z

Metropolitençilərin yay istirahəti davam edir

Metropolitençilərin yay istirahəti davam edir

18 AVQUST / 2017 / 00:00

Metropolitençilərin əsas istirahət məkanı olan “Bilgəh” sanatoriya-profilaktoriyası və istirahət zonası yay mövsümü dövründə növbəti sakinlərini qarşılayıb. “Bakı Metropoliteni” QSC rəhbərliyinin və Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə müxtəlif sosial tədbirlərdən faydalanan metropolitençilərin əsas yay istirahəti “Bilgəh” sağlamlıq mərkəzi ilə bağlıdır. Çünki bu mərkəz, metropolitençilərin öz evi kimi onların xidmətindədir. Qeyd etmək yerinə düşər ki, 2015-2016-cı illərdə sanatoriya-profilaktoriyada 2444 nəfər həm müalicə alıb, həm də dincəlib. Ərazidəki kotteclərə isə 744 yollayış verilib.
40 ildən artıqdır fəaliyyət göstərən sanatoriya-profilaktoriya və istirahət məkanı son illərdə simasını köklü şəkildə dəyişib. Bu məkanda əvvəllər istirahət edənlər, demək olar ki, çox az idi. Çünki, istirahət üçün normal şərait yox idi. Elə buna görə də “Bakı Metropoliteni” QSC fəaliyyətə başladığı ilk gündən işçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər çərçivəsində burada əsaslı dəyişikliklər edilməyə başlandı. QSC rəhbərliyinin birbaşa nəzarəti ilə xidmət tam yeni standartlar üzərində qurulub, yeniliklər sayəsində daha geniş miqyasda istirahət proqramı təklif olunur, tibbi xidmətin səviyyəsi və çeşidi artırılıb.
Belə ki, sanatoriya-profilaktoriyanın müalicə otaqlarında tibbi-müayinə avadanlığı ABŞ, İtaliya, Çexiya istehsalı olan cihazlarla əvəzlənib. Bununla fizioterapevtik prosedurların sayı artırılıb, həmçinin müalicə otaqlarında yeni sağlamlıq-müalicə növləri təklif edilir. Müalicədə işıq və maqnit terapiyasından, inhalyasiyanın bütün növlərindən, impulslu və stimullaşdırıcı elektrik cərəyanından, Naftalan və parafin müalicəsindən, ultrasəs müayinəsindən, impulsiv masaj və müalicəvi idmandan istifadə edilir. Mətbəx yenilənərək tam müasir standartlar səviyyəsinə çatdırılıb.
Ən böyük dəyişikliklər isə istirahət zonasında edilib. Burada ilk növbədə birmərtəbəli evciklərin müasir kotteclərlə əvəz olunmasına başlanılıb. İkimərtəbəli evlərin təmir edilməsilə yanaşı, mansard nəzərə alınmaqla, dördmərtəbəli üç kottec inşa olunub. Bu dincələnlərin sayını xeyli artırmağa imkan verib. Otaqlar bütün lazımi avadanlıqla - mebel, televizor, kondisioner, mətbəx mebeli və digər sosial-məişət avadanlıqları ilə təchiz olunub.
Ərazidə daimi su, kanalizasiya xətləri var, müasir tələblərə cavab verən qazanxana quraşdırılıb, binalar mərkəzi istilik sistemi ilə təmin edilib. İşıqlandırma sistemi yenidən qurulub və etibarlığını təmin etmək üçün 380 V-luq paylayıcı lövhələr quraşdırılıb.
İstirahətin tam dolğun olması məqsədilə salınmış yeni park bütün sakinlərin, xüsusən uşaqların ürəyincədir. Sensorlu idarəetmə sistemli və rəngarəng işıqlanması olan fəvvarə, voleybol, çimərlik voleybolu, mini-futbol və basketbol meydançaları, uşaqlar üçün daima nəzarətdə saxlanılan dəniz qumu tökülmüş guşə, uşaq əyləncə və iri fiqurlu şahmat meydançası, stolüstü tennis sahəsi, istirahət köşkləri və skamyalar ərazidə hər cür istirahətə imkan verir.
Sağlamlıq mərkəzinin girişində üstüörtülü avtomobil parkı, hətta əraziyə daxil olarkən əşyaların daşınması üçün xüsusi arabaların nəzərdə tutulması yaradılmış şəraitin optimal həddə çatdırılmasına nümunədir.
Eskalator xidmətinin böyük dispetçeri, eləcə də metropolitenin ictimai müfəttişlər şurasının sədri, metropolitendə 25 ildən artıq iş stajı olan Kamran Rizayev qeyd edir ki, o, müxtəlif dövrlərdə burada dincəlib, lakin son illərdəki vüsətli yeniləşməni heç vaxt görməyib: “İndi hər bir şərait var. Hətta rəhbərliyin təşəbbüsü ilə burada maraqlı konsertlər də təşkil edilir. Bir sözlə, istirahətimiz çox maraqlı keçir. Bunun üçün həm həmkarlar təşkilatına, həm də müəssisəmizin rəhbərliyinə minnətdarıq “.
Alıyevlər ailəsinin də öz təklifləri var. Depolar üzrə iş departamentinin texnoloqu Sevinc Alıyeva deyir ki, 25 ildir metropolitendə çalışsa da, ilk dəfədir ailəsi ilə istirahət mərkəzində dincəlməyə qərar verib: “Yaradılmış şəraitdən o qədər xoş sözlər eşitdik ki, yoxlamaq qərarına gəldik. Heç bir mübaliğəsiz deyirəm, övladlarıma evimizdən də etibarlı və təhlükəsiz, rahatlıqla ərazidə tək dincəlmələrinə icazə verirəm. Ailəliklə dincələrkən, qadınların bir-iki qayğısı nəzərə alınsa, gözəl olar. Birincisi, ümumi istifadə üçün camaşırxana, ikincisi, yeməkxanada qidalanmadır. Son illər metropolitendə işçilərə güzəştli təklif olunan yeməklərin keyfiyyəti yüksək, çeşidi çoxdur. Ona görə, eyni qayda ilə, lakin pulunu tam ödəmək şərtilə, bu xidmətin təklif edilməsi gözəl olardı”. Onun həyat yoldaşı, metropolitendə qatar maşinisti işləyən Elşad Alıyev başqa bir təklif verərək qeyd edir ki, istirahət zonasında təkcə məzuniyyət vaxtı deyil, adi iş günlərində yerləşmək mümkündür: “Çünki, burada hər cür şərait mövcuddur”.
Sanatoriya-profilaktoriyaya yollayışla gəlmiş sürücü Elçin Hüseynovun atası Yavər müəllimlə masaj otağının qarşısında söhbətləşirik: “Təşəkkürümü nə ilə ifadə edim, heç bilmirəm. Çünki işçilərin ailə üzvlərini də nəzərə alırlar. Çox yüksək keyfiyyətli müalicə prosesi var. Açığı, bu cür şəraitlə əlavə nəsə istəməyə də utanıram. Amma deyəcəyəm: ürək-damar xəstəliyi ilə əlaqədar həkimlər çimərliyə getməyi mənə qadağan ediblər. Mənim kimi xəstələr bura çox gəlir. Üzürlü saysınlar, amma rəhbərlikdən bu istəyimizi nəzərə almağı çox xahiş edirəm. Çünki hovuza ehtiyacımız hədsizdir”.
Uşaqların da arzu-istəyi var. Qatarların hərəkət təhlükəsizliyi üzrə baş müfəttişi Elxan Məmmədovun 13 yaşlı oğlu həmyaşıdlarının fikrini ifadə edərək, razılığını bildirir: “Hər gün iki dəfə – səhər və axşam saatlarında metropolitenin öz avtobusu bir neçə reys edərək, dincələnləri yaxınlıqdakı çimərliyə daşıyır. Burada isə elə şərait yaradılıb ki, bütün günümüz əyləncəli keçir. Futbol, voleybol, tennis oynayırıq. Dostlarımızla tam güvənli şəkildə istənilən maraqlı əyləncə təşkil edə bilirik. Hətta bəzən valideynlərimiz bizi burada qoyaraq harasa gedirlər. Bilirlər ki, biz burada tək sayılmırıq”.
“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi istər işin təşkili və iş şəraiti, istərsə də sosial-məişət məsələləri ilə bağlı daim işçilərlə iş aparır, sorğular keçirilir, fikir və rəylər öyrənilir. “Bilgəh” sağlamlıq mərkəzində daimi yeniləşmə tədbirlərinin təşkili ilə bağlı burada istirahət edənlər və müalicə alanların fikri az əhəmiyyətli deyil. Həm müşahidələr, həm də burada dincəlmək istəyənlərin sayının artması göstərir ki, metropolitençilər mərkəzdəki yeniləşmədən tam razıdırlar.