z
03 AVQUST / 2017 / 00:00
Bakı metropoliteninin keçmiş rəisi, 1987-ci ildən 1993-cü ilə kimi kollektivə rəhbərlik etmiş tanınmış dəmir yolu mütəxəssisi Vahid Məmmədrza oğlu Nadirli avqustun 2-də ömrünün 72-ci ilində vəfat edib.
1946-cı ildə Bakıda anadan olan V.M Nadirli Bakı Dəmiryol Nəqliyyatı Texnikumunu, sonra isə Rostov Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunu dəmir yollarının istismarı üzrə mühəndis ixtisası üzrə bitirdikdən sonra əmək fəaliyyətinə 1966-cı ildə Azərbaycan Dəmiryolunun hərəkət xidmətində başlamışdı. O, Bakı dəmiryolu sərnişin stansiyasında stansiya növbətçisi, Azərbaycan dəmir yolunun Bakı hissəsinin qatar dispetçeri işləmişdi. Metropolitenlə bağlılığı isə 1974-1975-ci illərə təsadüf edir. Burada böyük qatar dispetçeri kimi çalışdıqdan sonra o, yenidən dəmir yoluna qayıdıb. 1979-cu ildə Azərbaycan dəmiryolu Bakı şöbəsi rəisinin hərəkət üzrə müavini, 1980-ci ildə «Biləcəri» stansiyasının rəisi, 1980-1983-cü illərdə Azərbaycan dəmiryolunun Gəncə bölməsinin rəisi, sonradan Respublika Nazirlər Sovetinin nəqliyyat və rabitə şöbəsinin müdir müavini vəzifələrində çalışıb. 1987-ci il fevralın 21-də Bakı metropoliteninin rəisi vəzifəsinə təyin edilib.
Metropolitendə çalışdığı dövrlərdə V.Nadirli hərəkətin təşkilinin mütərəqqi formalarının tətbiqi, vaqon parkının genişləndirilməsi, vaqonların təmir bazasının möhkəmləndirilməsi sahəsində çox işlər görüb. Həmin illərdə Mıtişşi «Metrovaqonmaş» maşınqayırma zavodunun son məhsullarından olan 81/717, 81/714 seriyalı 100-ə yaxın vaqonun alınması ilk növbədə onun xidməti idi.
1993-cü il noyabrın 10-dan Vahid Məmmədrza oğlu Nadirli Azərbaycan Prezidentinin Sərəncamı ilə Azərbaycan Dəmiryolu İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Vahid Məmmədrza oğlu Nadirli «Şərəf nişanı» ordeni, «Fəxri dəmiryolçu» döş nişanı və SSRİ Yollar Nazirliyinin xatirə qol saatı ilə təltif olunub.
Bacarıqlı təşkilatçı, hərəkətin təşkili üzrə savadlı mütəxəssis, gözəl insan olmuş Vahid Məmmədrza oğlu Nadirlinin xatirəsi Bakı metropolitençiləri və Azərbaycan dəmiryolçuları üçün həmişə əziz olacaq.
Allah rəhmət eləsin!