z
23 AVQUST / 2017 / 00:00
"Neftçilər" stansiyasının vestibüllərində təmir işləri yekunlaşdırılıb. Təmir-bərpa tədbirləri çərçivəsində vestibülün giriş qapısından platforma səviyyəsinə qədər divar örtüyü tamamilə yenilənib, döşəmənin isə ehtiyac duyulan yerlərində təmir-bərpa işləri yerinə yetirilib. Qeyd edək ki, 1972-ci ildə istismara verilmiş stansiyanın vestibülləri uzun müddət istismar olunduğundan mərmər-qranit örtüyün dəyişdirilməsi zəruri tələbə çevrilmişdi.
Təmir zamanı kassa zalında sərnişinlərin rahatlığını təmin etmək məqsədilə yeniliklər də tətbiq olunub. Əvvəlki kassa otaqlarının ön hissəsində "BakıKart" kart yükləmə və satışı aparatlarının rahat və sərnişinlərə maneə törətmədən yerləşdirilməsi üçün xüsusi yer inşa edilib. Həmçinin sərnişin keçid məntəqəsində avtomat-nəzarət buraxılış köşkləri sərnişinlərin daha rahat keçməsini təmin edən səmtə dəyişdirilib.
Təmir müddətində vestibülün bütün elektrik təchizatı, yanğın təhlükəsizliyi, rabitə və elektromexaniki qurğuları yeniləşdirilərək müasir tələblər səviyyəsinə çatdırılıb.
Onu da əlavə edək ki, vestibüllərdə təmir aparıldığı müddət ərzində sərnişinlərin stansiyadan istifadə etməsinə məhdudiyyət qoyulmamışdı. Bu məqsədlə bütün təmir-bərpa tədbirləri mərhələli şəkildə aparılaraq, müvafiq iş şəraiti yaradılmış, həmçinin sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə təmir sahələri çəpərlənmişdi.
Xatırladaq ki, 2016-cı ildə stansiyanın keçidləri tam təmir edilmişdi. Bu tədbirlər çərçivəsində keçidlərin döşəmə və divar örtüyü yenilənmiş, keçid divarlarında stansiyanın adını özündə ehtiva edən mozaik pannolar quraşdırılmışdı.