z

Yarım əsri metronun özündən əvvəl başa vuranlar

Yarım əsri metronun özündən əvvəl başa vuranlar

08 AVQUST / 2017 / 00:00

Əmək fəaliyyətinin 50 ilini metroya həsr edən insanlar bu il iki yubiley, iki bayram qeyd edirlər. Əmək kitabçalarına ilk sətri metroda yazılanlar, ilk gündən taleyini yeraltı yollara bağlayan və əmək növbəsini bu gün də davam etdirən kollektivə gərəkli olan insanlar hələ də metropolitendə çalışırlar. Təcrübələri, bilikləri və bəzi hallarda, hətta əvəzolunmazlıqları onları kollektivə bağlayır. Çox da deyirlər ki, əvəzolunmaz insanlar yoxdur. Bəzən bu əvəzi tapmaq uzun zaman hesabına başa gəlir.

Ağaismayıl Orucov metropolitençi kimi əmək stajının 50 ilini metronun yubileyindən əvvəl - bu ilin mayında qeyd edib. 2 saylı dəmiryolu məktəbini bitirdikdən sonra təyinatı metroya verilən gələcək stansiya növbətçilərinin bir dəstəsi metroya 1967-ci ilin may ayında gəlmişdi. Onların arasında Ağaismayıl Orucov da daxil olmaqla, Rasim Musayev, Aydın Aydınov, İslam İsayev, Əli İsmayılov, Vaqif Haşımov, Ərşad Musayev, Sahib Vəliyev, Murquz Məmmədov da var idi. Bəziləri artıq həyatda yoxdur. aqaism-00

Onların, demək olar ki, hamısı Azərbaycanın müxtəlif bölgələrindən sənət sahibi olmaq, həyatda öz yollarını seçmək, yerlərini tapmaq üçün Bakıya gəlmişdilər. Ağaismayıl Orucuov da belə gənclərdən biri idi. 1966-cı ildə 11-ci sinfi bitirdikdən sonra onu Ucardan Bakıya gətirən “Alıkənd” stansiyası dispetçer mərkəzləşmə məntəqəsinin idarəetmə lövhəsi, onun yanıb-sönən rəngli lampaları, növbətçinin masa arxasındakı hökmlü oturuşu, əynindəki dəmiryolçu forması olub.
Dəmir yolu məktəbində dərslərin başlandığı ilk günlərdən məlum oldu ki, Ağaismayılın oxuduğu 31 nəfərdən ibarət qrupda hazırlanan stansiya növbətçilərinin böyük əksəriyyəti Bakı metropolitenində işləyəcək. O vaxt Bakıda metronun açılışına 1 ildən də çox vaxt qalırdı. Metropoliten üçün kadr hazırlanma prosesinin qızğın vaxtı idi. Bu işdə bakılılara Moskva, Kiyev metropolitençiləri yaxından kömək edirdilər. SSRİ-nin 5-ci metrosu üçün kadr yetişdirən kurslar yaradılır, işi yerində təşkil etmək məqsədilə Bakıya mütəxəssislər ezam olunurdu. Bu şəhərlərə maşinist, stansiya nöbətçisi, yol və tunel təsərrüfatı işçiləri kurslarına göndərilənlər arasında peşəkar dəmiryolçular da var idi. Amma metropoliteni dəmir yolundan fərqləndirən cəhətlərin mövcudluğu onların da xüsusi hazırlığa cəlb olunmasını tələb edirdi.
Ağaismayılın daxil olduğu ilk stansiya növbətçiləri qrupu 3 ay Moskvada mükəmməl hazırlıq keçdi. Praktiki məşğələlər birbaşa stansiyalarda aparılırdı. A.Orucov ən gur "Kursk" stansiyasına düşmüşdü. Moskva ilə Bakını birləşdirən Kursk vağzalının yaxınlığında yerləşən bu stansiyanı azərbaycanlılar yaxşı tanıyırdılar.
Bütün kursantlar dərslərdə fəal iştirak edir, bir neçə aydan sonra öz iş yerlərində rahat çalışa bilmələri üçün deyilən hər sözə, göstərilən hər bir hərəkətə diqqətlə əməl edirdilər. Ağaismayıl da daxil olmaqla, qrup üzvlərindən çoxunun dil bilməməsi çətinlik yaradırdı. Moskva metropolitençiləri bu məsələdə yetirmələrinə, gələcək həmkarlarına kömək edirdilər. "Kursk" stansiyasında işləyən qızlar Ağaismayıl üçün əsl rus dili müəllimləri idi. Onlar Ağaismayıla rus ifadələrini, ayrı-ayrı sözləri düzgün tələffüz etməyi öyrədirdilər. Bu sözlərin 19 yaşlı gəncin dilində Qafqaz ləhcəsinin şirinliyi ilə səslənməsi «Kursk» stansiyasında işləyən qızlara o qədər məzəli gəlirdi ki, uğunmaqdan özlərini saxlaya bilmirdilər. Amma Ağaismayıl bundan incimirdi, təhrif etdiyi sözün düzgün tələffüzünü elə qızların gülüşləri altında öyrənirdi. Üç aylıq Moskva həyatı Ağaismayıla stansiya növbətçiliyində təcrübə ili olmaqla yanaşı, rus dilində danışmaq vərdişləri də verdi.

 

Açılış günü yaxınlaşırdı

Bakıya avqust ayında qayıtdılar. Metronun işə düşməsinə 2 ay qalırdı və bu daha çox hazırlıq işlərinin qızğın getdiyi stansiyalarda daha aydın hiss olunurdu. Bütün şəhər açılış gününü səbirsizliklə gözləyirdi.

aqais-02 Ağaismayılı "28 Aprel" (indiki "28 May") stansiyasına növbətçi təyin etdilər. Şəhərin mərkəzində iki yeraltı xəttin kəsişmə nöqtəsində yerləşən bu stansiyada da hər şey açılış gününün çox yaxında olduğunu bildirirdi. Stansiyanın gələcək sahibləri tikinti materialları tullantılarını platforma və vestibüllərdən çıxarmaqda inşaatçılara kömək edir, xidməti otaqları silib təmizləyirdilər.

Stansiyanın ilk rəisi Orucəli Nəsibov təcrübəli dəmiryolçu idi. Bütün hazırlıq işlərinə o rəhbərlik edirdi. Tabeliyində olan işçilərə dabansız, yüngül ayaqqabı (şəpit) geyməyi tapşırmışdı ki, asanlıqla yerisinlər. Gün ərzində bir neçə dəfə eskalatorun hərəkətsiz pillələri ilə sərnişin zalına, platformaya çıxıb-düşmək lazım gəlirdi. Belə işdən sonra nəinki yaşlılar, elə Ağaismayıl kimi gənclər də ağrıdan ayaqlarını yerə qoya bilmirdilər. Amma hər belə çətin iş günü onları səbirsizliklə gözlədikləri açılış gününə, stansiyada ilk qatarın qəbuluna bir addım yaxın edirdi. Bunu fikirləşdikdə isə bütün ağrıları candan çıxırdı.
Stansiyanın işi öz yerində, amma gələcək hərəkətçilərin başlıca vəzifəsi məktəbdə öyrəndiklərini, Moskvada, Kiyevdə gördüklərini yada salmaq, konspektləri, təlimatları hər gün vərəqləmək idi. İmkan, vaxt, ən başlıcası isə stansiyada münasib yer tapan kimi, Orucəli Nəsibov işçilərini başına yığıb, təlimatları onlara təkrar etdirir, suallar verirdi. Rus dilində olan təlimatlardakı xüsusi əhəmiyyətli bəndləri özü ucadan oxuyur, hətta yeri gələndə, başa düşülməyəndə ruscadan tərcümə də edirdi. Üstündən bir neçə onilliklər keçdikdən sonra, Ağaismayıl Orucov metropolitenin işi üzrə təlimatları ruscadan dilimizə tərcümə edərkən, həmin anları tez-tez xatırlayırdı.

 

Xatirələrdə yaşayan tarix

... Metro istifadəyə verildikdən bir qədər sonra A.Orucov hərəkətin idarəolunması baxımından ən mürəkkəb stansiya sayılan "Nəriman Nərimanov"a növbətçi keçirildi. Həmin illərdə orada Qalina Bağırova, Svetlana Kulakina, Zina Hacıyeva, Lüdmila Titovets kimi təcrübəli dəmiryolçular işləyirdilər.

Sonradan A.Orucov "Bakı Soveti" (indiki "İçərişəhər") stansiyasında blok-post növbətçisi, 1979-cu ildən 1984-cü ilə kimi "Nizami" stansiyasının rəisi, 1984-cü ildən hərəkət xidmətində distansiya rəisi, xidmət rəisinin hərəkətin təhlükəsizliyi üzrə müavini, baş mühəndis işləyir və hərəkətçilər nəslinin yetişdirilməsində əvəzsiz xidmətləri də həmin dövrə təsadüf edirdi. Xidmətin texniki kabinetində keçirdiyi məşğələlərdə onun pedaqoji məharəti aşkar olunurdu.  aqais-03

Apardığı kursların dinləyiciləri arasında rus dilini zəif bilənlərə kömək məqsədilə metropolitendəki vəzifə təlimatlarının dilimizə tərcüməsinə başlayır və bu işi bu günə kimi davam etdirir.
Doxsanıncı illərin axırlarından 2007-ci ilə kimi A.Orucov metropoliten rəisinin müavini, hərbiləşdirilmiş yanğından mühafizə şöbəsinin, "Memar Əcəmi" stansiyasının rəisi vəzifələrində çalışır. 2007-ci ildə isə hərəkətin təhlükəsizliyi üzrə baş müfəttiş təyin edilir və bu vəzifədə 10 il işləyir. Hazırda hərəkət xidmətinin məsləhətçisidir.
İlk metropolitençilər nəslinin yarım əsrə bərabər ömür dastanının qısa xülasəsi belədir. Bu gün həmin hadisələrin üstündən yarıməsrlik bir müddət ötəndən sonra, bu illərlə bağlı xatırlanası o qədər şirinli, acılı günlər, anlar var ki... Onların hər sətrində metro tarixinin bir anı yaşayır.

 

Güllələnən stansiya

1990-cı ilin yanvarı qarla gəlmədi, qanla gəldi. Ayın 19-dan 20-nə keçən gecənin faciəsindən vahiməyə düşən, dəhşətindən hiddətlənmiş və baş verənləri hələ də axıra qədər dərk edə bilməyən insanlar evlərində otura bilməyib, şəhərin demək olar ki, hər yerində yaranmış yığnaqlara üz tuturdular. Azərbaycan KP MK-nın binası qarşısında mitinqlər davam edir, oraya insan axını kəsilmək bilmirdi. Ordu hissələri axının qarşısını almağa cəhd göstərsələr də bu, mümkün olmurdu. Vəziyyəti belə görən ordu rəhbərliyi yanvarın qanlı gecəsinə bənzər, bir qanlı gündüzünü də yaratmaq qərarına gəldi. Tankların üstündəki əsgərlər kütləyə atəş açmağa başladılar. Güllə yağışından qurtulmaq istəyən yüzlərlə insan metronun "Bakı Soveti" stansiyasına üz tutdu. Güllə yağışı stansiyanın vestibülünü də bürüdü. Vestibülün vitrin şüşəsi qırılıb, yerə səpələndi. Güllələr pulxırdalama avtomatlarının bir neçəsini sıradan çıxardı. Amma qəribə idi ki, hərbiçilərin qısa müddət davam edən bu əməliyyatı zamanı ölən və yaralanan olmadı. Atəş, yəqin ki, kütlənin başı üzərinə açılırdı. Belə vəziyyət insan axınının istiqamətini o vaxtkı "Kommunist" küçəsindəki metroya yönəltdi. Stansiya bu axının qarşısında davam gətirə bilməzdi. Qapıları bağlamaq isə insanları ölümlə üz-üzə qoymaq demək idi. Vestibülün dirəkləri arxasında sığınacaq tapan hərəkət xidmətinin rəisi Fikrət Tağıyev və Ağaismayıl Orucov ilk dəqiqələrdə nə edəcəklərini bilməsələr də, dərhəl özlərini ələ alıb, qatar dispetçeri Qalina Bağırovaya belə bir göstəriş verdilər: stansiyaya daxil olan qatarların sayını artırmaq məqsədilə "Bakı Soveti"ndən çıxan qatarları "28 May" stansiyasından sərnişinsiz geri qaytarmaq, eləcə də 2-ci yolla «Bakı Soveti»nə gələn marşrutların hamısına sərnişinləri "28 May" stansiyasında boşaldaraq, yolunu sərnişinsiz davam etdirmək. "Bakı Soveti"nə daxil olan boş vaqonlu qatarlar böyük sərnişin kütləsini götürüb, tuneldə gözdən itən kimi, onun yerini başqa bir sərnişinsiz qatar tuturdu. Bu yolla "Bakı Soveti" stansiyası insanları təhlükədən qurtardı.

 

Bir ildə iki terror aktı

1994-1995-ci illərdə metroda insan tələfatı ilə nəticələnən 3 böyük hadisə olub.1994-cü il martın 19-da "20 Yanvar" stansiyasında qatarın partladılmasından sonra ikinci hadisə baş verdi. İyulun 3-də səhər hərəkət xidmətinin rəisi Fikrət Tağıyev hərəkətin təhlükəsizliyi üzrə müavini Ağaismayıl Orucovla "Nəriman Nərimanov" stansiyasında görüşmək barədə vədələşmişdi. Onlar stansiyanın dispetçer mərkəzləşmə məntəqəsinə yenicə gəlmişdilər ki, "Gənclik" stansiyasında partlayışın baş verməsi barədə xəbər daxil oldu. Yeraltı yollarda hərəkət kəsildiyi üçün yuxarı qalxıb, maşınla hadisə yerinə yollandılar. Onlar "Gənclik" stansiyasına çatanda təcili yardım xidmətinin işçiləri metropolitençilərin köməyilə yaralıları çıxarırdılar. "28 May" stansiyasından gələn qatar "Gənclik" stansiyasının girəcəyində tuneldə qalmışdı. Partlayış vaqonun tavanını qopararaq, tunel köynəyinə dirənmişdi. 

aqaism-04 Hərəkətin təhlükəsizliyi üzrə baş müfəttiş Fuad Ələkbərov tavanı doğrayan qaynaqçıların işinə rəhbərlik edirdi. Lokomotivçilərin, hərəkət xidməti heyətinin, yol və tunel qurğuları işçilərinin, eləcə də hərəkətin təşkili ilə bağlı digər xidmət nümayəndələrinin birgə səyi ilə tezliklə partlayışın eybəcər hala saldığı qatarı tuneldən çıxarıb, hərəkəti bərpa etmək mümkün oldu. Metropolitençilər daha bir sınaqdan çıxa bildilər.

 

"Bakmil" stansiyasının cansız sərnişinləri

Ən böyük faciə isə 1995-ci il oktyabrın 28-də "Ulduz" stansiyasında baş verdi. Stansiyadan "Nəriman Nərimanov" istiqamətində hərəkətə başlayan qatar tunelə yenicə daxil olmuşdu ki, sonuncu vaqonun altından partlayışla müşayiət olunan qığılcımlar göründü. Stansiyanı tüstü bürüdü, tuneldən çıxan qara tüstü orada baş verənləri görünməz, müdhiş bir aləmə çevirmişdi...
Hadisə şənbə günü axşam saatlarında baş vermişdi. Ağaismayıl Orucova xəbər evdə olarkən çatdı. Dərhal özünü hadisə yerinə yetirmək üçün evdən çıxan kimi bir maşın saxlatdırıb, "Ulduz" stansiyasına yollandı. Ora çatanda metropoliten rəisi Cəfər Yusifov, baş müfəttiş Fuad Ələkbərov, bəzi xidmətlərin rəisləri orada idilər. Cəfər müəllimin rəngi həyəcandan ağappaq idi. Heç kəsin hələ tuneldə nə baş verdiyindən xəbəri yox idi.Orada yanğınsöndürmə dəstələri işləyirdi. Onlar çıxandan sonra, tuneldə nələrin baş verdiyi məlum oldu. Hadisənin qurbanları barədə ilk cəhddə dəqiq məlumat almaq mümkün olmadı. Tuneldən tüstü çəkiləndən sonra, yanğının baş verdiyi vaqonları tuneldən çıxarmaq üçün hadisə yerinə təsərrüfat qatarları göndərildi. Partayışın tanınmaz hala saldığı vaqonların cansız sərnişinləri "Bakmil" stansiyasına gətirildi.
Bundan sonra Ağaismayıl Orucov hərəkətin təhlükəsizliyi üzrə müfəttişliyin nümayəndələri ilə birlikdə "Ulduz-Nərimanov" mənzilinin hər iki yolunun hər metrini yoxlaya-yoxlaya "Nəriman Nərimanov" stansiyasından çıxdılar. Hadisə ən böyük metro faciəsi kimi Ginnesin rekordlar kitabına daxil edildi. 

Hərəkəti tez bir zamanda bərpa etmək üçün metropolitençilər səhərə kimi çalışdılar. Səhər Ağaismayıl Orucov "Nəriman Nərimanov" stansiyasının mərkəzləşmə məntəqəsində idi. Birdən qapı açıldı və hökumət nümayəndələri otağa daxil oldular. Bütün metropoliten xətlərində hərəkətin bərpa olunduğu barədə məlumatı dinlədikdən sonra xidməti heyətə təşəkkürlərini bildirdilər. Artıq metropolitendə normal iş rejimi təmin edilmişdi.  aqaism-01

Qatarlar cədvəl üzrə hərəkət edirdi, hadisənin baş verdiyi yerdən keçəndə isə uzun bir fit verilirdi. Faciə qurbanlarının xatirəsi uzun müddət belə yad edildi.