z

Ventilyasiya və kondisioner sistemlərində innovativ yeniliklər davam etdirilir

Ventilyasiya və kondisioner sistemlərində innovativ yeniliklər davam etdirilir

17 YANVAR / 2024 / 15:50

Mühəndis-texniki qurğular baxımından Bakı metropoliteninin ən şaxəli və mürəkkəb sahəsi olan Elektromexanika xidməti güclü süni və təbii havalandırma, kondisioner sistemləri, su təchizatı və suvurma sistemləri, qazanxana sahələrini özündə birləşdirir. Yeni nəsil qatarların sayının artması ilə daha bir sahə - vaqonların mikroiqlim nəzarəti avadanlıqlarına baxış, qulluq və təmir xidməti də sektor kimi bu strukturun nəzdində yaradılıb.
2023-cü ildə də xidmətin fəaliyyəti baxımından inkişaf dinamikası qorunub saxlanılıb. Sərnişinlərə xidmət mədniyyəti, məmnuniyyətin təmin edilməsi ilə yanaşı, daşıma təhlükəsizliyində ventilyasiya sisteminin saz vəziyyətdə olması vacibdir. Bu mənada ilboyu 123 ventilyatorun hər biri daim saz vəziyyətdə saxlanılıb, qulluq və təmir prosedurları vaxtında icra olunub. Hesabat ilində daha 6 yeni güclü ventilyator alınaraq stansiya və tunellərdə quraşdırılıb. "Xətai" (2 ədəd) və “Cəfər Cabbarlı” stansiyaları 55 KVt-lıq yeni nəsil “VOM-20”, "Həzi Aslanov-Əhmədli" (2 ədəd) və "Qara Qarayev-Neftçilər" yol mənzili 75 KVt-lıq “VOM-24R” tipli ventilyatorlarla təchiz edilib.
Ümumiyyətlə, 2018-ci ildə bütün dünya istehsalçıları arasında aparılmış monitorinqə əsasən tətbiq edilən yeni ventilyatorların iş qrafiki fəsillərə uyğun tənzimlənir. 2019-cu ildə 7, 2020-2021-ci illərdə 10 yeni ventilyatorun, 2022-2023-cü illərdə 6 yeni avadanlığın tətbiqi yeniliklərin daha bir mərhələsi kimi davam etdirilir.
Yeni ventilyatorlar əvvəlki nəsil analoqlarından daha güclü və məhsuldar olduğundan stansiya və tunelləri 2-3 dəfə artıq təmiz hava kütləsi ilə təmin edir. İdarə edilməsi müasir dövrün tələblərinə uyğun, mərkəzləşmiş qaydada aparılmaqla ventilyatorun iş rejimini daha səmərəli yönəltməyə və dəyişdirməyə imkan verir. Bu məqsədlə fiberoptik kabelləşmədən və müasir texnoloji idarəetmə şkaflarından istifadə olunur. İdarəetmə dolabları və sistemlər "Siemens", "Schneider", ETON kimi aparıcı istehsalçıların elektron avadanlıqları ilə qurulur. Bu xüsusda qeyd olunmalıdır ki, "28 May" stansiyasının şaxtalarında "VOM-20" tipli ventilyatorların hər birində 2 idarəetmə şkafı yenilənib və bu da onların funksional fəaliyyətinin etibarlılığını yüksəldib. Bundan əlavə, “Xətai” stansiyasının digər şaxtasında 1200 metr uzunluğunda yeni siqnal kabel xətti çəkilərək ventilyator aqreqatı telemexanika idarəetmə sisteminə qoşulub.
Ümumilikdə, metropolitendə 123, o cümlədən son 5 il ərzində Yaşıl və Qırmızı xətlərdə 23 yenilənmiş və yeni stansiyalarda quraşdırılmış daha 8 güclü ventilyasiya qurğusunun istifadə edildiyi stansiyalarda havanın hərarəti 3 dərəcəyə qədər aşağı salınıb.
2022-2023-cü illərin planına uyğun, ventilyatorlarla yanaşı, 6 dempfer quraşdırılıb. Quruluşca sadə olan dempferlər təbii hava axınının tənzimlənməsi və düzgün yönləndirilməsini təmin edir.
Hündürlüyü 2, eni 2.5 metr olan dempferlər “Azadlıq prospekti”, “Gənclik”, “Nərimanov”,  “Neftçilər”, “Xalqlar dostluğu” və “Əhmədli” stansiyalarının şaxtalarında qurulub. Yaşıl və Qırmızı xətlərdə, ümumilikdə, indiyə qədər 15 dempfer quraşdırılıb. Müqayisə üçün, Bənövşəyi xətdə bu sistemlərin layihələndirmə mərhələsində nəzərdə tutulduğunu qeyd etmək olar. Məhz bunun sayəsində həmin xətt üzrə 86 dempfer mikroiqlim sisteminin optimal şəkildə təmin edilməsinə şərait yaradıb.
Bütün bunlarla yanaşı, ventilyatorların qoşulu olduğu zaman stansiyalarda səs kirliliyinin olmaması məqsədilə səsboğucuların da yenilənməsi prosesi davam etdirilir. "Xətai" stansiyasında 22, “Cəfər Cabbarlı" stansiyasında 63 və "Koroğlu" stansiyasında 120 səsboğucu quraşdırılıb.
Qatarların kondisioner sisteminin qulluğu da təkmilləşdirilməkdədir. Bu məqsədlə 18 peşəkar işçidən ibarət xüsusi qrup yaradılmaqla, müvafiq təchizat məsələləri həllini tapıb. Eyni zamanda 1967-ci ildə istifadəyə verilmiş elektrik deposunun texniki baxış-qulluq sahələrindən birində mürəkkəb vəzifə icra olunmaqla, əməyin və texniki təhlükəsizlik məsələləri optimal həll olunmaqla, qatarların vaqon damında olan kondisioner təchizatı sisteminə qulluq imkanları yaradılıb.
Hazırda xidmət dünyada bu sahədə olan yenilikləri izləməklə istehsalçılarla ünsiyyəti genişləndirir. Eyni zamanda vaqonları istehsal etmiş ölkə ilə təmaslar və qarşılıqlı təcrübə mübadiləsi də ən yüksək formada saxlanılır.
Bu sahələrdə işlərin ən optimal təşkilinə nail olmuş strukturda hazırda su təchizatı və suvurma qurğuları ilə bağlı irimiqyaslı layihə hazırlanır. 2023-cü ildə isə suya qənaətə nail olunması, sudan səmərəli istifadə və ekoloji tələblərə ciddi əməl olunması ilə bağlı əhəmiyyətli layihələr də başlanıb. Bu xüsusda, qatarların yuyulması sahəsində suyun təmizlənərək yenidən dövriyyəsi, 160 kub metrlik yanğın hovuzunun müvafiq sanitariya-gigiyena tələblərinə uyğun təmizlənməsi, yuyulması və içməli su hovuzu kimi istifadəyə yararlı vəziyyətə gətirilməsi kimi layihələr su təchizatında yarana biləcək problemlərə qarşı optimal tədbir kimi həllini tapıb.
Bundan savayı, əsaslı təmir olunaraq yenidən qurulmuş qatarların texniki baxış-qulluq sahəsində hava, su və digər kommunal xətlər müasir tələblər səviyyəsində qurulub.
Bakı metropoliteninin qrunt sularından paytaxtın texniki su ehtiyacları, o cümlədən yaşıllıqların suvarılmasında istifadə olunmaq üçün daha bir istiqamətdə tədbir görülüb. "Ulduz" stansiyasında yerli suvurma qurğusundan çıxan suyun yerüstü səthə yönləndirilməsi məqsədilə işlər aparılıb. Eyni zamanda 2023-cü ildə Bakı metropoliteninin korporativ sosial məsuliyyət layihəsi çərçivəsində "Neftçilər" stansiyasının yaxınlığındakı şaxtanın ərazisində saldığı uşaq əyləncə və idman meydançasına da texniki məqsədli su elə həmin şaxta vasitəsilə verilərək yaşıllıqların suvarılmasında istifadə olunur. Bu məqsədlə 120 metr uzunluğunda su xətti çəkilərək ventillər quraşdırılıb.
Ümumən, 2023-cü ildə su təchizatının optimallaşdırılması ilə bağlı 1232 metr boru xətti çəkilməklə iki mənzil tunellərində santexnika şəraiti yaxşılaşdırılıb, nasoslar əsaslı təmir olunub. “Xocəsən” elektrik deposunda da infrastruktur quruculuğu ilə əlaqədar su və qaz xətlərində müvafiq işlər görülüb, 910 metr qaz xətti çəkilib, giriş sahəsində su sayğacı quraşdırılıb və digər işlər yerinə yetirilib.