z

Elektrik enerjisi metropolitenin həyatverici qüvvəsidir

Elektrik enerjisi metropolitenin həyatverici qüvvəsidir

24 IYUL / 2017 / 00:00

Tarixi insanlar yazır: Bakı metrosunun tarixini də alın təri, yuxusuz gecələri ilə yazan zəhmetkəş insanlar olub, bu gün də var. Onların çoxu indi bu dünyada olmasalar da, yaxşı işləri, əməlləri yaşayır. Yaşayanlar onları yaşadır, unudulmağa qoymur. Deyərdim ki, Bakı metropolitenində dünyanın ən gözəl insanları cəmlənibmiş. Sadə, mehriban, istiqanlı, gələcəyə ümidli olan bu insanların əsas iş meyarı zəhmətdir.
Ömrün 50 ildən də çoxunun yeraltı dünyanın inkişafına həsr olunması, Bakı metrosuna olan bağlılıq, sevgi, sevinc hissləri bu firikləri söyləməyimizə əsas verir. Minlərlə insanın əllərinin hərarəti hopmuş yeraltı sarayları yaşadan da insan nəfəsi, insan həniridir.
Haqqında bəhs edəcəyimiz Bakı metropoliteninin daha bir veteranı elektrik təchizatı xidmətinin avtomatika üzrə elektrik mexaniki Zemfira Qafar qızı Ağazadədir.

 

Atam dəmiryolçu olduğundan məni bu sahəyə gətirdi

 

Z_Aqazade - Bakı metropolitenində işə qəbul olanda 17 yaşım var idi. Atam Qafar Qənizadə 1941-ci ildə Tbilisidə Zaqafqaziya Dəmir Yolu Mühəndisləri İnstitutunun dəmir yollarının tikintisi və istismarı fakültəsini bitirmişdi. Bakı metrosunun ilk rəisi Lütfəli Cahangir oğlu Nuriyevlə bir qrupda oxumuşdular, yaxın dost idilər. Açığı, mənim həvəsim anamın peşəsini davam etdirmək, onun kimi ağ xalatlı həkim olmaq idi. Lakin Moskvada təhsil almaq istəyimə atam qəti etiraz etdi. 

Evin ilk övladı idim, həmin il anam da haqq dünyasına qovuşdu, çətinliklər məni 1966-cı ildə Bakı metropoliteninə gətirdi. Həmin il metroda kadrların komplektləşdirilməsinə başlanılmışdı. Məni işə qəbul etməyi Lütfəli Nuriyevdən atam xahiş etmişdi. İndiki kimi yadımdadır, metronun idarəsi ilk vaxtlar İnqilab küçəsi, 17-də yerləşirdi. Bütün xidmətlər bu binada cəmləşdirilmişdi. Kadrlar şöbəsinin rəisi Səbirə Babayeva sənədlərimi qəbul edib, məni dekabrın 1-i elektromexanika xidmətinin elektrik mühafizəsi və avtoteleidarəetmə distansiyasına texnik göndərdi.
İlk vaxtlar metroya peşəkar mütəxəssislər axtarılırdı. Lütfəli Nuriyev şəxsən özü Azərbaycan Dəmir Yolunun müəssisələrini gəzir, metropolitenə savadlı kadrları, mütəxəssisləri cəlb edirdi. Gələcəyin istismarçıları buraxılış ərəfəsi nəzəri bilikləri əldə etməklə bərabər, əməli vərdişləri mənimsəməli idilər. Özündə avtomatika sistemlərini, elektrik avadanlıqlarını, müxtəlif rabitə vasitələrini, eskalator, ventilyasiya və nasos qurğularını cəmləşdirən bu sahəyə əsl peşəkarlar tələb olunurdu. İşə yenicə götürülənlər son tamamlama, avadanlığın quraşdırılması, sazlama-buraxılış işlərində bilavasitə iştirak edirdilər.

 

Bir ailə kimi bir-birimizə dəstək olur, metropoliteni tezliklə istismara vermək istəyirdik

- Kollektiv çox mehriban indi, hamının qəlbində bir istək vardı – Azərbaycan paytaxtında metronun açılışını tezləşdirmək. O vaxtlar elektromexanika xidməti elektrik təchizatı xidməti ilə vahid strukturda idi. Bildiyiniz kimi, elektrik təchizatı xidmətinin əsas vəzifəsi metropolitenin bütün enerji istehlakçılarını elektrik enerjisi ilə fasiləsiz təmin etməkdən, bütün avadanlıqları saz vəziyyətdə saxlamaqdan, texniki proses qrafikini vaxtı-vaxtında yerinə yetirməkdən ibarətdir. Z_Aqazade

Bütün xidmətin elektrik avadanlıqlarının təmiri və sazlanması ilə çalışdığım elektrik mühafizəsi və avtomatika distansiyası məşğuldur. Buraxılışa hazırlıq dövründə işdən sonra da qalıb əlimizdə süpürgə və əski stansiyaların vestibüllərində yır-yığış edirdik. Bir ailə kimi bir-birimizə dəstək olur, adi işçidən tutmuş mühəndis heyətinə qədər hər kəs böyük həvəslə tapşırıqları yerinə yetirirdi. O vaxt hər kəs nə tutduğu vəzifəyə, nə təhsilinə, nə yaşına baxmayaraq, əlindən gələn köməyi göstərirdi, hamı bunu metropoliteni tezliklə istismara vermək üçün edirdi.

 

Nəhayət gözlənilən gün gəlib çatdı

 

Z_Aqazade_2 - Metronun buraxılışı ərəfəsində bizim xidmətin işçiləri gecə-gündüz istirahət etmədən çalışır, iş yerini tərk etmirdilər. Stansiyalar istismara hazırlanırdı, dartı və alçaldıcı yarımstansiyalarda quraşdırma işləri aparılırdı. Xidmətin texniki-istehsalat şöbəsinin rəisi Faiq Axundov, şöbənin işçiləri Zemfira Bədəlova, Zülməkan Qafarovla birlikdə buraxılışdan bir neçə gün əvvəl “28 May-Sahil” stansiyalararası tunelə baxış keçirdik. Tunelin spesifik qoxusunu da elə o vaxt hiss etdik.

1967-ci il noyabrın 6-sını xatırlayanda, indi də ürəyim iftixarla döyünür. Həmin gün səhər minlərlə bakılı “Bakı Soveti” (indiki - “İçərişəhər”) stansiyasının yanındakı meydana toplaşmışdı. Böyük bir mitinq təşkil olunmuşdu: rəsmi nümayəndələr, Bakı metrosunun işə salınmasına həsr olunan təntənəli açılışın iştirakçıları, qonaqlar sevinc içində idi. Xatirimdədir, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov çıxışında gözəl qələbə münasibəti ilə inşaatçıları və istismarçıları təbrik etdi, sonra qırmızı lenti kəsdi. Metronun qonaqları eskalatorla stansiyaya endilər. Gül-çiçəklə bəzədilmiş 3 vaqondan ibarət qatar perronda dayandı. Hərarətli alqışlar qopdu, hamı bir-birini təbrik etdi. Bir neçə dəqiqədən sonra qatar “26 Bakı Komissarı” (indiki - “Sahil”) stansiyasına, sonra “28 Aprel” (indiki - “28 May”), “Gənclik”, “Nəriman Nərimanov” stansiyalarına tərəf istiqamət götürdü. Bakının yeraltı dəmiryolunun işə salındığı günü veteranlarımız əsl bayram günü kimi xatırlayırlar.

 

Böyük yolun başlanğıcında kimlər dayanırdı

 

- Elektrik təchizatı xidmətinin ilk rəisi Rasim Qazıyev, baş mühəndisi Aleksey Akinşin olub. Sonra xidmətə Vahid Axundov, Firudin Hüseynov, Ələkbər Tahirov və Tələt Əlizadə, Əlixan Osmanov rəhbərlik ediblər. Baş mühəndislərimiz isə Vasif Quliyev, Xəlil Hüseynov, Vidadi İsgəndərov, Pyotr Kuznetsov, Yuri Timofeyev və İslam Mollayev olub. Xidmətin rəisi R.Qazıyev də Azərbaycan Dəmir Yolundan dəvət edilmişdi. Sonradan F.Hüseynovu da, N.Qazıyevanı da Azərbaycan Dəmir Yolunun enerji təchizatı sahəsindən metroya o gətirmişdi.  Z_Aqazade_5

İşə yeni götürülənlər metropolitenin enerji təchizatını öyrənməkdən ötrü Moskva, Kiyev və Leninqrad metropolitenlərinə ezam olunmuşdular. O vaxt xidmət kollektivində çalışanların əksəriyyəti gənclər idi. Zemfira Əhmədova və Yuri Yeqovitin buraya 1966-cı ildə, Nailə Qazıyeva, Mira İsmayılova, Svetlana Tryopina, Anzor Quliyev və başqaları 1967-ci ildə gəlmişdilər. Nailə Rəhimova, Rəfiyə Heybətova, Nərminə Məmmədova da uzun müddət xidmətdə zəhməti olan insanlardır. Metronun enerji təchizatının təməlini qoyanlardan bəziləri - F.Axundov, A.Maneyev, V.Quliyev, A.Bodrov, Q.Tağıyev artıq aramızda deyillər.

 

Metroya bağlanan kəs ondan ayrıla bilməz

 

Z_Aqazade_7 - Metropoliten, həyatının böyük hissəsini ona həsr edənlər üçün doğma evə çevrilib. Maraqlısı odur ki, nə vaxtsa öz iş yerlərini dəyişib, buradan gedənlərin bir çoxu sonradan geri qayıdıblar. Sadəcə, metropolitensiz yaşaya bilməyiblər. Bəli, metronu sevən adam ondan ayrıla bilmir. Mən də belə sevgi ilə metropolitenə bağlandım. 1971-ci ildə Rostov Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunun dəmiryol nəqliyyatının elektrikləşdirilməsi fakültəsinə qəbul olundum.

Təhsilimi qiyabi alırdım, həm də işləyirdim. İnstitutu bitirdikdən sonra, distansiyanın elektrik montyoru vəzifəsinə keçirildim, sonra mühəndis və elektrik mexaniki kimi çalışdım. Kollektivimizdə istedadlı, təşəbbüskar mütəxəssislər, istehsalı təşkil etməyi bacaran kadrlar yetişib. Qarşımızda duran vəzifələrin uğurlu həllinin – elektrik təchizatı qurğularının təkmilləşdirilməsi və modernləşdirilməsinin, onların işinin etibarlığının təmin edilməsinin rəhni də bundadır.

 

Metropolitenimizdə gender bərabərliyinə olan müsbət münasibətlə qürur duyuram

 

Z_Aqazade_4 - Bakı metropoliteninin Həmkarlar İttifaqı Komitəsinin ilk sədri Salman Əliyev olub. Bayram günlərində işçilərimizə sanatoriyalarda, pansionatlarda və digər şəhərlərdə dincəlmək üçün göndərişlərin verilməsi hələ də xatirimdədir. Şəhərin muzeylərinə baxışlar təşkil olunur, idman yarışları keçirilir, metropolitençi ailələrinin uşaqları üçün rəsm müsabiqələri təşkil olunurdu. Bizim xidmətin işçisi, bir neçə il bundan əvvəl dünyasını dəyişmiş Vitali Andrianov bu işlərdə çox fəal, yaradıcı təxəyyülə malik təşəbbüskar insan idi.

Xidmətin Həmkarlar İttifaqı Komitəsinə rəhbərlik etdiyim müddətdə işçilərin sosial müdafiəsinin təşkili ilə yanaşı, qadın məsələləri üzrə komissiyanın sədri seçildim. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkil etdiyi “Gender bərabərliyi və qadın problemləri üzrə” Respublika və Beynəlxalq seminarlarda çıxış etməyim, metropolitenimizi təmsil etməyimlə qürur hissi keçirirəm. Ümumiyyətlə, metropolitenimizdə gender bərabərliyi məsələlərinə olan müsbət münasibətlə fəxr edirəm. Ayrıseçkilik olmayıb və əməyinə görə qadının rolu və yeri həmişə yüksək qiymətləndirilib.


Mükafatçılar arasında olduğumu eşidəndə çox kövrəldim

 

- Bakı metropoliteninin 35 illik yubileyi münasibəti ilə dövlət mükafatına layiq görülən metropolitençilər arasında mənim də adımın olmasını eşidəndə, çox kövrəldim. Bu, sevinc və qürur hisslərindən irəli gəlirdi. Mənimlə bərabər həmkarım Zemfira Əhmədova da bu ali mükafata layiq görülmüşdü. Hələ də gözlərimin önündə o səhnə canlanır: Respublika sarayında metropolitenin 35 illik yubiley tədbirindəki tarixi nitqində Heydər Əliyevin metropolitençilərin işini aydınlığı ilə təsvir etməsi ulu öndərin metroya münasibətinin təzahürü idi: Z-Aqazade-6

 “Bəli, yüzlərlə, minlərlə, on minlərlə, yüz minlərlə insanların fədakar əməyi nəticəsində bizim bugünkü gözəl sərvətimiz – Bakı metropolitenimiz var. Biz onların hamısına – dünyasını dəyişənlərə də, bu gün işləyənlərə də, yaxud təqaüddə olanlara da, həm inşaatçılara, həm də istismarçılara minnətdar olmalıyıq”. Bax, əsl qiymət, əsl dəyər də budur.