z
30 DEKABR / 2023 / 15:51
Bakı metropoliteninin “İçərişəhər” stansiyasının vestibülündə sərnişinlərinə xoş əhval-ruhiyyə, gözəl istirahət ab-havası bəxş edən bayram tədbiri bu gün də davam edib.
Sərnişinlərin görüşünə gələn Şaxta baba və Qar qız, sehrbaz, nəhəng oyuncaq, sirk ustalarının məharətli çıxışları hamını şənləndirib
Daha sonra metropoliten tədbirlərinin ayrılmaz hissəsi olan şən və hazırcavab Bəhram Bağırzadə uşaqlar üçün qələmə aldığı kitablarının imza gününü keçirib.
Bunlardan əlavə olaraq, 4 stansiyada muğam üçlüyü və simli kvartetin təqdimatında milli və dünya musiqisinin incilərindən ibarət konsert proqramları təşkil olunub.
Qış nağıllarının rəmzlərinə uyğun şəkildə bəzədilmiş retro vaqonlardan ibarət qatar və həmçinin dünya xalqlarının Yeni il ənənələri və qəhrəmanlarına həsr edilmiş sərgi sərnişinlərin rəğbətini qazanıb.
İki gün keçirilməsi nəzərdə tutulan Yeni il şousu bu gün sona çatıb.
“İçərişəhər” stansiyasında retro vaqonların nümayişi yanvarın 5-dək davam edəcək. Müxtəlif xalqların Yeni il adət-ənənələrinə həsr olunmuş sərgi isə yanvarın 5-dək retro vaqonların nümayiş olunduğu stansiya platformasında, daha sonra isə stansiyanın vestibülündə davam etdiriləcək.