z
01 APREL / 2024 / 14:42
“Bakı Metropoliteni” QSC aparılan monitorinqlər əsasında sərnişin məmnunluğunun artırılması istiqamətində silsilə tədbirlərini davam etdirir. “BakıKart” ödəniş sisteminin daha da münasib qaydada təmin edilməsi məqsədilə daha bir stansiyada yenilik edilib, eləcə də QR biletlə ödəniş üsulu ilə bağlı sərnişinlərin məlumatlandırılması və informasiya təminatında hərtərəfli dəstək verilməsi, istifadə qaydaları və ardıcıllığı ilə bağlı davamlı addımlar da atılır.
Son iki il ərzində “Koroğlu” stansiyası sərnişin sayına görə metropolitenin ən giriş-çıxışlı stansiyasına çevrilib. Bu dövr ərzində stansiyada təhlükəsizlik tələbləri və hərəkət rahatlığının təmin edilməsi məqsədilə bir sıra tədbirlər görülüb. Lakin stansiyanın vestibülündə sərnişinlərin həm gediş haqqı yükləməsi, həm yoxlanış məntəqəsinin yerləşməsi sərnişin sıxlığına səbəb olur, davamlı hərəkət axınına maneələr yaradırdı. Davamlı addımların daha biri kimi, stansiyanın daha çox sərnişin axını olan keçidində gediş haqqının yüklənməsi üçün 2 terminal yerləşdirilib. Eyni zamanda vestibüldə sərnişinlərin hərəkət intensivliyini daha da artırmaq məqsədilə həmin sahədən daha bir terminal da keçid zonasında qoyulub.
Hər 3 terminal stansiyanın sərnişinlərin giriş zonasına axını istiqamətində hərəkətə mane olmayan xüsusi ayrılmış sahədə yerləşdirilib. Terminallar yerləşdirildikdən sonra aparılan müşahidələr və sərnişin rəyləri müsbət olmaqla, vestibüldə hərəkətin daha nizamlı və sürətli təşkilinə şərait yaradıb.
QR bilet sisteminin təşviqi, eyni zamanda sərnişinlərin məlumatlılığının artırılması məqsədilə bütün stansiyaların giriş qapıları, eyni zamanda, vestibüllərin uyğun zonalarında QR biletdən istifadə ilə bağlı Azərbaycan və ingilis dilində məlumat lövhələri yerləşdirilib. Bu proses stansiyaların bütün uyğun zonalarında təmin ediləcək.
Sərnişinlər Azərbaycan və ingilis dilində məlumatlarlarla stansiyalardan kənarda da tanış olmaq üçün informasiya lövhələrində olan QR kodlardan istifadə edərək, metropolitenin saytındakı müvafiq bölmələrə daxil ola bilərlər.
Bundan savayı, metropolitenin gediş haqqının yüklənməsi üçün terminalların qoyulduğu vestibül zonalarında da QR biletdən istifadə qaydaları, ardıcıllığı və digər faydalı informasiyalar yerləşdirilir. Xüsusi təsvirlərin müşayiəti ilə verilən lakonik məlumatlar sərnişinlərin bu sistemlə tanışlığını daha rahat edir. Eyni zamanda həmin lövhədəki QR-kodu skan etməklə sərnişinlər daha geniş məlumatla saytda da tanış ola bilərlər.
Monitorinqlər əsasında Bakı metropoliteninin stansiyalarında “BakıKart” terminallarının yerləşdirilməsi və əlavə zəruri tədbirlər müəyyən edilib. Bu xüsusda təkcə Bakı metropoliteni deyil, eyni zamanda, bir sıra stansiyaların yaxınlığında yerləşən yerüstü ictimai sərnişindaşıma nəqliyyatı dayanacaqlarından istifadə edənlərin tələbatı da öyrənilib.
Ödəniş üsulları və sistemləri barədə məlumatlandırmanın daha münasib formaları daxil olmaqla, sərnişin məmnunluğunun bir neçə istiqamət üzrə daha da yüksəldilməsi, xidmət mədəniyyəti səviyyəsinin artırılması məqsədilə monitorinqlər davam etdirilir.
Yaxın vaxtlarda tətbiq ediləcək yeniliklər və dəyişikliklərlə bağlı ictimaiyyətə ətraflı məlumatlar təqdim ediləcək.