z
06 NOYABR / 2017 / 00:00
Bakı metropoliteninin fəaliyyətə başlamasının 50 illiyi, eyni zamanda, televiziya və radio işçilərinin peşə bayramı günü münasibətilə "Bakı Metropoliteni" QSC ilə "106.3 FM Azad Azərbaycan" radiosu birgə diqqətçəkən layihələr həyata keçirib.
Noyabrın 6-sı səhər saat 8-dən 10-a kimi radiokanalın populyar "Bumeranq" musiqili verilişi "İçərişəhər" stansiyasının vestibülündən canlı yayımlanıb. Aytən Səfərova və Raqif Əliyevin aparıcılıq etdiyi canlı yayım ərzində Bakı metropoliteninin rəhbər və veteran işçilərindən - təlimatçı-maşinist Fəxrəddin İbrahimov, tikinti departamentinin baş mühəndisi Əli Cəfərov, qatar dispetçeri Almaz Məsimova və mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev, eləcə də stansiyadan keçən sərnişinlər verilişin qonağı olublar, iki əlamətdar hadisənin qeyd olunduğu bu günlə bağlı xatirələrini bölüşüb, dinləyicilərə ürək sözlərini çatdırıblar. Verilişin gedişində Bakı metropoliteninə həsr olunmuş mahnının təqdimatı da keçirilib. Orxan Mürvətlinin sözlərinə Fərid Kərimlinin bəstələdiyi mahnını "Şeron" qrupunun kollektivi ifa edib.
Gün ərzində Kazım Sübhanın aparıcılığı ilə “İçərişəhər” stansiyasından efirə birbaşa verilən "Dinlə məni" musiqili verilişi də sürprizlərlə zəngin olub. Metropolitenə həsr edilmiş mahnını ifa edən «Şeron» qrupu, həmçinin onun sözlərinin və musiqisinin müəllifləri Orxan Mürvətli və Fərid Kərimli nəğməli parçanın ərsəyə gəlməsindən bəhs ediblər. Onlar eləcə də verilişin daha bir nəğməli qonağı, müğənni Sevda Yəhyayeva metro ilə bağlı xatirələrini danışıb, bir-birinə qovuşan əlamətdar gün münasibətilə həm metropolitençi zəhmətkeşlərə, həm də televiziya və radio işçilərinə arzu və diləklərini çatdırıb, dinləyicilərə xoş ovqatlı istirahət dəqiqələri bəxş ediblər. Qonaqlara, eləcə də birbaşa yayıma qoşulan dinləyici sərnişinlərə Bakı metropolitenin 50-illik yubilyei ilə bağlı hazırlanmış hədiyyələri təqdim edilib.