z

Azərbaycanın yüksəliş dövrünün Bakı metropoliteni

Azərbaycanın yüksəliş dövrünün Bakı metropoliteni

21 OKTYABR / 2017 / 00:00

“Mən bunu edəcəyəm və güman edirəm ki, məndən sonra gələn insanlar da bunu mütləq etməlidirlər”, uzaqgörənliyi ilə onilliklər öncəni proqnozlaşdırmağı bacaran ümummilli lider Heydər Əliyevin Bakı metropoliteni ilə bağlı dediyi bu ifadə özündən sonrakı nəsillərə bir vəsiyyət, tövsiyə idi. İndi bunu onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi dövründə, liderlik keyfiyyətlərində əyani müşahidə etmək olur.
Müstəqilliyin ilk ağır illərində təmir-istismar bazası köhnəlməkdə olan metropolitenin ayağa qaldırılmasında Heydər Əliyevin bir rəhbər və şəxsiyyət kimi danılmaz rolu bu nəqliyyat növünü paytaxt sakinləri üçün qoruyub saxladı. Məhz Heydər Əliyevin nüfuzu sayəsində vaxtilə onun böyük xidmət göstərib, inkişafına təkan verdiyi postsovet müəssisələri ilə əlaqələr bərpa olundu. Mıtişşi vaqonqayırma zavodu onlardan biri idi. Məhz ulu öndərin bu xidmətlərinə ehtiram əlaməti olaraq 1995-ci ildən yeni vaqonlarla lokomotiv parkının təzələnməsinə başlandı. Təkcə bu deyil, məhz Heydər Əliyevin bir dövlət xadimi kimi nüfuzunun nəticəsi kimi, Avropa İttifaqının maliyyə dəstəyi hesabına “Həzi Aslanov” stansiyasının tikintisi başa çatdırıldı. Metroya yeni investisiya, yeni kapital qoyuluşlarının təməli də o illərdən başlandı.
Ulu öndərin vəsiyyətinə sadiq qalan Prezident İlham Əliyev bu ənənəni nəinki qoruyub saxladı, hətta inkişaf etdirərək yeni intibah mərhələsinin başlanğıcını qoydu.
2000-ci illər Azərbaycanda sürətli iqtisadi yüksəlişin təməlinin qoyulduğu dövrə çevrildi. Bu yüksəliş konsepsiyasının təməli isə sosial-iqtisadi inkişaf və rifah strategiyasından ibarət idi. Onun tərkib hissəsi kimi paytaxtımızın aparıcı ictimai nəqliyyatı - metropoliten də məhz bu dövrdə inkişafının yeni mərhələsinə qədəm qoydu. İlk əvvəl mövcud infrastrukturun möhkəmləndirilməsi kimi vəzifələr həllini tapdı. Bu xüsusda 2004-2011-ci illərdə “Metrovaqonmaş”dan alınan 116 vaqonla yanaşı, həm stansiyalarda, həm də qatarlarda videomüşahidə kameralarının tətbiqi, yeni ödəniş sistemi, hərəkətin təşkili və tənzimlənməsi avadanlıqları və sistemlərinə keçid, mövcud stansiyaların modernləşdirilməsinə başlanıldı. 2006-2009-cu illərdə dövlət büdcəsindən ayrılmış 600 milyon manata yaxın vəsait hesabına 2008-ci ildə “Nəsimi”, 2009-cu ildə “Azadlıq prospekti” və 2011-ci ildə “Dərnəgül” stansiyaları açıldı.
İstismara verilən ilk 5 stansiyadan biri olan “İçərişəhər” 2008-ci ildə, həmçinin paytaxtın mühüm nəqliyyat qovşaqlarının yaxınlığında yerləşən “Koroğlu” stansiyası 2011-ci ildə əsaslı təmir edilərək modernləşdirildi. Mühüm əhəmiyyətli məsələ kimi dərin özüllü stansiyaların ikinci çıxışlarının tikintisi də aktuallaşdırılaraq “28 May” stansiyasının ikinci giriş-çıxışı inşa olundu.
Metropolitenin gələcəyini müəyyən edən əhəmiyyətli hadisə isə yeni perspektiv inkişaf planının hazırlanması oldu. 2008-ci il noyabrın 10-da dövlət başçısının sərəncamı ilə araşdırma, təhlil və planlaşdırma işlərinə başlanıldı. Tender keçirilərək Fransanın SYSTRA, Çexiyanın “Mott McDonald” və Koreyanın “Saman” şirkətlərinin iştirakı ilə beynəlxalq konsorsium yaradıldı. Müfəssəl sosial-iqtisadi təhlillər aparıldı, sərnişinlər arasında sorğu keçirildi və tələbat, həmçinin sərnişin axınının istiqamətləri müəyyən edildi. Yekunda 14 layihədən 4-ü ən münasib variant kimi ümumi müzakirəyə çıxarılaraq 2010-cu il noyabrın 4-də Azərbaycan Prezidentinin iştirakı ilə geniş müşavirədə müzakirə edildi. Təklifə əsasən, metropoliten yeni 3 xətt inşa olunmaqla stansiyalarının sayının 76-ya, xətlərinin ümumi uzunluğunun 119 kilometrə çatdırılması nəzərdə tutulurdu. 2011-ci il martın 18-də dövlət rəhbərinin sərəncamları ilə metropoliten xətlərinin konseptual inkişaf sxemi və 2011-2015-ci illər üçün Dövlət Proqramı təsdiq edildi.
Bütün bunlar iqtisadi inkişafın Azərbaycan modelinin ilk töhfələri idi. Sosial əsaslı və düşünülmüş layihələr, bu xüsusda Azərbaycanın tarixi-coğrafi mövqeyi, milli potensialı, sənaye xüsusiyyətləri ilə uzlaşdırılması bu modelin təməl prinsipləridir. Bu yüksəliş metropolitenin inkişafında da yeni mərhələnin təməlini qoydu. Azərbaycan iqtisadiyyatının özünəməxsus modelinin daha bir nümunəsi kimi 2014-cü il fevralın 27-də dövlət başçısının sərəncamı ilə Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı.
“Bu gün yeni texnologiyalar tətbiq olunur. Biz Azərbaycanda, Bakıda bu texnologiyalardan istifadə etməliyik. Əvvəlki təcrübə çox qiymətlidir. Ancaq bugünkü təcrübə, əlbəttə ki, həm işlərin daha da böyük səmərə ilə görülməsinə xidmət göstərəcək, həm də maksimum keyfiyyət təmin olunacaqdır”, - deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin strateji niyyəti və qarşıya qoyduğu əsas vəzifələri bu yeni qərarın mahiyyətində də öz əskini tapmışdı. Yeni rəhbərlik qarşısında bazar iqtisadiyyatının əsas tələblərinə cavab verən daha çevik bir müəssisə qurmaq, dünya təcrübəsini öyrənməklə müasir standartları tətbiq etmək, texnoloji yeniləşməni innovativ düşüncə tərzi həddinə çatdırmaq kimi vəzifələr dayanırdı.
Ötən qısa dövrün təcrübəsi əyani göstərir ki, bu, sadəcə, ad və yaxud forma dəyişikliyi deyildi. Bu dövrdə atılan addımlardan söz açanda, cəmi 3 ildən bir qədər artıq müddət ərzində görülmüş işlər dövlət başçısının seçdiyi kursun nə qədər doğru olduğunu əyani nümayiş etdirir.
İlk növbədə, müstəqillik dövrünün ən böyük metro layihəsi - gələcəyin soraqçısı olan yeni xəttin ilk iki stansiyasının tikintisi başa çatdırıldı. Tunellərin inşasında metropoliten tarixində ilk dəfə müasir tunelqazma qurğuları istifadə olundu. Stansiyaların tikintisində də yeni metod və üsullar, texnologiyalar, maşın və mexanizmlər tətbiq edilir.
2016-cı il aprelin 19-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları istismara verildi. Bu stansiyalarda yeni dövrün tələblərinə uyğun ilk müasir addımlar atılıb. Onlar şəhərin gələcək inkişaf tələbləri nəzərə alınmaqla 7 vaqonluq qatarların daxil olması üçün nəzərdə tutulmuş 144 metrdən az olmayan uzunluqda platformalardan ibarətdir. Əhalinin sosial cəhətdən həssas təbəqəsinin maraqları nəzərə alınmaqla liftlər və uzun keçidləri olan “Avtovağzal” stansiyasında travolatorlar quraşdırılıb. Gələcəkdə xəttin inşası davam etdirildikcə, idarəetmə sistemində ən müasir SCADA və qatar hərəkətinin təşkilində CBTC sistemləri quraşdırılacaqdır. Hazırda bu istiqamətdə işlər aparılır.
Yeni xətlərdə bütünlüklə ən müasir dünya təcrübəsi tətbiq ediləcək. Yollar beton bloklarla təchiz olunacaq, elektrik təchizatında müasir texnologiyalar və innovativ düşüncə tərzinin digər məhsulları da tətbiq ediləcək. Yeri gəlmişkən, “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında Avropa və postsovet məkanında ilk dəfə olaraq 35 kV-luq yarımstansiyalar qurulub. Metro tunellərində yeni dəmir yolu anlayışı kimi beton bloklardan istifadə edilməsi üçün metropolitenin mövcud infrastrukturundakı dəmir-beton konstruksiyaları sahəsi tamamilə əsaslı şəkildə yenidən qurulub və ISO standartlarının tələblərinə cavab verməklə ən müasir səviyyəyə qaldırılıb və burada beton şpalın istehsalı üçün yeni sex inşa olunub. 5 layihə arasından ən optimalı seçilərək “Vollert” şirkəti ilə müqavilə imzalanmış, istehsal sexi inşa olunmuşdur. Bununla həm də “Made in Azerbaijan” brendinin irəli aparılmasına da bir töhfə verilib. Çünki bu sexdə gələcəkdə müxtəlif sifarişləri də yerinə yetirmək mümkündür. Beton bloklu yolların tunellərdə qoyulmasının mənimsənilməsi məqsədilə “Nərimanov” elektrik deposunda tikilən qatarların sınaq yolu da bu novatorluğun pilot layihəsinə çevrilib. Burada həm təcrübənin mənimsənilməsi, həm də kadrların hazırlanması yeniliklərinin tətbiqi kimi mühüm vəzifələr həllini tapıb.
Ümumiyyətlə, yeni xətlərdə həm idarəetmədə, həm hərəkətin təşkilində, həm də təchizatda ən müasir sistemlərin tətbiqi nəzərdə tutulub. 2014-cü il mayın 12-də Fransa Prezidenti Fransua Ollandın Bakıya rəsmi səfəri çərçivəsində hər iki dövlət başçısının iştirak etdiyi biznes-forumda “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi ilə Fransa tərəfdaşları arasında 5 anlaşma memorandumu imzalandı. Bu memorandumlar təkcə qeyd edilən sistem və avadanlıqların təchizatı deyil, eyni zamanda metropolitenin yeni xətlərinin lokomotiv parkının müasir tələblər səviyyəsində qurulmasını, ən əsası isə insan resurslarının məhz yerli kadrlar əsasında qurulması üçün müasir tədris sistemlərinin tətbiqini də nəzərdə tuturdu.
Bu layihələrin ilk uğurlarından da bəhs etmək olar. 2015-ci il aprelin 16-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə metropolitendə, xüsusən də yeni xətlərdə istismar olunacaq ilk 3 yeni nəsil qatarı istismara verildi. Avtoidarəetmə imkanlı 4-cü nəsil qatarlar kondisionerləşdirmə, mikroiqlim tələblərinə cavab verməsi, müasir elektron və informasiya sistemləri və kompüter idarəetməsinin təchizatı ilə yanaşı, “Bakı Metropoliteni” QSC-nin texniki-iqtisadi əsaslandırma irəli sürdüyü bir sıra təklifləri də nəzərə alınaraq istehsal olunmuşdu. Bu hərəkət tərkiblərinin vaqonlarında bir-birinə keçid olması, tutacaqların məhz yerli sərnişindaşıma tələbləri nəzərə alınmaqla quraşdırılması diqqət çəkən ilk tələblərdən idi.
Fransanın “Thales” şirkəti ilə əməkdaşlıq inkişaf etdirilir. Gələcəkdə yeni xətlərdə tətbiq olunacaq SCADA idarəetmə sistemləri və dispetçer mərkəzləşməsi, eləcə də qatarların hərəkətinin müasir radiokanal idarəetməsi olan CBTC sistemləri ilə təşkili baxımından əhəmiyyətli layihələr işlənir. Bu sistemlərin tətbiqində yerli kadrların hazırlanması ilə bağlı bu şirkətlə bağlanmış müqavilə üzrə işlər isə davamlıdır. Artıq Türkiyənin İstanbul və şirkətin Kanadanın Toronto şəhərindəki tədris mərkəzində təlim-tədris və təcrübə prosesinə cəlb edilmiş işçilər bilik və bacarıqlarını yerli mütəxəssislərə öyrədirlər.
Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli 1408 saylı Sərəncamı ilə təsdiq olunmuş Bakı metropoliteninin inkişafına dair Dövlət Proqramında stansiyaların yenidən qurulması, əsaslı təmiri və müasir avadanlıqlarla (işarəvermə, rabitə, teleidarəetmə, eskalator, ventilyator və s.) təchiz olunması nəzərdə tutulub.
Ötən müddət ərzində metropolitenin müasirləşdirilməsi və sərnişin tələblərinin ən yüksək həddinə çatdırılması baxımından da əhəmiyyətli işlər görülüb. 2015-ci il dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə daha bir dərin özüllü stansiyanın - “Elmlər Akademiyası”nın ikinci giriş-çıxışı açılıb. Bu müddətdə “28 May” stansiyası da tamamilə yenidən qurulub. “Elmlər Akademiyası” stansiyasının, eləcə də “20 Yanvar”, “İnşaatçılar” stansiyalarında eskalatorların yeni nəsil analoqları ilə dəyişdirilməsi zamanı vestibüllər dövrün tələblərinə uyğun yenidən qurulub. “Neftçilər” və “Qara Qarayev” stansiyalarının keçidləri və vestibülləri, “İnşaatçılar”, “Nəriman Nərimanov”, “Gənclik”, “Xalqlar dostluğu” stansiyalarının keçidləri büsbütün yenilənib. Onu da əlavə edək ki, metropoliten tarixində ilk dəfə “Gənclik”, “Nəriman Nərimanov” və Bənövşəyi xəttin “Memar Əcəmi” stansiyalarının keçidləri sərgi qalereyasına çevrilib. Burada müxtəlif aktual və milli-mənəvi dəyərlərə söykənən yeni tipli sosial layihələr sərnişinlərin də marağına səbəb olub. “Nizami” stansiyasının platforması da görkəmini tamamilə dəyişib. Stansiya pilonları davamlı inşaat materiallarından istifadə olunmaqla təmir edilib. Nizaminin ölməz “Xəmsə”sinin mövzusunda işlənmiş pannolar bərpa edilərək yenidən əvvəlki görkəmi ilə həyata qaytarılıb.
Metropolitenin 1967-ci ildə istismara verilən ilk 5 stansiyasından biri olan “Sahil” stansiyasında eskalatorların istismar müddəti başa çatdığından onların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb. Dövlət proqramına uyğun olaraq, avqust ayının 20-sindən “Sahil” stansiyasında əsaslı təmir işlərinə başlanılıb. Eskalatorların yenisi ilə əvəzlənəcəyi və əsaslı təmir işlərinin yerinə yetiriləcəyi müddət ərzində, stansiya birçıxışlı olduğu üçün onun bağlanması zərurəti yaranıb. Təmir müddətində stansiyanın “LT-3” tipli 3 eskalatoru sökülərək yerində Almaniyanın “ThyssenKrupp Fahrtreppe” şirkətinin “Viktoriya” tipli 4 eskalatoru quraşdırılacaq. Buna qədər “28 May” stansiyasında aparılmış yenidənqurma tədbirləri çərçivəsində sökülmüş 3 eskalatorun əvəzinə onların yeni tipli 4 analoqu quraşdırılmışdı. “Sahil” stansiyasında quraşdırılacaq eskalator əvvəlki nəsil eskalatorlardan bir çox üstünlükləri ilə fərqlənəcək. Əsaslı təmir işləri çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar da yenilənəcək. “Sahil” stansiyasında əsaslı təmir işlərinin 2018-ci ilin iyun ayının sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur.
Həmçinin ötən müddətdə metropoliten infrastrukturunun idarə olunmasında ən əhəmiyyətli sistem olan dispetçer mərkəzləri yeni dövrün texnoloji tələblərinə uyğun yeni əsaslar üzərinə keçirilib.
Son illərdə qatarların növbədənkənar xətdən çıxarılmasının 4 dəfəyədək azalması isə metropolitendə görülən tədbirlərin əyani məntiqi yekunudur. Burada tamamilə yeni prinsiplərlə iş qurulmaqla, təchizata yeni baxış gətirilib, təmir ən müasir dünya standartları səviyyəsində qurulub.
Əlbəttə, ən mühüm yeniliklərdən biri - diaqnostika kompleksi metropoliten infrastrukturunun yoxlanılmasına yeni baxış gətirib. 2015-ci ildə Azərbaycan Prezidentinin iştirakı ilə yeni nəsil qatarlar istifadəyə verilərkən, təqdim olunmuş bu kompleks elə həmin ilin dekabrında Moskvada mötəbər beynəlxalq konfransda “dünyada analoqu olmayan” kimi qiymətləndirilib. Onun sayəsində metropolitendə tətbiq edilmiş yeniliklər artıq bir çox dünya metropolitenlərinin də diqqətini cəlb edib.
Qeyd edilənlər haqqında söz açılması mümkün olan əhəmiyyətli yeniliklərin, sadəcə bir qismidir. Lakin qarşıda daha böyük vəzifələr var. Çünki “Metroda görüləcək işlər çox olacaqdır. Bu, Bakıda yaxın illərdə həyata keçiriləcək ən əsas infrastruktur layihələrindən biri olacaqdır”, - deyən ölkə rəhbərinin qayğı və diqqəti sayəsində Bakı metropoliteni inkişaf edəcək, böyüyəcək.