z

Bakı metropolitenində şəhidlərin əziz xatirəsi anılıb

Bakı metropolitenində şəhidlərin əziz xatirəsi anılıb

20 YANVAR / 2024 / 13:40

Qanlı 20 Yanvar tarixinin 34-cü ildönümü ilə əlaqədar şəhidlərinin xatirəsi Bakı metropolitenində sükut mərasimi ilə anılıb. Bu məqsədlə saat 12:00 ərəfəsində xətlərdə bütün qatarlar tunellərdən stansiyalara çıxarılıb və sərnişinlərə sükut dəqiqəsini stansiyaların işçi və polis heyəti ilə birgə qeyd etməsi üçün şərait yaradılıb. Qatarlardan bir dəqiqə ərzində fit verilib.
“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və kollektivin nümayəndələri anım dəqiqəsini “20 Yanvar” stansiyasının platformasında sərnişinlərlə keçiriblər. Sükut dəqiqəsi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Himni səsləndirilib.
Mərasimdən sonra “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov media nümayəndələrinə açıqlama verərək, o gecəni Azərbaycanın müasir tarixinin dönüş nöqtəsi kimi qiymətləndirib: “Bu gün Zəfər tarixinin qüruru içində olan, suverenliyi və Konstitusiya quruluşu tam bərpa olunmuş Azərbaycanda 34 il əvvəl baş vermiş o qanlı gecə anılır. Əlbəttə, müstəqilliyini haqq edən bir dövlətin vətəndaşlarıyıq. Həm də ona görə qürurluyuq ki, günahsız qurbanlarımızın, vətən uğrunda canını fəda edən şəhidlərimizin qanı yerdə qalmayıb. Biz çiçəklənən bir ölkənin sakinlərinə çevrilmək üçün çox böyük yol qət etmişik. Bu yolu birlikdə keçmişik, o tarixi əziz tutan və onu qoruyan nəsillər yetişdirmişik. Bakı metropoliteninin rəhbərliyi bu nəqliyyatın tarixində bəlkə də ən vacib və ən şərəfli qərarını məhz o gecə verdi. Metro sabaha qədər insanların xidmətində dayandı, qapılar bağlanmadı, qatarların hərəkəti dayandırılmadı. Bakı metropoliteni olmasaydı, söz yox ki, həmin gecə qurbanlarımızın sayı dəfələrlə çox olacaqdı. İnsanlar metropolitenə bir sığınacaq kimi, xilas yeri kimi üz tutmuşdu. Şəhərdə hətta təcili tibbi yardım maşınlarının atəşə tutulduğu vaxt metropoliten yaralıları qəbul edərək onlara yardım göstərilməsində, xəstəxanalara daşınmasında əhəmiyyətli rol oynadı. İşçilər stansiyalarımıza daxil olan məlumat əsasında yaxın ərazilərdə olan insanların, yaralıların imdadına yetişdi, onların stansiyalara gətirilməsində fədakarlıq göstərdi. Elə o gecədən işçilər bu stansiyanı “20 Yanvar” adlandırmağa başladılar. Çünki artıq biz silahsız, günahsız insanlarımızın həyatına dəyər verməyən bir ordunun adını daşıyan stansiyamızın olmasını istəmirdik. Bir müddət sonra bu ad rəsmi qərarla təsdiqini tapdı. Stansiyanın memarlıq ansamblı 20 Yanvar mövzusunda tamamilə yeniləndi. Bu gün Şəhidlər Xiyabanımızda uyuyan günahsız qurbanlar sırasında iki metropolitençi – vaqon təmirçisi İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov da var. Onların uca xatirəsi “Nərimanov” elektrik deposunda əbədiləşdirilib. Bu gün bizə bu qürurlu tarixi yaşamağı nəsib etmiş bütün şəhidlərimizin qarşısında baş əyirik və onların xatirəsini əbədi qorumağa, yeni nəsillərə ötürməyə, qəhrəmanlıqları yaşatmağa borcluyuq”.