituluna yiyələniblər. Futbol, voleybol və daşqaldırma kollektivləri yalnız finalda uduzaraq ikinci yeri tutublar. Şahmatçılar və kişi üzgüçülər 3-cü olublar. Qadınların sərbəst üsulla 25 metr məsafəyə fərdi üzgüçülük yarışında isə İşarəvermə və rabitə xidmətinin elektrik mexaniki Yana Medovşikova 2-ci nəticə göstərib.
Yarışın keçirilməsində əsas məqsəd xidmət sahələrində çalışan əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, kollektivlərarası münasibətlərin formalaşması və əlaqələrin genişləndirilməsi, kütləvilik və fiziki sağlamlığın təbliğ etməkdir.
Qeyd edək ki, müəssisənin kollektivləri son 6 ildə 2 dəfə komanda hesabında 1-ci yerə layiq görülüblər.