z
06 OKTYABR / 2017 / 00:00
Yeraltı nəqliyyatın istismarında uzun illər çalışan, kollektivin bünövrəsini qoyan insanların həyatına və fədakarlıqla dolu ömür yollarına nəzər saldıqca, yalnız bunu düşünürəm: əllərinin qabarı onları yüksəldib, ömürlərinə-günlərinə şöhrət, doğmalarına qürur gətirib. Metropolitenin kadrlar şöbəsində 24-cü metropolitençi kimi qeydiyyata alınan Nahidə Mehdiyeva kimi.
Ailə ənənəsi - alın yazısı
Lakin daha çox tale özü onu dəmiryolçular cərgəsinə gətirib:
- Orta məktəb illərində avtomatika və telemexanikaya böyük həvəsim var idi. Məktəbi bitirib sənədlərimi politexnik institutunun həmin fakültəsinə də ona görə vermişdim. Amma müsabiqədən keçmədim və müsabiqə komissiyası balım çatmadığı üçün məni nəqliyyat fakültəsinə keçirdi. Görünür, tale, qismət belə olmalıymış. Axı, həmin vaxt mən artıq dəmiryolunda işləyirdim. Özü də əmək fəaliyyətinə erkən – 17 yaşda başlamışdım, - deyən Nahidə xanım 9-cu sinfi bitirdikdən sonra istehsalata gəlib və dəmiryolunda yolayırıcı qurğuya xidmət göstərməyə başlayıb, - İşim çox ağır, həm də çirkli idi. Stansiya rəisi belə yerdə işləməyimi münasib bilmədi, məni şəhərətrafı elektrik qatarları vağzalına – o vaxt oraya Sabunçu vağzalı deyirdilər – diktor təyin etdi. 1963-cü ilə qədər – iki il burada işlədim.
Şirin səsli o qızlardan biri
Vağzal deyəndə, göz önündə, ilk növbədə, insan axını – kimlərinsə harasa tələsdiyi, kimlərinsə həsrətlə gözlədiyi bir mənzərə canlanır. Hafizəyə isə qeybdən gələn səs kimi hamının qulaq kəsildiyi «Hörmətli sərnişinlər!», «Diqqət, diqqət!» sədaları gəlir. 60-cı illərin dəmiryolu vağzalında eşidilən o şirin səsləri xatırlayanlar üçün də maraqlı olar ki, o səs sahiblərindən biri məhz Nahidə xanım olub:
- Diktor qrupunda 4 qız idik: Elmira Məmmədova, Sara Nemətova və Sevil Babanlı. Onların üçünün də sonradan metroya gəlməsinə vasitəçi oldum. Metropoliten kimi, dəmiryolunda da hər bir iş ciddi intizam və dəqiqlik tələb edir, eləcə də diktorluq, - deyən Nahidə Mehdiyeva bir xatirəsini bizimlə bölüşür, - Bir dəfə səhər işə 10 dəqiqə gecikdim. Buna görə də ilk qatarlar barədə məlumatı verə bilmədim. Stansiya rəhbərliyi məni cəzalandırmalı idi. Məni vəzifədən azad edib, süpürgəçi keçirmək istəyirdilər. Səbirə Babayeva köməyimə gəlməsəydi, vağzalı süpürməli olacaqdım. Sonralar metropolitenin kadrlar şöbəsinin ilk rəisi olmuş Səbirə xanım o vaxt Bakı sərnişin vağzalının rəis müavini idi. Dedi ki, əlinə süpürgə alıb vağzalı süpürmək cavan qıza yaraşmaz. Məni vağzalın informasiya bürosuna keçirdilər. Burada iş diktorluqla müqayisədə daha rahat idi. Sonralar Bakı Yük stansiyasının məlumat bürosunda, dəmiryol idarəsinin dispetçer şöbəsində növbətçi köməkçisi işlədim.
"Bu gün, sabah metro açılacaq, get orada işlə"
Həyat belədir – öz axarı ilə davam edir – illər keçmişdə qalan acı reallığı da bir şirin xatirəyə çevirə bilir. O vaxt artıq ikinci kurs tələbəsi olan Nahidə Mehdiyeva hələ də avtomatika-telemexanika barədə düşünürmüş:
Maraqlıdır ki, sonradan özü də metropolitenə gəldi, uzun müddət material-texniki təchizat xidmətinə rəhbərlik etdi. Metronun 24-cü işçisi olmağım belə baş verdi: hərəkət xidmətinin kadrlar şöbəsində müfəttiş kimi fəaliyyətə başladım.
Həmin dövrdə artıq metropolitenin istismar heyətinin formalaşdırılması başlanmışdı. Metropolitenin rəisi də artıq məlum idi. Bu vəzifəyə təcrübəli dəmiryolçu, hərəkətin təşkili üzrə savadlı mütəxəssis, Zaqafqaziya Dəmir Yolu İdarəsinin rəis müavini Lütfəli Nuriyev təyin edilmişdi. Nahidə Mehdiyeva həmin dövrü maraqlı axtarışlar dövrü kimi xatırlayır:
- Əsl həyat gurlayırdı. Axı, hər şeyi sıfırdan biz qurmalı idik. Kadrlar şöbəsinin rəisi Səbirə Babayevanın rəhbərliyi altında işçi axtarışı ilə məşğul olduğumuzu yaxşı xatırlayıram. Hərəkət xidmətinin baş mühəndisi Zeyniş Axundovla texniki-peşə məktəblərini, dəmiryolu idarəsinin sahələrini gəzib təbliğat aparır, metropolitenə mütəxəssislər cəlb edirdik. Hərəkətçilərin ilk qrupunu da elə o vaxt Moskvaya istehsalat təcrübəsinə biz yola salmışdıq.
Metro işə düşəndən sonra da iş azalmayıb, axtarışlar davam edib. Nahidə Mehdiyeva bu dəfə yeni sahənin quruculuğunda, metropolitenin gələcək fəaliyyətini tənzimləyəcək sistemin qurulmasında fəal iştirak edib, həm təcrübə toplayıb, həm də faydalı olmağa çalışıb:
- Metro işə düşəndə, müəssisə rəhbəri Lütfəli müəllimin tövsiyəsi ilə əmək və əmək haqqı şöbəsinə mühəndis təyin olundum. Təbii ki, burada da hər şey sıfırdan qurulurdu. Təsəvvür edin ki, müvafiq təlimatları əldə etməli, dövlət sənədlərini tapmalı, işimizi onların əsasında qurmalı idik – bir sözlə, metronun fəaliyyətini tənzimləyəcək sistem qurulmalı idi. Müxtəlif idarə və təşkilatlara baş çəkir, mətbəələrlə əlaqə saxlayır, əməyin təşkili, təhlükəsizlik texnikası, əmək haqqının müəyyənləşdirilməsi üzrə müxtəlif normativ sənədləri axtarır, sifariş verir, hətta onların Azərbaycan dilinə tərcümə olunmasının təşkili ilə də məşğul olurdum, - deyən Nahidə xanımdan xatirində qalan bir epizodu xatırlamasını xahiş edirik.
- Sənədlərdən söz açmışıqsa, həm də mətbuata ən yaxını olanından danışmaq olar. Həmin vaxtlar şöbənin normal fəaliyyətini tənzimləyən sənədlərin toplanması zamanı metronun daxili nizam-intizam qaydalarının Azərbaycan dilinə tərcümə olunması zərurəti meydana gəlmişdi. Tərcüməçi tapmaq üçün “Azərnəşr”ə yollandım. Mənə həmin binada yerləşən Mətbuatda Dövlət Sirlərini Mühafizə İdarəsinə müraciət etməyi məsləhət bildilər. Həm də qaydaların çapına həmin idarə razılıq verməli idi. Hazırda mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin tərcüməçisi, uzun illər «Metro» qəzetinin redaksiyasında tərcüməçi işləyən, qocaman mətbuat işçisi Yusif Yusifzadə ilə orada tanış oldum. O, qaydaları həm tərcümə etdi, həm də çapına əməkdaşı olan idarənin rəsmi icəzəsini özü verdi. 1970-ci ildə “Bakı Metropoliteni” qəzeti açılanda da tərcüməçi məsələsi araya gəldi və mən Yusif müəllimin namizədliyini müdafiə etdim.
“20 Yanvar” stansiyasının ilk rəisi
- 1985-ci ildə metronun “Elmlər Akademiyası-Memar Əcəmi” sahəsinin buraxılışına hazırlıq işləri gedirdi. Həmin dövrdə məni idarəçilik işindən çox istehsalat sahəsi maraqlandırırdı. Daha canlı işdə çalışmaq, enerjimi, potensialımı daha fərqli quruculuq sahəsində göstərmək həvəsim var idi. Bir də ki, öz sənətimə, ixtisasıma qayıtmaq istəyirdim. Axı, mən ali təhsilli hərəkətçi idim. İstəyimi nəzərə alaraq, idarə rəhbərliyi məni tikintisi hələ tamamlanmayan “20 Yanvar”( o vaxt - “XI Qızıl Ordu meydanı”) stansiyasına rəis təyin etdi. Mənim üçün sanki 60-cı illər qayıtmışdı – elə bil metronu yenidən açırdıq. Stansiyanın açılışını səbirsizliklə gözləyirdim. Açılışdan əvvəl ilk sınaq qatarı xəttə çıxdı. Böyük bayram sevinci ilə o günü qeyd etdik. Açılış günü isə bayram sevincini idarə rəhbərliyi, metropolitenin məsul işçiləri, eləcə də stansiyanın ilk sərnişinləri ilə birgə yaşadıq.
Həmkarlar ittifaqının azad sədri
Nahidə Mehdiyeva həmin stansiyada cəmi bir ilə yaxın bir müddət ərzində çalışıb. Ötən illərdə topladığı bilik və bacarığı ilə stansiyanın nümunəvi xidmət göstərməsi üçün bütün qüvvəsini səfərbər edib. Lakin həyatın onun üçün daha bir yeni sınağı var idi. 1987-ci ildə hərəkət xidmətində həmkarlar ittifaqı komitəsinin azad sədri vəzifəsi təsis olunanda hesabat-seçki konfransında bu vəzifəyə onun namizədliyini işçilərin təşəbbüs qrupu irəli sürüb və kollektiv ona etimad göstərib.
O, yenə qurub yaratmaq həvəsi ilə böyük işlərə başlayır: “Həmkarlar ittifaqının üzvləri və fəallarını metropolitençilərin əmək və istirahət şəraitinin yaxşılaşdırılmasına cəlb edir, rəhbərliklə sosial təminat məsələlərinin həllinə, idmanın inkişafına, mədəni-kütləvi tədbirlərin həyata keçirilməsinə yönləndirilən çoxsaylı tədbirlər həyata keçirirdik, - onu da xüsusi qeyd edir ki, həmkarlar komitəsinin sədri kimi fəaliyyətə başladığı ilk illərdə həm xidmətin, həm də metropoliten rəhbərliyinin də qaldırılan hər bir məsələdə köməyini hiss edib:
Amma heç də hər şey axarı ilə getməyib. Çünki həmkarlar təşkilatı ilə müəssisə rəhbərliyi arasında fikir ayrılığı ehtimalı hər zaman mümkündür. Nahidə xanımın o illərlə bağlı bir xatirəsi dövrün nəbzinə uyğun gəlir:
- 1989-cu ildə nədənsə, metropoliten rəhbərliyi hərəkətçilərin həmkarlar ittifaqı komitəsinin sədri üçün peşə vəzifəsindən azad olunmaq haqqını lazımsız hesab etdi. Rəhbərlik sədrin, əvvəlki kimi, təkcə sırf ictimai işlə deyil, həm də istehsalatda da çalışmasına nail olmaq istəyirdi. Məsələ xidmətin həmkarlar ittifaqı komitəsinin növbəti konfransına çıxarıldı. Həm də, sözsüz ki, rəhbərliyin göstərişi ilə mənim əvəzimə namizəd də var idi. Konfrans iştirakçıları rəhbərliyin təklifini etirazla qarşıladılar və öz mövqelərini inamla qorudular. Mən yenə xidmətin həmkarlar ittifaqı komitəsinin azad sədri kimi fəaliyyətimi davam etdirdim. Onu da qeyd edim ki, o vaxt «Bakı metropoliteni» qəzeti bu məsələni əks etdirən yazıda konfransdakı abu-havanı olduğu kimi əks etdirmişdi.
10 il həmkarlar ittifaqı təşkilatı sədri vəzifəsində çalışan Nahidə Mehdiyeva yenidən öz ixtisası üzrə çalışmaq üçün növbəti hesabat-seçki konfransında səlahiyyətlərini yeni seçilmiş sədrə təhvil verdi.
“Sahil” və “Cəfər Cabbarlı” stansiyalarında rəis müavini vəzifələrində də çalışmış bu zəhmətkeş veteran metropolitendə çalışdığı 37 ildən artıq əmək fəaliyyətində zəhməti olduğu üçün özünü xoşbəxt sanır, ötən illərin qayğılarını gözlərindəki qürur dolu hisslərlə xatırlayır. Axı, yeraltı nəqliyyatının ötən illərdəki uğurlarında onun da zəhməti, payı olub.