z
26 FEVRAL / 2024 / 13:21
Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar fevralın 26-da “Bakı Metropoliteni” QSC kollektivi Xətai rayonunda yerləşən abidəni ziyarət ediblər.
Hər il bu abidəni ziyarət edərək, o dəhşətli gecədə qətl edilən həmvətənlərimizin ruhuna dualar oxuyan metropolitençilər “Ana fəryadı” abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı dəstələri SSRİ dövründə Xankəndidə yerləşdirilmiş 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə 1991-cı ilin oktyabrından blokadada olan Xocalı şəhərində misli görünməmiş qətliam törətdi və şəhəri zəbt etdi.
Səhər saat 5 radələrində şəhər artıq tam alova bürünmüşdü. Erməni mühasirəsində qalmış 2500-ə yaxın sakin Ağdam rayonuna çatmaq ümidi ilə şəhəri tərk etmək istəsə də, erməni cəlladları vəhşiliklərin təsəvvür edilməyəcək nümunələri ilə körpəyə, uşağa, qocaya, qadına xüsusi amansızlıqla divan tutdu.
Həlak olan 613 nəfər bu vəhşiliyin qurbanına çevrildi. 63 uşaq, 106-sı qadın, 70-i ahıl olmaqla, 8 ailə tamamilə məhv edildi. Bu soyqırım aktı 25 uşağı hər iki valideynindən məhrum etdi, 130 uşaq valideynlərindən birini itirdi. 487 nəfər yaralandı və onlardan 76-sı uşaq idi. 1275 nəfər əsir götürüldü, 150 nəfər itkin düşdü.
Müasir dövrdə miqyası ilə bəşəriyyət tarixinin ən acı qətliam aktı olan Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan "Xocalıya ədalət" beynəlxalq kampaniyasının da mühüm əhəmiyyəti qeyd olunmalıdır. Artıq "Xocalıya ədalət" şüarı hər kəsin bu məsələdə əsas şüarına çevrilib.
Tarix müdrik rəhbərinə güvənən Azərbaycan xalqının böyüklüyünü, onun əzmini bir daha nümayiş etdirdi. 2020-ci il sentyabr ayının 27-də təxribatdan usanmayan Ermənistan silahlı qüvvələrinin növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmasına cavab olaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu bu hücumların qarşısını almaq məqsədi ilə əks-hücum əməliyyatlarına başladı. Azərbaycan xalqı ön cəbhədə mənfur düşmən qüvvələrinə, arxa cəbhədə isə gözəgörünməz düşmənə qarşı bir yumruq kimi birləşdi. Azərbaycan ordusunun yazdığı şanlı qələbə səhifələri, qəhrəmanlıq tarixi ilə cəmi 44 gün ərzində Vətən savaşı Zəfər yürüşü ilə tamamlandı.
2023-cü ilin sentyabrında ölkə başçısının əmri ilə bir gündən az davam edən antiterror əməliyyatları nəticəsində Xankəndi, Xocavənd, Əsgəran, həmçinin Xocalı mənfur düşməndən azad edildi və beləliklə də, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa olundu. Torpaqlarımızın azadlığı uğrunda həyatını itirmiş şəhidlərin, eləcə də tariximizin ən qanlı səhifələrindən biri - Xocalı soyqırımının qurbanlarının qanı yerdə qalmadı.
Soyqırım qurbanlarını unutmadıq, unutmarıq!
Allah şəhidlərimizə rəhmət eləsin!