z

"Şöhrət" ordenli inşaatçı

"Şöhrət" ordenli inşaatçı

28 IYUL / 2017 / 00:00

Mərmər libaslı metro stansiyalarının tikintisi minlərlə insanın ağır zəhmətinin, fədakar əməyinin nəticəsidir. Onların arasında elələri olub və hazırda da var ki, adları şəhərimizin metro tikintisi salnaməsinə daxildir. Bu gün biz metromuzun təməlini qoyan insanların, bu işə Bakıda rəvac verən mütəxəssislərdən – G.Lebedevin B.Odinsovun, V.Uşakovun, K.Jornyak və N.Kornilovun, ilk qazmaçılar V.Muromskinin, Q.Şarapovun, V.Svetlikovun, eləcə də mərkəzi hökumətin tapşırığı ilə Bakıya gələn digər mütəxəssislərin, onların köməkliyi ilə yetişdirilən yerli kadrlardan qabaqcıl qazmaçı və inşaatçılar – İ.Cavadovun, N.Ələsgərovun, T.Babaxanovun, A.İsrafilovun, Z.Musayevin, B.Həşimovun, N.Şerbakovun (bu siyahının sonu bilinmir) və yüzlərlə başqalarının qarşısında baş əyirik. Bu insanların xalqımıza bəxş etdiyi sürətli nəqliyyat vasitəsi, təkrarsız memarlıq abidəsi, nizam-intizam, dəqiqlik, yüksək xidmət mədəniyyəti nümunəsi olan metro nəsillərdən nəsillərə ötürüləcək, əsrlər boyu xalqa xidmət edəcək.
Yuxarıda adları sadalanan metro inşaatçılarından bu gün də əmək növbəsini davam etdirənlər var. Məsələn, "Həzi Aslanov-2" stansiyasının sahə rəisi Zeynalabdin Musayev. O, 52 ildir yeraltı tikinti sahəsində çalışır.
Onun metro tikintisinə gəlişini taleyin hökmü də adlandırmaq olar. Bu barədə veteran inşaatçı özü belə deyir:
- Gənclik illərində arzum müəllim olmaq idi. İstəyirdim ki, kəndimizdə - Neftçalanın Seyidlər kəndində müəllimlik edim. Amma əsgərlik illərində məni inşaatçı- geodezist ixtisasına yiyələnmək üçün Riqa hərbi mütəxəssislərin hazırlığı məktəbinə göndərdilər. Guya layiqli, nümunəvi əsgər kimi belə şərəfə layiq bilinmişdim. Kursu başa vurduqdan sonra, əvvəlcə Sızrana, sonra isə Penzaya raket qurğuları tikintisinə göndərildim. Orada 30 m yerin altında sıravi markşeyder kimi işləməyə başladım.


Ola bilsin ki, çoxları, xüsusən də metroda yenicə əmək fəaliyyətinə başlayan gənclər
bu sözün mənasını bilməsinlər. Markşeyder…

- Markşeyder yeraltı tikintidə səthi-coğrafi ölçmə işlərini həm yerin altında, həm də yerin üstündəki müvafiq sahələrdə aparan dağ-mədən mütəxəssisidir. O, tikintinin aparılacağı sahənin geoloji xüsusiyyətlərini bilməli, ölçüləri qeydə almalıdır. Alman dilindən tərcüməsi də səddin-sərhəddin müəyyən edilməsi mənasını verir. Nə isə, tədricən bu peşəni mənimsədim. Onu da deyim ki, bu çox məsuliyyətli işdir. Mən də ona elə yüksək məsuliyyətlə yanaşırdım. Yaxşı mütəxəssis sayılırdım.  Zeynal_portret

Belə olmasaydı, əsgərlikdən tərxis olunduqdan 5 il sonra 1969-cu ildə xidmət etdiyim hərbi hissədən xüsusi olaraq adam göndərib, yaxşı təkliflərlə məni hərbi obyektlərin tikintisinə dəvət etməzdilər ki?! O vaxt mən artıq 4 il idi metro tikintisi sahəsində çalışırdım.
Həmin dövrdə Bakıda geodeziyaçı - markşeyder ixtisası üzrə mütəxəssislər çox az idi. Zeynalabdin metro inşaatçıları üçün tapıntı oldu. 1965-ci ilin yanvar ayından Bakının yeraltı yollarının tikintisinə 771 nömrəli tikinti-quraşdırma idarəsinə markşeyder işi üzrə fəhlə qismində qatılan Z.Musayevə 15 gündən sonra, növbə markşeyderi, bir qədərdən sonra isə sahə markşeyderi kimi məsul vəzifələr tapşırıldı. "28 May-Gənclik" mənzilində markşeyder işlərinə rəhbərlik edən Z.Musayev sahədə üz-üzə gələn iki tunelin qovuşduğu günü uzun müddət unutmayacaq. Qovuşma ərəfəsində Zeynalabdin daxildən hiss etdiyi gərginliyi nə qədər gizlətməyə çalışsa da, həmkarları onun narahatlığını hiss edirdilər. Vəziyyət həqiqətən də çox məsuliyyətli idi. Qarşı qarşıya gələn tunellərin qovuşmasında ölçülərdəki kənarlaşma 5 sm-dən artıq olmamalı idi. Metro inşaatçılarının hər dəfə bayram kimi qeyd etdikləri qovuşma günü nəhayət ki, yetişdi: bir-birinə qarşı gələn qazmaçı briqadaları böyük sevinc hissi ilə "ura" sədaları altında görüşdülər. Zeynalabdin dərindən köksünü ötürdü. Qovuşma yüksək səviyyədə, 5 mm dəqiqliklə yerinə yetirilmişdi.

Zeynal_sxem Zeynalabdin markşeyder kimi çalışdığı illərdə bir neçə belə tuneli qovuşdurub. Belə günlərdə Bakı Metro Tikintisi İdarəsi "Bakımetrotikinti"nin bütün rəhbər işçiləri Ə.Abdürrəhimov, D.Muğanlinski, F.Qurbanov, tunel tikinti dəstələrinin rəisləri, partiya, komsomol, həmkarlar ittifaqı təşkilatlarının rəhbərləri, əmək qabaqcılları belə bir əlamətdar tarixi anın şahidi olmaq istəyirdilər. Dövlət qəzetləri, televiziyanın nümayəndələri bu hadisəni ictimaiyyətin diqqətinə çatdırırdı. Qazma divarları yarılaraq, hər iki tərəfdən çıxaraq, bir-birinə qarşı yüyürüb qucaqlaşan əlləri pnevmatik çəkicli, külünglü-belli qazmaçıları Ə.Əbdürrəhimov qarşılayırdı.

Həmkarlar ittifaqı təşkilatının sədri Minaxanım Əliyeva onları gül-çiçəklə təbrik edirdi.
Z.Musayev sonrakı illərdə "Ulduz", "Koroğlu", "Qara Qarayev", "Neftçilər" stansiyalarının tikintisində növbə markşeyderi işləyib. Sahə rəisi kimi "Xalqlar dostluğu", "Əhmədli", "Həzi Aslanov" stansiyalarının tikintisinə rəhbərlik edib. Ümumiyyətlə, Bakı metrosunun açıq tipli stansiyalarının demək olar ki, hamısının tikintisində Z.Musayevin əməyi var. "Memar Əcəmi", "İnşaatçılar", "20 Yanvar", "Elmlər Akademiyası"nın vestibülü, "Nəsimi", "Azadlıq prospekti", "Dərnəgül" stansiyalarının vestibüllərinin tikintisindəki çətin işlər onun adı ilə bağlıdır. "Elmlər Akademiyası" Z.Musayevin inşasında çalışdığı yeganə dərin özüllü stansiyadır. Orada yerüstü vestibülün tikinti işinə başqa bir sahə rəisi başlamışdı. Sonradan işi Zaynala tapşırdılar.

"Körpülü krandan ilk dəfə
"Memar Əcəmi" stansiyasının çalasında istifadə olunub"

 

"Memar Əcəmi" stansiyasının tikintisində çalışdığı illəri xatırlayan Z.Musayev stansiya çalasının qazıntısı zamanı üzləşdikləri çətinliklərdən danışaraq, orada ərazinin bərk qaya süxurlarından ibarət olduğunu deyir. Belə yerlərdə qazma işləri süxurların partladılması üsulu ilə aparılırdı. Partlayışı Bakıdakı xüsusi idarənin mütəxəssisləri aparırdılar. Əməliyyata başlamazdan əvvəl yaxınlıqda yerləşən binaların təhlükəsizliyi üçün xüsusi tədbirlər görülürdü. Partlayış işləri Dövlət Dağ- Mədən Müfəttişliyinin icazəsindən sonra aparıla bilərdi. Partlayıcı maddə ilə dağıdılan 50 kv.m-ə yaxın ərazi daş-kəsəkdən təmizləndikdən sonra, növbəti partlayış əməliyyatı başlayırdı. Bu proses torpaq təbəqəsinin gil qatına çatacağı ana qədər davam etdirilirdi. Körpülü krandan ilk dəfə "Memar Əcəmi" stansiyasının çalasında istifadə olunub. Bu da qazma prosesində əl işlərinin həcmini xeyli azaltmağa imkan verdi. İndikindən fərqli olaraq o vaxt əl işləri çox idi. 

 Təcrübəli metro inşaatçıları sahə rəisi Adil Rəhimovun, tikinti idarəsinin baş mühəndisi Ağarəhim Rəhimovun, Z.Musayevin özünün səmərələşdirici təklifləri nəticəsində əməyin xeyli dərəcədə yüngülləşdirilməsinə nail olunurdu. Ağarəhim Rəhimovun belə təkliflərindən biri barədə qocaman inşaatçının söylədikləri maraqlıdır:

Zeynal_04 "Memar Əcəmi" stansiyasının 700 m uzunluğunda olan çalası ətraf binalarda yaşayan insanlar üçün gediş-gəlişdə böyük çətinlik yaratmışdı. Ağarəhim müəllimin təklifi ilə çalanın üzərindən asma körpü quruldu. Hər iki tərəfində basdırılan iki boruya bağlanmış trosun üstündən taxtalar düzülmüş, mühəccərlər qoyulmuşdu. Maraqlısı o idi ki, körpünün titrəməsinə, havada yellənməsinə baxmayaraq adamlar onun üzərindən qorxusuz-hürküsüz, hətta qaça-qaça keçib gedirdilər. "Memar Əcəmi" Nəsimi rayonu ərazisində yerləşdiyindən Rayon Partiya Komitəsinin katibi Afiyəddin Cəlilov tez-tez tikinti meydançasına gəlir, orada işlərin gedişinə şəxsən özü nəzarət edirdi. İnşaatçıların əmək şəraiti ilə maraqlanır, qarşıya çıxan problemlərin həllinə köməyini əsirgəmirdi. 

Hərbi hissələrdən işçi qüvvəsi cəlb edirdi. Yaxınlıqdakı "Moskva" univermağının rəhbərliyi ilə danışaraq, fəhlələrin orada ödənişi 1 manatdan çox olmamaq şərtilə nahar etməsini təşkil etmişdi. Katibin tapşırığı ilə univermağın aldığı çətin tapılan malların satışı həftədə bir dəfə tikinti meydançasında təşkil edilirdi.

Ən çətin və tikintisi illərcə davam edən "Həzi Aslanov" stansiyası ilə bağlı xatirələri isə nisbətən yenidir, yaxın illərə aiddir. Həmin stansiyanın tikintisinin başa çatdığı ildə metronun 35 illiyi münasibətilə dövlət başçısı, ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Zeynal Musayev "Şöhrət" ordeninə layiq görülüb. "Həzi Aslanov" stansiyasının tikintisi 18 il çəkdi. Ötən əsrin 90-cı illərinin məlum hadisələri, siyasi və iqtisadi böhran bütün sahələrdə işlərin dayandırılmasına, müəssisələrin öz fəaliyyətini dondurmasına səbəb oldu. 1989-cu ildə "Xalqlar dostluğu", "Əhmədli" stansiyaları ilə birlikdə kompleks şəkildə təhvil verilməsi mümkün olmayan bu stansiyada işlər uzun müddət dayandı. Metro inşaatçılarının, tunel qazmaçılarının bir hissəsi işdən ayrıldı.  Zeynal-02

Orada ancaq mövcud tikililərin saxlanması üçün kiçik bir qüvvə qaldı. 2000-ci ildə stansiyada inşaat işləri bərpa olundu və 2002-ci ildə stansiya təhvil verildi.

7 mərtəbəli sarayın sahə rəisi


Bu gün Z.Musayev "Həzi Aslanov-2" stansiyasında inşaat işlərinə rəhbərlik edir. Bu stansiya usta inşaatçının əmək təcrübəsində özünəməxsus cəhətləri ilə seçilir. Z.Musayev özü bu barədə deyir:

Zeynal_Ali - "Həzi Aslanov-2" Bakı metrosunun tikintisində açıq üsulla tikilən stansiyalar arasında ən dərinidir. Burada stansiya çalasının dərinliyi 25 metrdir. O biri stansiyalar 13-15 metr dərinlikdə tikilirdi. Burada belə böyük dərinlik tunelin işlək tunelin altından keçməsi ilə bağlıdır. Hazırda stansiyanın platformaları tikilir. Onu da qeyd edək ki, bu yeraltı saray 7 mərtəbəlidir.
Zeynal müəllim yaşının bu vaxtında gündə 5-6 dəfə bu pilləkənləri çıxıb düşür. Həm də cavan oğlan çevikliyi ilə. 

Özünün dediyinə görə, hər dəfə stansiya çalasının bir neçə metrliyində yerləşən göydələnlərə baxanda sanki diksinən kimi olur. "Elə bilirəm ki, binalar üstümə gəlir", - deyir.
İndiyə kimi Bakıda yaşayış binalarının belə sıxlığı şəraitində açıq üsulla metro tikilməyib. Stansiyanın çalası ilə binalar arasındakı məsafə heç vaxt belə yaxın olmayıb. Əvvəllər metro tikilən yaşayış sahələrində ən hündür bina beş mərtəbədən yüksək deyildi. "Həzi Aslanov-2" stansiyasının çalasında lazımi qrunt möhkəmlətmə işləri aparılsa da, qocaman metro işçisi ilk günlər hündür binaların taleyi üçün narahat idi, gecələri səksəkəli yatırdı. Bütün təhlükəsizlik tədbirlərindən sonra, başlanan inşaat işləri davam edir. Zeynalabdin Musayev yarım əsrlik metro tikintisi tarixində inşa etdiyi daha bir yeraltı sarayı təhvil verəcəyi günü səbirsizliklə gözləyir.