z

Mövcud tunel və stansiya infrastrukturunun mühafizəsi ən vacib vəzifələrdəndir

Mövcud tunel və stansiya infrastrukturunun mühafizəsi ən vacib vəzifələrdəndir

30 YANVAR / 2024 / 11:20

Metropolitenin ən mühüm infrastrukturu, təbii olaraq, onun stansiyaları və tunelləri ilə bağlıdır. Bakının ağır hidrogeoloji mühitində bu infrastrukturun mühafizəsi müxtəlif tədbirlərin yerinə yetirilməsini tələb edir. Müntəzəm nəzarət, bir sıra qabaqlayıcı tədbirlər Bakı metropolitenini bu mənada dünya miqyasında ən nümunəvilər sırasında saxlayır. Görülən işlər sırasında müxtəlif qrunt suları, süxurların aqressivliyi, çeşidli korroziya təsirləri, tunel geyimi arxasında olan mühitin dəyişkənliyi və s. məsələlər diqqətdə saxlanılmasa, nəinki infrastrukturu qorumaq mümkündür, hətta neqativ təsirlər fonunda hərəkətin təhlükəsziliyinə zəmanət vermək olmaz. Təkcə onu demək kifayətdir ki, qrunt sularının təsiri altında olan mühitdə 2023-cü il ərzində 1523 əndazə, 3835 yan axıntı ləğv edilib və 19 axıntı kənarlaşdırılıb. İş bununla kifayətlənmir və qabaqlayıcı tədbirlər sırasında 16602 metr drenaj qanovu duzdan, 7146 metri isə lildən təmizlənib və 1225 metr sahə sement-qum məhlulu ilə hamarlanıb. Həmçinin bu xüsusda 1117 metr suötürücü qanov bərpa edilib, 25170 yuvada suaxar dağıdılıb, 27702 yuvada isə suaxar bərpa edilib.
Suyun təsirləri ilə yanaşı, qruntun özünün aqressiv təsirləri ilə mübarizə də müntəzəm aparılır. Rəqəmlərə diqqət etsək, görülən işin miqyası və əhəmiyyəti aydın görünər: 94 min 994.8 kvadrat metr tunel geyimi korroziyadan təmizlənib. Onun 86 min 129.8 kvadrat metrində çuqun tübinqlərin əsaslı təmiri, 8 min 865 kvadrat metrində isə tunel geyiminin cari təmiri zamanı işlər aparılıb. Təbii ki, korroziyadan təmizləmədən sonra xüsusi boyaq maddələri ilə rənglənmə də aparılmalıdır. Hesabat dövründə 72 min 826.9 kvadrat metr sahə korroziya əleyhinə boya ilə rənglənib.
Bu xüsusda göz önündə olan stansiyaları da qeyd etmək lazımdır. Korroziya əleyhinə tədbirlər “Nizami” stansiyasının hər iki yolunun tavanında aparılıb. Bunun üçün köhnə çətirlər sökülüb və çuqun tübinqlər korroziyadan təmizləndikdən sonra rənglənib. Hazırda burada digər gücləndirmə tədbirləri aparılır. Yenidən qurulan “Cəfər Cabbarlı” stansiyasının I yolu və orta zalında da eyni tədbirlər görülüb, yeni suaxarlar, yönləndirmə kanalları quraşdırılıb.
Gücləndirmədən bəhs edərkən metropoliten üçün xüsusi əhəmiyyəti olan sahələrdən də danışmaq lazımdır. Ağır hidrogeologiyası ilə fərqlənən “Xətai-Cəfər Cabbarlı” mənzilinin tunellərarası keçidində, habelə iki yol istiqamətində qovuşma diafraqmalarında, “Gənclik-28 May” mənzil yolunda gücləndirmə işləri aparılıb. Hazırda yenidənqurma işlərinin hazırlıq tədbirləri yekunlaşmaqda olan “Həzi Aslanov” stansiya dalanında gücləndirmə işlərinin aparılması üçün metal konstruksiyanın quraşdırılması da tamamlanıb.
Onu da əlavə etmək lazımdır ki, tunel geyiminə ayrılan diqqətin mühüm tərkib hissəsinə xüsusi tədbirlər də daxildir. Hesabat ilində 1160 ədəd bolt dəsti dəyişdirilib. Məhlulvurma isə tunel arxası sahənin dayanıqlığının, sabitliyinin, təhlükəsizliyinin təminatıdır. Əgər buraya digər mənfi təsirləri də əlavə etsək, il ərzində yerinə yetirilmiş 161 min 640 kq nəzarət məhlulvurmasının da əhəmiyyəti aşkara çıxar.
Tunellərin sanitariya normalarına uyğunluğu, mikroiqlim parametrlərinin təmin edilməsi sərnişinlərin təhlükəsiz mühitdə daşınmasının vacib göstəricisidir. Bununla bağlı qeyd oluna bilər ki, hesabat ilində 25 min 550 metr sahə aqreqatla, 46 min 538 metr sahə yeni alınmış yuma aparatı və 275 min 889 metr sahə əl üsulu ilə yuyulub. Tunellərdən 5 min 887 kub metr istehsalat tullantıları çıxarılıb. İl ərzində bütün stansiyaların sərt özüllərinin qara boya ilə rənglənməsi də fiziki mühafizə tədbirlərinin tərkib hissəsidir. Metropoliten obyektlərinə daxil olan binaların taxta konstruksiyalardan olan dam örtüklərinə 6 min 87 kvadrat metr odadavamlı məhlul hopdurulub.
Ümumən müxtəlif təmir işləri zamanı 3130 kvadrat metr betonlama, 4029 kvadrat metr döşəmə hamarlanması, 694 kvadrat metr hörgü, 4317 kvadrat metr suvaq, 24693 kvadrat metr şpatlyovka, sulu boya ilə 26046 kvadrat metr, yağlı boya ilə 7693 kvadrat metr, təbaşir və ya əhənglə 29411 kvadrat metr rəngləmə, 1113 kvadrat metr döşəmə laminatının vurulması, 2262 kvadrat metr üzlük daşları qoyulması, 564 kvadrat metr izolyasiya işləri görülüb.
Stansiya platformalarında 536 oturacağın söykənəcəyi, yayı və digər hissələri dəyişdirilib və ya təmir edilib. Stansiyalardan söz açmışkən, "28 May" stansiyasının II çıxışının divar, "Gənclik" stansiyasının hər iki vestibülündə kassa zallarında döşəmə üzlüklərinin dəyişdirilməsini də ilin hesabatına daxil etmək olar. “Nizami” və “Elmlər Akademiyası” stansiyalarında yeni işıqlandırma sisteminin konstruksiyalar; quraşdırılıb. 4 stansiya və tunel şaxtasında ventilyatorların köhnə beton bünövrələri dağıdılmaqla yenisi üçün təməl işləri görülüb. Daha 4 şaxtada səsboğucuların yenilənməsi məqsədilə arakəsmə divarlar sökülüb.
Metropolitenin müvafiq xüsusiyyətləri nəzərə alınmaqla, il ərzində 4 mülki-müdafiə obyekti də əsaslı təmir olunub.
“Nərimanov” elektrik deposu üçün xüsusi əhəmiyyətli baxış-qulluq və xidmət sahələrinin (qanovların) əsaslı təmir edilərək yenidən qurulmasını da tunel qurğuları xidmətinin fəal iştirakı və nəzarəti ilə icra edilib. Burada ən əsas məsələlərdən biri kimi işçi dərinliyin qazılması, yeni infrastrukturun qurulması, drenaj sisteminin təmin edilməsi olub.
Depoda görülən digər işlər də əhəmiyyət baxımından xüsusi qeyd olunmalıdır. Burada 2024-cü ilin əsas yenilikləri sırasında yer alacaq vaqonaltı təkəryonan dəzgahın quraşdırılması üçün köhnə şpal sexinin sökülməsi, beton özülün hazırlanması, həmçinin yeni şpal sexinin Yük terminalında tikintisi də daxildir. Depo ərazisində vaqonların yuma sexinin yenidənqurulması çərçivəsində sahənin binası da əsaslı təmir edilib. Depoya avtomobilləri ilə gələn işçilərin maraqları nəzərə alınaraq, iki buraxılış məntəqəsinin ərazisində parkinqlər tikilib.
İnzibati binalar və digər obyektlərdə də əhəmiyyətli işlər yerinə yetirilib. “Elmlər Akademiyası” stansiyası üzərindəki inzibati binanın 5-ci mərtəbəsinin əsaslı təmir olunmasına başlanılıb.