z
06 IYUL / 2017 / 00:00
"Nizami" stansiyasında bir ilə yaxındır davam edən əsaslı təmir işlərinin artıq ilk nəticələrini qiymətləndirmək olar. Xatırladaq ki, 1976-cı ildə dekabrın 31-də istifadəyə verilən stansiya paytaxtın geoloji cəhətdən mürəkkəb rayonunda yerləşir. Fəaliyyətdə olduğu 40 il ərzində aqressiv mühitin təsiri nəticəsində stansiya qurğuları, konstruksiyaları və dekorativ-memarlıq elementləri tamamilə yararsız vəziyyətə düşmüşdü. “Bakı Metropoliteni” QSC-nin daxili vəsaiti hesabına həyata keçirilən təmir işlərinin ilkin mərhələsində stansiyanın yol divarlarının mərmər üzlükləri yenilənib, platformaaltındakı arakəsmələr sökülüb, platforma və kollektorun divarları möhkəmləndirilib, xidməti otaqlar yenilənib. Stansiya qurğularının, memarlıq elementlərinin mühafizəsi üçün havalandırma sistemi yenidən qurulub. Stansiyanın orta zalının tavanında söküntü, korroziyadan təmizləmə işləri yerinə yetirilib. Təmirçilər hazırda zalın tavanını bərpa edir, oradakı axıntıların qarşısını almaq üçün tədbirlər görürlər. Bu işlər başa çatdıqdan sonra tavan Durlum “GmbH” şirkətinin ixtiyarına veriləcək. Şirkət orada stansiyanın memarlıq xüsusiyyətlərinə xələl gətirmədən, korroziyaya davamlı özəl asma tavan quraşdıracaq. Ən vacibi isə təmir prosesində dahi Azərbaycan mütəfəkkiri - şair, filosof, şeyx Nizami Gəncəvinin şərəfinə adlandırılmış stansiyanın daxili tərtibatındakı milli memarlıq nümunələrinin yenidənqurulmasıdır. Belə ki, stansiyanın divarlarında dahi şairin ölməz “Xəmsə”sinin motivləri əsasında işlənmiş 18 pannodan 4-ünün üzərində aparılan təmir, xüsusən də dekorativ tətbiqi bərpa işləri artıq başa çatdırılıb. İstismara verildiyi illərdə olduğu kimi, ilkin parlaqlığı bərpa olunmuş təsvirlər yenilənmiş mərmər haşiyələrin fonunda daha işıqlı görünür. Keçidlərin yeni mərmər üzlükləri, həmçinin oradakı şəbəkələr də bərpadan sonra xeyli cəlbedicidir. Pannoların altındakı yazılar latın əlifbasının bədii şriftlərilə verilib və bu zaman onun orijinal formatı da qorunaraq saxlanılıb. Pannoların bərpası ilə peşəkar rəssamlar Zöhrab Cabbarov, Elçin Cabbarov, Nizami Vəliyev məşğul olurlar. Zöhrab Cabbarov pannoların müəllifi SSRİ xalq rəssamı, professor Mikayıl Abdullayevin tələbəsi olub. Zöhrab Cabbarovun sözlərinə görə, bu stansiyada təmir işlərinin ən çətin cəhəti mozaik pannoların barpasıdır. İstismar dövründə pannoların arxasındakı dayaq elementləri olan metal konstruksiyalar tam sıradan çıxmış və onlar artıq öz funksiyalarını yerinə yetirə bilmirdilər. Buradakı təmir işləri bir qədər də yubansaydı, pannolar dağılıb töküləcəkdi. Bunun qarşısını almaq, həmçinin təsvirlərin üzərindəki mozaika elementlərinin deformasiyaya uğramaması məqsədilə zamanla bəzi yerlərdə itirilmiş elementlərin yerinə mozaika komponentini əvəz edə bilməyəcək daşlar qoyulmuşdu. “Pannoların bərpa işləri onların arxa hissəsindəki dayaq elementlərinin - metal konstuksiyalarının yenilənməsi ilə paralel aparılmalı idi. Yəni, bizim yerinə yetirdiyimiz mozaikaların təmir-bərpa işlərindən sonra, pannoları əvvəlki çürük dayaqlara etibar etmək olmazdı. Arxa elementlərin təmiri üçün pannolar 2-3 metr irəli çəkilməli idi. Bunun üçün biz xüsusi qurğu hazırladıq. İrəli çəkilən pannonun metal konstruksiyalarının möhkəmlənməsi ilə yanaşı, öz işimizə, yəni mozaikaların bərpasına başladıq. İlk növbədə pannonun arxa hissəsinin köhnə izolyasiya qatını dağıtdıq. Onun yerində müasir izolateks, selikon və keramik sement qatışığının çəkilməsi ilə rütubətə davamlı və daha etibarlı bir qat yaratmış olduq. Mozaik təsvirlərə gəldikdə isə, ilk növbədə onların üzərinə mozaika elementlərinin dayanıqlığını təmin edən maddə çəkdik. Pannoların yeri hazır olduqdan sonra onları qaytarıb yerlərinə oturtduq. Bundan sonra mozaik təsvirlərin çatlamış, deformasiyaya uğrayan və ya düşüb itən hissələrinin, bu səbəbdən kafel parçası və ya başqa bir materialla əvəz olunmuş hissələrinin yerinə əsl kaşıdan mozaika üçün bişirilmiş olan parçaları qoyduq” – deyə Zöhrab Cabbarov bildirdi. Peşəkar rəssamın sözlərinə görə, hazırda mozaika sənətinə maraq azaldığından, indi belə daşları əldə etmək çətindir. Burada bərpaçı rəssamlar, həm də Sovet dönəmindən qalma ehtiyatlarından istifadə edirlər. Qeyd edək ki, sərnişinlərə təqdim olunan 4 pannodan əlavə, hazırda digər 4 pannonun da üzərində son tamamlama işləri gedir. Yaxın günlərdə həmin pannolar da sərnişinlərə təqdim olunacaq.