z

Retro vaqonların sərgisi başlanıb

Retro vaqonların sərgisi başlanıb

19 MART / 2024 / 10:25

Novruz bayramı münasibətilə “İçərişəhər” stansiyasında, ənənələrə sadiq qalaraq, Bakı metropoliteninin əsas muzey eksponatları olan retro vaqonların nümayişinə başlanıb.
Keçmiş SSRİ-nin ilk metro qatarının tərkib hissəsi olan “A” tipli vaqon 1934-cü ilin istehsalıdır. Bu vaqonda oturmaq üçün 52, ayaq üstə dayanmaq üçün 120 yer var. Vaqon Bakı metropoliteni xətlərində sərnişin daşımayıb, lakin dizaynı, maşinist kabinası, işıqlanması, oturacaqları və digər elementləri ilə diqqəti çəkir.
Stansiyada nümayiş olunan digər eksponat 1950-ci illərin istehsalı “Q” tipli metro vaqonudur. Bu vaqonların sonuncusu postsovet məkanında 1983-cü ildə xətdən çıxarılıb. Lakin Bakı metropoliteni istismara verilərkən artıq istehsalı dayandırılmışdı və bu səbəbdən Bakıda sərnişindaşıma prosesinə cəlb olunmayıb.
Hər iki vaqon 1960-cı illərin sonunda yolölçən vaqonun tərkib hissəsi kimi Bakı metropoliteni üçün ayrılıb və 2015-ci ilə qədər xətlərdə yolların, həmçinin digər texniki parametrlərin ölçülməsi, tunellərin yoxlanılması məqsədilə istifadə edilib. 2015-ci ildə Bakı metropoliteninin təqdim etdiyi layihə əsasında Rusiyanın TVEMA şirkəti ilə birlikdə unikal diaqnostika kompleksi qurularaq istifadəyə verildikdən sonra bu vaqonların orijinal görkəmində bərpa olunaraq saxlanılması qərara alınıb.
Stansiyada nümayiş etdirilən “E” tipli digər metro vaqonu isə 1959-cu ilin sonlarından başlayaraq istehsal olunub. Bu tipli vaqonlar Sovet İttifaqı dövründə beş şəhərin - Moskva, Leninqrad, Kiyev, Bakı və Tbilisinin metropolitenlərinə göndərilirdi. O zaman Bakıya “E” tipli 47 ədəd vaqon çatdırılmışdı. 1980-ci illərdən isə xəttə buraxılmaq üçün yalnız 81-717/714 tipli vaqonlardan ibarət qatarlar alınıb.
Nümayiş olunan vaqonların sonuncusu 2011-ci ildə istismardan çıxarılıb. Lakin metro sərnişinlərinin daha yaşlı nəsli üçün bu vaqonlar gənclik dövrlərinin xatirəsi kimi indi də diqqəti çəkir.
Bakı metropoliteninin sərnişinləri mart ayının 19-dan 24-dək “İçərişəhər” stansiyasında bu vaqonlarla tanış ola, xatirə şəkilləri çəkdirə bilərlər.
Mart ayının 20-si və 21-də təşkil ediləcək Novruz  şənliklərinin proqramına uşaqdan böyüyə hər kəsin tanıdığı və sevdiyi Bəhram Bağırzadə ilə görüş də daxil edilib. Bakı metropolitenində keçirilən hər belə görüş Bəhram Bağırzadənin imza gününə çevrilir.
İki gün ərzində “İçərişəhər” stansiyasının vestibülündə ənənəvi Novruz tamaşası təqdim olunacaq. Proqrama Bahar qızının müşayiəti ilə Keçəl və Kosanın oyunu, eləcə də sirk ustalarının çıxışları daxil edilib. Ənənəyə uyğun olaraq, azyaşlı sərnişinlərə Novruz hədiyyələri təqdim ediləcək.