z
10 MAY / 2024 / 09:28
Bakı metropoliteni tarixində silinməz iz buraxmış, onun inkişafında xüsusi və əvəzsiz xidmətləri olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar “Nərimanov” elektrik deposunda mərasim keçirilib. Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq, “Bakı Metropoliteni” QSC-nin kollektivinin nümayəndələri və rəhbər heyəti iş gününə dahi şəxsiyyətin depo ərazisindəki əsas parkda yerləşən abidəsi önündə başlayıblar.
Müasir Azərbaycan dövlətinin banisinin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Abidəsi önünə əklil qoyub və gül dəstələri düzülüb.
İstər Sovet dövründə böyük çətinliklərə rəğmən bu nəqliyyat növünün inkişafı, istər müstəqilliyin ilk illərində keçmiş SSRİ respublikaları arasında iqtisadi əlaqələrin tənəzzülə uğradığı dövrdə məhz Heydər Əliyevin nüfuzu, zəhməti və yaxından dəstəyi ilə Bakı metropoliteni sərnişinlərinə nümunəvi xidmətini davam etdirib. Təkcə onu demək yetər ki, 2003-cü ilə qədər Bakı metropoliteninin xətlərinin uzunluğu 31,5 km idisə, bunun 21,3 km-i məhz Heydər Əliyevin rəhbərliyi və ya yaxından iştirakı ilə tikilərək xalqın xidmətinə verilib. Sərnişin sayının artdığı və kəskin çatışmazlıqların yarandığı dövrlərdə yeni metro vaqonlarının alınması, dağılmış təsərrüfatın bərpası məhz Ulu Öndər sayəsində həllini tapıb.
Bakı metropoliteninin kollektivi və yeni nəsilləri adət-ənənəsinə sadiq qalaraq, Heydər Əliyevin xatirəsini daim əziz tutacaq.