z

“İqlim dəyişikliyinin əməyin təhlükəsizliyi və sağlamlığa təsiri” mövzusunda tədbir keçirilib

“İqlim dəyişikliyinin əməyin təhlükəsizliyi və sağlamlığa təsiri” mövzusunda tədbir keç...

28 APREL / 2024 / 14:11

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən qlobal səviyyədə əhəmiyyət daşıyan mühüm hadisədir. Hər il xüsusi qeyd edilən bu tarix 2024-cü il üçün “İqlim dəyişikliyinin əməyin təhlükəsizliyi və sağlamlığa təsiri” mövzusuna həsr olunub.
Sağlamlıq və əməyin təhlükəsizliyinə xüsusi önəm verən “Bakı Metropoliteni” QSC-də silsilə tədbirlər, maarifləndirici seminarlar davam etdirilir. Növbəti belə tədbiri müəssisənin aidiyyəti sahə üzrə məsul strukturu SƏTƏMM şöbəsi “Nərimanov” adına elektrik deposunda keçirib.
“İqlim dəyişikliyinin əməyin təhlükəsizliyi və sağlamlığa təsiri” mövzusuna həsr olunmuş tədbirdə ilk olaraq şöbənin kimyaçı mühəndisi Aygün Nəzərova çıxış edib. O, əməyin mühafizəsi, işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun təmin edilməsini diqqətə çatdıraraq, Bakı metropolitenində Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər normativ hüquqi aktlara, kollektiv müqavilələrə Azərbaycan Respublikasının Konstitusiyası daxilində tam riayət olunduğunu, bütün tədbirlərin məhz qanunvericilik istiqamətində həyata keçirildiyini vurğulayıb.
Mütəxəssis Ümumdünya Əməyin Mühafizəsi Gününün təsis edilməsində başlıca məqsədin cəmiyyətin diqqətini iş yerlərində əməyin mühafizəsinə, işçilərin sağlam və təhlükəsiz əmək şəraitində çalışmalarına yönəltmək olduğunu bildirib.
Məlum olduğu kimi, iqlim dəyişikliyi ilə bağlı məsələ bu gün bütün dünya dövlətləri üçün aktualdır. Problemin həllinin qlobal miqyasda səylər nəticəsində aradan qaldırıla biləcəyini əsas götürən respublikamızda 2024-cü ilin “ Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu məntiqdən irəli gəlir.
İqlim dəyişikliyi ilə bağlı məsələnin geniş müzakirəsi və həlli yolunda atılacaq addımlarla bağlı danışıqların aparılması məqsədilə hər il bir ölkənin ev sahibliyi etdiyi COP29 (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyası,) kimi mühüm tədbirin bu il noyabrın 11-dən 24-dək Bakıda keçirilməsinə qərar verilməsi də Azərbaycanın məsələyə qlobal yanaşmanın tərəfdarı olmasının göstəricisidir.
COP29 Konfransının iştirakçı ölkələrə yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək məqsədilə konkret addımlar atmaq üçün fürsət olduğunu diqqətə çatdıran şöbənin ekoloqu Günel Hüseynova iqlim dəyişikliyinin səbəbləri, ətraf mühit və insan orqanizminə təsirləri barədə çıxış edib, həmçinin, Bakı metropolitenində Ətraf mühitin mühafizəsi sahəsində görülən tədbirlərə nəzərə salaraq qeyd edib ki, QSC ətraf mühitin mühafizəsinə ciddi önəm verir. Bakı metropoliteni ərazilərində yaşıllıq zolaqlarının artırılması, tullantıların idarə olunması, sudan və elektrik enerjisindən səmərəli istifadə və digər bu kimi əhəmiyyətli məsələlərlə bağlı vacib layihələrin həyata keçirilməsini nümunə göstərmək olar.