z
25 SENTYABR / 2017 / 00:00
Hər gün metro adlanan yeraltı sirli aləmə enən, sürətli və rahat qatarlarla mənzil başına yollanan yüz minlərlə insanın əksəriyyəti 50 ildir onlara nümunəvi xidməti göstərən bu nəqliyyat növünün nə qədər böyük zəhmət, hansı fədakarlıqlar bahasına başa gəldiyindən xəbərsizdir.
Metrodan söz düşəndə ilk növbədə, onu tikib-quranlardan, istismar edənlərdən, bəzənsə layihəçilərdən söz açılır. Lakin pərdə arxasında qalan, zəhməti heç də az olmayan peşəkarlar da var. Bu sıraya əməyi, əksərən, kölgədə qalan, yeraltı aləmin görünməyən qatlarının möhtəşəm saraylara çevrilməsində zəhməti danılmaz təchizatçılar da daxildir.
Hərdən “xüsusi növ” insanlar da adlandırılan təchizatçılara bəzən diplomat, bəzən tacir, bəzən psixoloq, bəzən ixtisaslı inşaatçı, bir sözlə, hər sahəyə aid bilik, səriştə və təcrübə tələb olunur. Hər dəfə min bir əziyyət bahasına başa gələn təchizat məsələsini həll etmək, Sovet nomenklaturasının möhtəşəm kabinetlərinin qapılarını döyüb, otaq-otaq gəzib, bürokratik əngəlləri bir-bir aradan qaldırmaq lazım gəlirdi.
Ən nümunəvi müəssisənin qurucusu
Hər şeyin başlanğıcı daha çətin olur, çünki onu təməldən yaradıb-qurmaq lazım gəlir. Bu mənada Qəmbər İbrahimovun taleyinə metronun təchizatının ən ağır dövrü təsadüf edib. Onun haqqında da sözü, söhbəti elə ötən illərin xatirəsi ilə başlamaq yerinə düşər. Hələ 1970-ci ildə Əlövsət Əbdülrəhimovun rəhbərliyi ilə nəşr olunmuş “V.İ.Lenin adına Bakı metropoliteni” toplu-kitabında “Bakıtuneltikinti” idarəsinin keçmiş rəis müavini Dövran Muğanlinski yazırdı:
Bu kontor daim istehsalçı və təchizatçı müəssisələrlə sıx əlaqədə işləyib. Hər gün çoxlu sayda vaqon bu kiçik sahəyə daxil olur. Moskva, Leninqrad, Xarkov və başqa şəhərlərdən mərmər və qranit, metal və ağac məhsulları, kabellər və s. gətirilir. Qısa müddət ərzində bu qədər məhsulu yerbəyer etmək, sahələrə çatdırmaq lazımdır ki, iş dayanmasın.
- Həqiqətən, bu qədər işi bir əl altında saxlamaq asan deyildi, - bunu Qənbər İbrahimovun kiçik oğlu Arif İbrahimov deyir və əlavə edir, - Ora həmişə Bakının ən nümunəvi müəssisələrindən biri sayılıb. Burada nizam-intizam, səliqə-sahman olub. Şəhərə gələn qonaqları həmişə bu sahəyə aparardılar. Atam gələcək həyatımızda bizə məsuliyyət örnəyi olmaq üçün, təlim-tərbiyə məqsədilə gənclik illərində bizi də tez-tez ora aparardı.
Böyük oğlu Rəşid İbrahimov atasının təbiətən məsuliyyətli, ən kiçik məsələlərdə belə diqqətcillliyi ilə bağlı maraqlı bir xatirə də söyləyir:
- Bir dəfə çalışdığım idarəyə təcili tikinti materialları lazım oldu. O illərdə müəssisələr arasında qarşılıqlı yardım əlaqələri mövcud idi. Müdirimə atamın çalışdığı müəssisədən material götürməyi məsləhət görmüşdülər. Atamın başçılıq etdiyi idarədən elə təəssüratla qayıtmışdı ki, dərhal təchizatçısını çağırıb danladı və atama yaxınlışıb məsləhətlər almağı, gedib təcrübəsini öyrənməyi qəti tapşırdı. Atamın başçılıq etdiyi kontorda hətta adi mismarların yerləşdiyi yeşiklər belə səliqə-sahmanı ilə seçilirdi. Müdirim onun bu səliqəsinə valeh olmuşdu ki, “hətta mismar yeşiklərinin üzərinə mismarların ümumi sayı, hansı sahəyə nə qədər göndərilməsi barədə lövhə vurulub” sözlərini tez-tez xatırladardı.
O illəri xatırlamağı sevməzdi
Həqiqətən də bu məqaləni hazırlamağa başlayanda, onu tanıyan yaşlı işçilər, veteranlarla görüşəndə, bu insanın, sadəcə, adını çəkmək bəs edirdi ki, dərhal ovqat dəyişsin, əsl kişilik, əsl işgüzarlıq, əsl sənətkarlıq, həm də əsl dostluq və yoldaşlıq haqqında yeni söhbətin mövzusu başlasın.
Qəmbər İbrahimov 1937-ci ildə M.Əzizbəyov adına Sənaye İnstitutuna qəbul olunduqdan cəmi iki il sonra, ordu sıralarına səfərbər edilir. Avtonəqliyyat alayında xidmətə başlayıb, sonra SSRİ Xalq Müdafiə Komitəsinin xüsusi briqadasına keçirilir. Müharibənin qanlı-qadalı illərinin iştirakçısı olan Qəmbər İbrahimov Uzaq Şərqdə cəbhədən-cəbhəyə döyüş yolu keçib.
Böyük oğlu Rəşid İbrahimov deyir ki, atası müharibədən danışmağı heç xoşlamazdı:
- Həmişə bu mövzudan yan qaçıb, dərhal düşüncələrə dalırdı. Söz açanda, köks ötürüb, “müharibə bəşəriyyətin bəlasıdır” deyib mövzunu bağlayardı.
Uzun illər Qəmbər İbrahimovla dostluq etmiş Vaqif Cabbarov da söhbətlərdə onun müharibə mövzusundan yan keçdiyini deyir:
- Həddən artıq həssas və nikbin insan olduğu üçün müharibədən söz düşəndə, deyərdi ki, heç bir yaxşı cəhəti olmayan, silah dili ilə danışan, insan həyatının qənimi olan bir şeydən nə danışmaq olar, axı?!
Lakin Qəmbər İbrahimov döyüş yolu haqqında heç nə danışmasa da, təltifləri - “Almaniya üzərində qələbəyə görə”, “Yaponiya üzərində qələbəyə görə” çox şeydən xəbər verir.
Metro inşaatının təməlində dayananlardan biri
3 il sonra struktur dəyişiklikləri baş verəndə, Əlövsət Əbdülrəhimovun tövsiyəsi ilə o, Nəqliyyat və Texniki Təchizat İdarəsinin rəisi vəzifəsinə təsdiq edilir. İllər keçdikcə iş həcmi artdığından bir daha struktur dəyişikliyi baş verir. 1961-ci ildə idarənin nəzdində Material-Texniki Təchizat Kontoru (sonralar adı İstehsalat-Texnoloji Komplektləşdirmə İdarəsi olur) yaradılır və idarəyə rəis təyin edilən Qəmbər İbrahimov əmək fəaliyyətinin sonuna qədər burada çalışır.
- Uşaqlıqdan metro inşaatının nə olduğunu yaxından ailəlikcə hiss etmişik. Metro tək inşaat və istismar sektorundan ibarət deyil, ümumilikdə, çox mürəkkəb fəaliyyət sahəsidir. Atamın gündüzü-gecəsi işi ilə bağlı olurdu. Təchizatçı olsa da, tikinti sahələrinə baş çəkirdi, bir hadisə baş verəndə də özünü təcili həmin sahələrə çatdırardı. Metro tikməyin nə olduğunu isə Aydın hamımızdan yaxşı bilir – metro tikintisində o çalışıb, - deyir Rəşid İbrahimov.
Təchizatçının inşaatçı övladı
Övladlarından atasının keçdiyi yola ən yaxın olanı ortancıl övladı Aydın İbrahimov qardaşının sözünə qüvvət verərək, məşhur başıbəlalı “Elmlər Akademiyası-İnşaatçılar” mənzilinin tikintisində baş vermiş qəzadan söz açır:
Çarəsizliyi görən Əlövsət müəllim bütün işçiləri tuneldən çıxarmağı - özü də bir-bir saya-saya, təkrar-təkrar yoxlaya-yoxlaya çıxarmağı əmr etdi. Eyni əmri dəfələrlə verib, yoxlatdırdı. Təsəvvür edin ki, o qədər həssas insan idi ki, hətta hamının yerində olduğunu biləndən sonra da geyim otaqlarında artıq paltarın, ayaqqabının qalıb-qalmadığını bir daha özü yoxladı. Dəhşətli gecə idi, - deyən Aydın İbrahimov həmin sahənin sonrakı taleyi barədə məlumatları hadisədən bir neçə gün sonra bir qrup mütəxəssislə ezam olunduğu Kubadan qayıdandan sonra öyrənib.
Vaqif Cabbarov isə o vaxt işlərin içində idi.
- Elə həmin gecə bilindu ki, ora dondurulmalıdır və Qəmbər müəllim, bu üsulun tətbiqində istifadə olunan azotun istehsalı ilə məşğul olan müəssisə ilə əlaqə qurdu, hadisə yerindən birbaşa hava limanına yollandı. İllik, rüblük kvotada nəzərdə tutulmasa da, bir neçə gün sonra mən artıq göndərilmiş malları idarəmizin anbarına boşaldılmasına başlamışdım.
Onu da əlavə edək ki, geoloji şəraitinə görə, “Elmlər Akademiyası-İnşaatçılar” sahəsinin dayanıqsız qrunt süxurları qəfil güclənmiş yeraltı axınların qarşısında tab gətirməyərək çöküb. Oradan insanları xilas etmək mümkün olsa da, sahədə istismar olunan bütün qazıntı texnikası torpağın altında qalıb. Sahə azotlu kimyəvi tərkiblə dondurulduqdan sonra tunelin istiqaməti dəyişdirilərək, yeni qazıntı işləri aparılıb.
Aydın İbrahimov atasının xarakterindəki daha bir cizgini qabardır:
- 20 il metro tikintisində fəhlədən rəhbər vəzifəyə qədər yol keçmişəm. İslam Hacıyev, Şaiq Hacıyev, Novruz Nağıyev kimi mütəxəssislərlə çalışıb, onlardan öyrənmişəm, həyatımda ən böyük məktəbi məhz həmin illərdə keçmişəm. Atam heç vaxt, heç bir məsələdə övladlarına güzəştə getməyib və hər şeyə öz əməyimizlə nail olmuşuq. Ən çətin sahələrdə işləməyimin bir səbəbi də elə bu idi. Təchizatla bağlı hər hansısa məsələ üçün yanına gedəndə, mənimlə ata-oğul kimi davranmazdı, hətta bəzən bir az sərt danışardı.
Aydın İbrahimovun daha bir xatirəsi “28 May-Nizami” mənzilindəki hadisə ilə bağlıdır:
- Yəqin “28 May”dan “Nizami”yə gedən qatarlarda sərnişinlər ağ rəngli gücləndirici dayaqları çox müşahidə ediblər - metroda başqa belə yer yoxdur. Orada da eyni problem yaşanmışdı. Fərq onda idi ki, həmin mənzil artıq istismarda idi. Sahənin fəaliyyətini dayandırıb, yenidən xeyli müddət təbii-geoloji şəraitlə mübarizə aparıldı. O sahənin yenidən həyata qaytarılması bizim sahəyə tapşırılmışdı. Çox əzab-əziyyətdən sonra gördüyünüz möhkəm dayaqlar sayəsində tunel geyiminin dayanıqlığı təmin edildi və bütün problemlər aradan qaldırıldıqdan sonra hərəkət bərpa olundu, - deyən Aydın İbrahimovun metropolitendə son iş yeri isə “Neftçilər-Xalqlar Dostluğu” mənzilinin inşası olub.
Qapısını aça bilmədiyi nazirlik yox idi
Metro inşaatçılarının yaşlı nəsilləri xatırlayarlar ki, Qəmbər İbrahimovun çalışdığı illərdə, xüsusən Sovet bürokratiyasının yüksək kabinetlərindəki qısqanclığın həddi-hüdudu bilinməyən dövründə o, metro inşaatının təməlində dayanan insanlarla birlikdə gecəli-gündüzlü təchizatın bir gün belə yubanmamasında bütün qüvvəsini səfərbər edib. Bu məqalənin ərsəyə gəlməsində böyük zəhməti olan “Bakı Metropoliteni” QSC-nin tikinti departamentinin aparıcı texnoloqu Kamal Cəfərov da onu böyük təşkilatçılıq bacarığı olan bir şəxsiyyət kimi xatırlayır:
- O vaxtlar bütün növ fond material və avadanlıqlar respublikalara Sovet İttifaqının nazirlikləri tərəfindən planlaşdırılıb ayrılırdı. Hər respublikanın öz kvotası var idi və ildə iki dəfə onu müdafiə etməyə gedirdilər. Qəmbər müəllim tez-tez ezamiyyətdə olurdu, materialların və avadanlıqların alınmasında müstəsna xidmətləri var idi. Təsəvvür edin ki, hətta ən mürəkkəb dövrlərdə belə heç vaxt təchizat sahəsində inşaatçıların problemi olmayıb. “Azərtunelmetrotikinti” Dövlət Şirkətinin kadrlar şöbəsinin rəisi kimi o dövrdə Qəmbər müəllimlə tez-tez görüşürdüm.
Dəqiq bilirəm ki, metronun birinci növbəsinin uğurla başa çatdırılmasında Qəmbər müəllimin də gecəli-gündüzlü danılmaz təşkilatçılıq xidmətləri olub. Uzun müddət “Azərtunelmetrotikinti”nin nəqliyyat müəssisəsinin rəhbəri olduğum üçün bu sahədə onun əməyinin nəticəsini əyani görmüşəm. Metroda inşaat işlərinin miqyası böyüdükcə, avtonəqliyyat sahəsinin təchizat sistemindən ayrılması məqbul sayıldı, bizim bu müəssisəni də o, yeni nəsillərə ən nümunəvi təşkilat kimi ötürmüşdü.
Ulu öndər ucalığında
SSRİ nəqliyyat tikintisi naziri İvan Sosnovla söhbəti necə qurduğunun şahidi olmuşam. Müzakirələri elə təbii aparırdı ki, haqqında danışdığı məsələ lap əvvəlindən bitmiş, həll olunmuş bir söhbətə çevrilirdi, - deyən Vaqif Cabbarovdan şahidi olduğu ən kritik söhbət barədə söz açmağı xahiş edirik.
- 80-ci illərdə təchizatda kritik vəziyyət yaranmışdı. Tübinq, rels, şpalın qıtlığı aktual mövzuya çevrilmişdi. Qəmbər müəllim Moskvada müvafiq idarələrdə müzakirələr apardı – hətta onun üzünə daim açıq olan ən mötəbər qapılarda da bir şey hasil olunmadı. Bilirsiniz ki, ümummilli liderimiz o vaxt Moskvada SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini təyin olunmuşdu. Başçılıq etdiyi sahələr arasında dəmir yolu və onun tikintisi də var idi. Qəmbər müəllim Heydər Əliyevin hələ Azərbaycana rəhbərlik etdiyi illərdə, metro ilə nə qədər yaxından maraqlanıb, kömək əlini uzatdığının, irimiqyaslı təchizat məsələlərini həll etdiyini əyani müşahidə etmişdi. Bilirdi ki, çıxış yolu birdir: Əlövsət Əbdülrəhimovla əlaqə saxlayıb, məsələni yalnız Heydər Əliyevin həll edə biləcəyini dedi. Onun təkidi ilə Əlövsət Əbdülrəhimov Moskvaya gəlib Heydər Əliyevin qəbuluna yazıldı. Oradan çıxanda, “Qəmbər, nə yaxşı ki, bu təklifi verdin, bundan sonra yolumuz açıqdır” dedi. Tunellərimizin təchizat məsələsi o görüşdən sonra qəti həll olundu və Heydər Əliyev şəxsiyyətinin danılmaz zirvəsini, Sovet məkanında nə qədər böyük nüfuz və hörmət sahibi olduğunu bir daha onda gördük.
İşçiyə ata qayğısı nümunəsi
Qəmbər İbrahimovun işçilər arasında xüsusi nüfuzunu daha bir məsələ ilə izah etmək olar. Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədr müavini Əlisəfa Bağırov onun sosial məsələlərdə həssaslığını, təşəbbüskarlığını və fəallığını dilə gətirir:
- Sovet dövründə hər bir müəssisə mənzil problemini özü həll edirdi. Qəmbər müəllim illik fondları təsdiq etdirərkən bunu xüsusi nəzərə alırdı. Məsələnin həllində onun danılmaz xidməti olub. Çünki sosial mövzuya çox həssas idi, hətta deyim ki, bu insan öz işçiləri üçün duşxana, yeməkxana da inşa etdirmişdi və həmişə səliqə-sahmanın yerində olmasına özü nəzarət edirdi.
Metro inşaatçılarının Qəmbər İbrahimova ata kimi hörmətini övladları da hiss edirlərmiş:
- Məişət problemlərinin həllində yaxından iştirak edir, mükafatlandıranda da həmişə kimin nəyə ehtiyacı olduğunu nəzərə alırdı. Kiminə televizor, kiminə paltaryuyan maşın verirdi. Həmişə də deyərdi ki, evində rahatlığı olan işçi, heç vaxt çalışdığı müəssisəyə haram qatmaz. Müəssisədə, yeri gəldikcə, yerdəyişmələr edərmiş ki, işçilər sahə ilə bağlı hər məsələdən agah olsunlar, püxtələşib bişsinlər, bilik və bacarıqlarını artırmağa məcbur olsunlar, o biri yandan da işlərinə məsuliyyətli olub, başqalarının səhvlərini sığortalasınlar.
60 illik əməyin şərəf nişanəsi
Müasir terminologiya ilə logistika adlandırılan təchizat mürəkkəb strukturlu və fərqli şəbəkəyə çevrilib. Bununla belə, bu sahədə də ixtisaslaşma gedir: danışıqları aparanlara, təqdimatçılara, sırf təchizatla məşğul olanlara və s. bölünür. O illərdə isə bu məfhumlar bir sahədə - təchizat adı altında cəmlənmişdi. Ona görə, o dövrün mütəxəssisləri daha çoxprofilli biliyə malik olurdular. Çox əmək sərfi və diqqət tələb edən, eyni zamanda, təhlükəli, ancaq yekunda zəhməti görünməyən, kölgədə qalan və buna görə də layiqli qiymətini almayan peşə idi. Hərçənd parlaq şəxsiyyəti, nümunəvi əməyi sayəsində Qəmbər İbrahimov layiqincə qiymətləndirilib. Rəşid İbrahimov deyir ki, 1967-ci ildə metro istifadəyə veriləndə, inşaat işlərində fərqlənənlərə avtomobillər paylanırdı. “QAZ-21” markalı cəmi beş “Volqa” avtomaşınından biri qüsursuz və nünunəvi əməyinə, xüsusi xidmətlərinə görə məhz Qəmbər İbrahimova təqdim edilib.
100 illik ömrünün və 60 illik əmək fəaliyyətinin 50 ilə yaxınını Bakı metrosunun tikintisinə həsr etmiş Qəmbər İbrahimovun mükafatları, təltifləri bununla bitmir.
- Açığı, bu münasibəti, bu həssaslığı heç gözləmirdik. Atamın ölümündən sonra bir mütəxəssis kimi yaddaşlarda qalması, özü də metropoliten üçün belə bir əlamətdar dövrdə xatırlanması bizim üçün sonsuz fərəhdir. Bu gözəl təşəbbüsü irəli sürüb, belə əziz günlərdə metronun ərsəyə gəlməsində əziyyəti olan insanları təşviq etdiyi, veteranları yada saldığı üçün “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynova xüsusi təşəkkürümüzü bildirirəm. Nə yaxşı ki, belə rəhbərlər, belə insanlar var. Həm layihələndirmədə, həm tikintidə, həm istismarda, həm də inzibati işdə çalışan metropolitenin bütün kollektivinə dərin minnətdarlığımızı çatdırıram. Yolunuz açıq, işiniz avand olsun.