z

Maşinistlərin iş rejiminin yaxşılaşdırılması ilə bağlı silsilə tədbirlər həyata keçirilib

Maşinistlərin iş rejiminin yaxşılaşdırılması ilə bağlı silsilə tədbirlər həyata keçirilib

05 FEVRAL / 2024 / 13:29

2023-cü il ərzində Qırmızı, Yaşıl və Bənövşəyi xətlərdə tətbiq edilən hərəkət cədvəllərinə uyğun olaraq, bütün qatarlar maşinistlərlə vaxtında təmin edilib. Xüsusi ayrılmış 2 avtobus və 16 ekipaj olmaqla, maşinistlər yaşadığı ünvanlardan iş yerinə təyin edilən vaxtda gətirilib və gecə işindən sonra ünvanlarına çatdırılıblar. 2018-ci ildən tətbiq edilən bu iş rejimi artıq özünü tam doğruldub. Eyni zamanda iş növbələrinin sayının dəyişdirilməsi də əlavə olunmaqla, maşinistlərin iş başında yorğun çalışması, halının pisləşməsi və digər neqativlər tam aradan qaldırılıb. 2023-cü ildə maşinistlərin cədvəl üzrə iş saatlarının optimallaşdırılması da aparılıb və bu, monitorinqlər əsasında effektivliyini təsdiq edib. Xətdə qatarın baş vaqondan qəbul edilməsi qaydasının tətbiqi, nəticə etibarilə, gündəlik iş saatlarının 200 saata qədər azalmasına gətirib çıxarıb. Bu isə ştat cədvəlinin tənzimlənməsinə də zəmin yaradacaq.
Daha bir optimallaşdırma tədbiri də 2023-cü ilin payına düşüb. Maşinistlərin texniki əvəzlənməsinə xüsusi nəzarət olunur. Bu da gündəlik tərtib edilmiş naryad üzrə maşinistlərin iş saatlarının optimallaşdırılması ilə yanaşı, xətdə çalışan maşinistlərin əvəzlənmə təminatının faiz dərəcəsini artırıb. Başqa sözlə, əvvəllər hər növbədə 6 ehtiyat maşinist texniki əvəzlənməyə çıxarılır və bununla hər hansı səbəbdən bir və ya bir neçə neçə maşinist işə çıxa bilmədikdə texniki əvəzləmə imkanları da azalırdı. Ümumilikdə, əvvəllər 6 ehtiyat maşinistin hər biri növbə ərzində 7 texniki əvəzlənmə edirdi. Optimallaşma nəticəsində indi 1 ehtiyat maşinist növbəyə çıxarılır və işə çıxmayan olduqda texniki əvəzlənməni yerinə yetirir. Qalan bütün texniki əvəzlənmələr depoya dayanmaya daxil olan qatar maşinistlərinin sayəsində verilir. Hazırda ehtiyat maşinistlərin sayının minimuma endirilməsi məqsədilə yeni sistemin qurulması üzərində iş aparılır. Bu sistem maşinistin xətdə bir dövrədən bir əvəzlənməsini nəzərdə tutur.
Bundan savayı, tibbi yoxlama prosedurlarının aparılması məqsədilə alınmış yeni avadanlıqlar sayəsində həm insan faktoru tam aradan qaldırılıb, eyni zamanda maşinistin səhhətinin nəzarət altında saxlanılması məqsədilə personala yanaşma və aparılan testlərin arxivləşdirilməsi də təmin edilib.
İşə qəbul olunan hər bir işçi əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına əməl olunması üzrə təlimat keçib və texniki məşğələlərə cəlb olunma ardıcıllığı müəyyən edilib. Həmçinin xətlərdə təlimatçı maşinistlərin lokomotiv briqadalarının işini ciddi yoxlaması və nəzarət təlim gedişləri keçirməsi diqqətdə saxlanılıb. 
2023-cü ildə Təlim-tədris mərkəzində təşkil edilmiş kurslar sayəsində 10 nəfər qatar maşinisti peşəsinə yiyələnərək işə qəbul edilib. Bundan savayı, IV dərəcəli maşinistlərin ixtisas dərəcələrinin artırılması məqsədilə imtahanlarda 9 nəfər müsbət nəticə ilə III ixtisas dərəcəsi hüququna sahib çıxıb. Eyni zamanda III və IV ixtisas dərəcəli maşinistlərin II və III ixtisas dərəcələrinə yiyələnməsinə hazırlıq məqsədilə Təlim-tədris mərkəzinin texniki kabinetində sınaq imtahanları keçirilib.
Məlumdur ki, metropolitendə artıq iki fərqli nəsil qatarları hərəkət edir. Yeni işə cəlb edilənlər yalnız yeni nəsil qatarları idarəetmə hüququ alırlar. Bu məqsədlə keçirilən “Hibrid maşinist” layihəsinə uyğun olaraq, 2023-cü ildə 81-717 tipli 3-cü nəsil qatarları idarə edən 30 maşinist ən yeni nəsil - 81-760 və 81-765 qatarların idarə edilməsi, 28 nəfər gənc isə 3-cü nəsil qatarların idarə edilməsini öyrənib. Hazırda köhnə nəsil qatarları idarə edən 63 maşinistdən 42-si yeni nəsil qatarları da idarə edə bilir.
Son illərdə metropolitendə vaqonların orta və əsaslı təmiri zamanı modernləşdirmə işləri idarəetmə panelində də aparılır. Modernləşdirmə zamanı idarəetmə pultu və yeni tətbiq edilən monitorlar ən müasir qatarlarda olduğu kimidir. Bu yeniliklərin hər biri bütün maşinistlərə öyrədilib. 2024-cü ildə 55 yaşa qədər olan maşinistlərə bütün tipdən olan qatarların idarəedilməsi öyrədiləcək. Bununla bütün seriyalardan olan qatarları idarə edən qatar maşinistlərinin faiz dərəcəsi 90%-ə çatdırılacaq.
Hazırda metropolitendə 237 maşinist çalışır. 2024-cü ildə müvafiq hazırlıq tədbirləri çərçivəsində qatar maşinistlərinin ixtisas dərəcələrinin artırılması və şərti adı “B-04” olan stansiyanın yaxın gələcəkdə istismara hazırlanması ilə əlaqədar təlimatçı maşinist ixtisası üzrə hazırlıq işlərinə başlanılması nəzərdə tutulub.
2024-cü ildə metropolitendə istifadə edilən ümumi 16 təlimat və maşinist heyəti üçün nəzərdə tutulmuş 31 daxili istifadə təlimat və ədəbiyyatının elektronlaşdırılması başa çatdırılacaq. Ümumən, vaqonlarda texniki modernləşdirmə, iş rejimi və digər qaydalarla bağlı yeniliklər nəzərə alınmaqla, 6 təlimat yenidən işlənib hazırlanaraq təsdiq olunub.