z
25 YANVAR / 2024 / 14:02
Bakı metropoliteninin zavodu da adlandırılan və əsas istehsal sahəsi kimi formalaşmış Birləşmiş emalatxanalar 2023-cü ildə bütün tapşırıq və sifarişləri vaxtında icra edib. Əsasən, eskalatorların təmiri, avadanlıqların hazırlanması və quraşdırılması, mexaniki-çilingər, yeni təkər cütlərinin formalaşdırılması və s. sahələri özündə cəmləyən struktur vahidi maşın və mexanizmlərin təmiri, hermetik darvazaların istismarı, eləcə də reklam işinin təşkili və quraşdırılması ilə də məşğuldur.
İrihəcmli işlərdən “28 May” stansiyasının ikinci çıxışında “ET-3M” tipli 3 saylı, “Cəfər Cabbarlı” stansiyasında “ET-5M” tipli 1 saylı eskalatorların əsaslı təmirini qeyd etmək olar. “28 May” stansiyasındakı eskalator yeni tədris mövsümü ərəfəsində sərnişinlərin istifadəsinə verilib. “Cəfər Cabbarlı”da isə işlər son mərhələdədir və plan üzrə fevral ayına qədər yekunlaşdırılacaq.
Hazırda daha bir iri həcmli təmir işi Avtomexanikləşdirmə kolonunun mexanizmlərin istismarı sahəsinin ərazisində aparılır. Burada təmir və unikal mexanizmlərin saxlanması məqsədilə anqar tikilir. “Nərimanov” elektrik deposunun yük həyətində isə rels qaynaq sexinin və şpallar üçün hazırlanan talvar təhvil verilib, 2 mühafizə zonasının giriş darvazası yaxınlığında avtodayanacaq quraşdırılıb.
Bundan başqa, il ərzində metropolitenin 19 stansiyası və şaxtalarında hermetik darvazalarda texniki qulluq, təmir-bərpa işləri müntəzəm aparılıb.
Digər işlərə gəlincə, Yol xidmətinin 1736, Elektrik təchizatı xidmətinin 1541, Depolar üzrə iş departamentinin 371, Vaqonların əsaslı təmiri xidmətinin 228, Mühafizə yanğın təhlükəsizliyi xidmətinin 180, Elektrik mühərriklərinin əsaslı təmiri xidmətinin 110, Tunel qurğuları xidmətinin 80, İşarəvermə və rabitə xidmətinin 75, idarə aparatının 8, Hərəkət xidmətinin 6, Hərəkət qatarlarının istismarı üzrə iş departamentinin 4, Təlim-tədris mərkəzinin 3 sifarişi vaxtında yerinə yetirilib.
Qeyd edilənlərlə yanaşı, struktur il ərzində metropoliten stansiyaları və qatarlarında reklam lövhələri, vaqonların qapıüstü sxemləri və informasiya lövhələrinndən ibarət 2235 sifarişi təmin edib.