z
06 SENTYABR / 2017 / 00:00
Bakı metropoliteninin 50 illik yubileyi ilə əlaqədar sislsilə tədbirlər davam etdirilir. Növbəti belə tədbir idman yarışları ilə bağlı olub.
Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə «Nərimanov» elektrik deposunda avqustun 1-də start götürmüş yarışlar artıq başa çatıb. Spartakiada 9 idman növü - mini-futbol, voleybol, stolüstü tennis, şahmat, dama, nərd, kəndirdartma, daşqaldırma, qol güləşi üzrə təşkil edilib.
Kəndirdartma yarışında depolar üzrə iş departamenti, yol xidməti, işarəvermə və rabitə xidmətinin kollektivləri müvafiq qaydada ilk üç yeri tutublar.
Stolüstü tennis turniri elektromexanika xidmətindən Asəf və Fərhad Məmmədov qardaşlarının mübarizəsi ilə yadda qalıb. Asəf 1-ci, Fərhad 2-ci yerə çıxıb. 3-cü yerin sahibi isə depolar üzrə iş departamentindən Şakir Abbasov olub.
Qol güləşçilərinin rəqabətində qalib gəlmiş tunel qurğular xidmətinin süni qurğular və yol baxıcısı Vüsal Zeynalovla yanaşı, fəxri kürsüdə mühafizə şöbəsindən Fəzail Əliyev və işarəvermə və rabitə xidmətindən elektrik mexaniki Ceyhun Süleymanov, uyğun olaraq, 2-ci və 3-cü yerlərdə qərarlaşıblar.
Daşqaldıranlar arasında ən güclü adını depolar üzrə iş departamentindən qatar maşinisti Ramil Sadıqov qazanıb. Onunla yanaşı, mükafata layiq yerləri tunel qurğularından tunel fəhləsi Aydın Həmzətov (2-ci yer) və işarəvermə və rabitə xidmətinin elektrik montyoru Rəhman Fərzəliyev (3-cü yer) tutublar.
Şahmatçıların zəka döyüşündə elektromexanika xidmətinin elektronçusu Arif Cəfərov bütün rəqiblərindən üstün olub. «Avtovağzal» stansiyasının qatarları qəbul edib yola salan növbətçisi Murad İdrisov 2-ci, tunel qurğularından usta köməkçisi Elşən Kamalzadə 3-cü nəticə göstəriblər.
Damaçılar arasında 1-ci yerə çıxmış əsaslı təmir xidmətinin rəngsazı Ramil Salahovu tunel qurğuları xidmətinin işçiləri - tunel fəhləsi Elnar Ələsgərov və usta köməkçisi, şahmat yarışında da 3-cü olmuş Elşən Kamalzadə təqib ediblər.
Nərd ustalarının görüşlərindən «20 Yanvar» stansiyasının rəis müavini Telman Vəliyev qalib ayrılıb. Onu avtomotonəqliyyat kolonunun tornaçısı Mehman Qurbanov və elektrik təchizatı dispetçeri Vüqar Həmidov izləyiblər.
Voleybol komandalarının yarışında da depolar üzrə iş departamentinin kollektivi finalda elektromexanika xidmətinin komandasına qalib gəlib. 3-cü yer uğrunda qarşılaşmada isə tunel qurğularının heyəti hərəkətçilərdən üstün olublar.
Yarışlara, mini-futbol turnirinin həlledici matçları ilə yekun vurulub. 14 komandanın 4 qrupda mübarizə apardığı turnirdə 3-cü yeri tutmaq elektromexanika xidmətinin futbolçularına qalib gəlmiş yol təsərrüfatının işçilərinə nəsib olub.
Final görüşündə isə depolar üzrə iş departmaentinin kollektivi hərəkətçilərə qalib gəliblər.
Depolar üzrə iş departamenti ümumi komanda hesabında da qalib gəlib. İkinci yerə işarəvermə və rabitə, üçüncüyə isə elektrik təchizatı xidmətlərinin komandaları çıxıb.
Qaliblər diplom və mükafatlarla təltif olunacaq.