z

“Yaddaşımızın izi ilə”: Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş konfrans keçirilib

“Yaddaşımızın izi ilə”: Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş konfrans keçirilib

03 MAY / 2024 / 14:19

Bakı metropolitenində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Yaddaşımızın izi ilə” konfransı keçirilib.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Konfransın işində Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri Arif Rəhimzadə, partiyanın Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirak ediblər.
Əsas panel çıxışları qısa fikir mübadiləsi ilə başlanıb. Daha sonra əsas məruzəsində dövlət və ictimai-siyasi xadim Arif Rəhimzadə Ümummili Lider Heydər Əliyevin çoxşaxəli Azərbaycan naminə fəaliyyətinin ən mühüm məqamlarına toxunaraq, onun Sovet dövründə, xüsusən müstəqilliyin ilk illərindəki fəaliyyətindən danışıb. Konfransın qayəsinə uyğun olaraq, Arif Rəhimzadə Ulu Öndərlə görüşləri, həmin dövrlərin gərgin müzakirələrindən nümunələr əsasında çıxışını tarixi faktlarla daha zənginləşdirib. O, ağır müharibə şəraitinə, eləcə də daxildə ölkəni parçalamağa çalışan qüvvələrə müstəqilliyin qorunması, dövlətçilik institutunun formalaşması naminə Heydər Əliyevin titanik səylərini nümunələr əsasında konfrans iştrakçılarının diqqətinə çatdırıb.
Bakı metropoliteninin inşaat sektorunda uzun illər səmərəli fəaliyyət göstərmiş, ölkəmizdə tikinti və sənaye sahəsində çalışmış Şaiq Eyyubov Ulu Öndərlə ilk görüşü xatırlayıb. O, müxtəlif illərdə ən mühüm nəqliyyat tikintisi, o cümlədən Baykal Amur Magistralının bu yaxınlarda yubileyi qeyd edilən inşaatı, Azərbaycanda icra olunan çoxşaxəli xüsusi layihələrin həllində Ümummilli Liderin şəxsi nümunəsi, dərin zəkası, fenomenal yaddaşı və zəngin biliklərini təsvir edən xatirələrini paylaşaraq, Azərbaycan adlı ölkənin bugünkü rifahını müəyyən edən qərarlarına xüsusi diqqət yetirib.
Müxtəlif sahələri əhatə edən konfransın işində Əməkdar mədəniyyət işçisi, müxtəlif televiziya və radio verilişlərinin müəllifi və tərtibçisi Rahib Azəri Ulu Öndərin Azərbaycan mədəniyyətinə verdiyi töhfələr, dəyər və münasibətini əhatə edən xatirələrini bölüşüb.
Rahib Azərinin müəllifi olduğu Ulu Öndərin mədəniyyət sahəsi ilə bağlı töhfələrini, görüşlərini, söhbətlərini əhatə edən sənədli filmə baxış keçirilib.
Konfransda Heydər Əliyevin istər Sovet Azərbaycanına rəhbərliyi, istər SSRİ-nin ali rəhbər heyətində yer alaraq, Nazirlər Soveti Sədərinin Birinci müavini vəzifəsində çalışdığı illərdə Bakı metrosu qarşısında danılmaz xidmətləri xüsusi qeyd edilib. Bildirilib ki, Azərbaycana rəhbər təyin edildiyi gündən verdiyi qərarlar sayəsində inşa edilən metro stansiyaları, xüsusən dünya memarlığının incisi hesab edilən “Nizami” stansiyası, 1980-ci illərin material qıtlığı və durğunluq dövründə ən ağır hidrogeoloji mühitdə “Elmlər Akademiyası-Memar Əcəmi” sahəsinin tikintisinə daimi dəstəyi, müstəqillik illərində bağlanmaq ərəfəsində olan metropolitenin nəinki çətin vəziyyətdən xilas edilməsi, hətta inkişafının təməlinin qoyulmasına verdiyi töfələri xüsusi olub.
“Bakı metropoliteni Azərbaycan xalqının milli sərvətidir. Deyə bilərəm ki, ən dəyərli sərvətlərindən biridir” deyə Bakı metrosunun əhəmiyyətini nəinki paytaxt, bütün Azərbaycan miqyasında müəyyən edən və yüksək dəyərləndirən Ulu Öndərin sovet məkanında metropolitenlə bağlı sənaye sahələrinin inkişafına verdiyi töhfələr də yaddaşımızın izi ilə xüsusi xatırlanıb.