z
18 MART / 2024 / 20:00
Novruz bayramı ərəfəsində “Bakı Metropoliteni” QSC-nin İnzibati binasında yerləşən konfrans zalında tədqiqatçı və vaxtilə televiziya ekranlarında yayımlanan "Bakının sirləri" televiziya layihəsinin müəllifi və aparıcısı Fuad Axundov maraqlı təqdimat keçirib.
Korporativ sosial məsuliyyət proqramı çərçivəsində təşkil edilən bu layihənin əsas məqsədi ölkəmiz üçün əhəmiyyətli olan mövzu, o cümlədən gender bərqabərliyi, tarixən Azərbaycan cəmiyyətində qadının rolu ilə bağlı əməkdaşların daha zəngin və dolğun məlumatlarla maarifləndirilməsi və tarixi bilikləri təşviq etməkdir.
Maraqla qarşılanan tədbirdə Bakı metropoliteninin rəhbərliyi və kollektivi ilə bərabər ölkə ictimaiyyətinin nümayəndələri, həmçinin tanınmış simalar iştirak ediblər.
Tədqiqatçı Azərbaycan, eyni zamanda müsəlman aləmində mədəniyyətin müxtəlif sahələrində qadın pionerlər olan 7 məşhur xanımın – ilk pianoçu Xədicə Qayıbova, ilk rəssam Qeysər Kaşıyeva, ilk opera müğənnisi Şövkət Məmmədova, ilk balerina Qəmər Almaszadə, ilk heykəltaraş Zivər Məmmədova, ilk aktrisa Barat Şəkinskaya və ilk rejissor Qəmər Salamzadənin həyat yolundan maraqlı faktlar və zəngin məlumatları təqdim edib.
Tədbir iştirakçıları Fuad Axundovun maraqlı slaydlar əsasında hazırladığı təqdimatdan məmnun qalıblar. O, tədbiri müxtəlif filmlərdən kadrlarla daha da zənginləşdirib. Görüşdə səsləndirilən suallar, fikir və rəylər tədbiri daha da maraqlı edib.
Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.