z
17 MAY / 2024 / 11:15
Bakı metropoliteni tarixində ilk dəfə kadrların hazırlanması sahəsində daha bir unikal tarixi yenilik edilib. Metropolitenin 55 ildən artıq tarixi ərzində bir sıra mühüm sahələr kadrların seçilməsi və hazırlığında bilik və bacarıqlarla yanaşı, uzunmüddətli təcrübə həlledici faktor kimi götürülərək, hazırlıq prosesi illərlə davam edib. Bu mənada maşinistlərin hazırlığında inqilabi yenilik də adlandırılan layihənin uğurlarına daha biri əlavə olunub.
Bakı metropolitenində bütün infrastrukturun idarə edilməsində ən həlledici vəzifələrdən hesab olunan dispetçerlərin hazırlanması da artıq tamamilə yeni düşüncə tərzi və innovativ layihə ilə həyata keçiriləcək. Bu sırada ilk uğurlu layihə elektrik dispetçerinin hazırlığı ilə başlanıb. 3 ilə yaxın müddətdir ki, bu sahə ilə bağlı verilən elanlar əsasında seçilən kadrların hazırlığı prosesi başa çatmaqla, 4 gənc mütəxəssis elektrik dispetçeri kimi işə başlayıb.
Təlim-tədris mərkəzində təşkil edilmiş elektrik dispetçeri vəzifəsi üzrə hazırlıq kurslarına elektron ərizə ilə müraciət etmiş çoxsaylı iddiaçılar arasından seçilmiş gənclər 9 ay “Təcrübəçi” layihəsi üzrə nəzəri sınaq kursunda iştirak ediblər. Bu müddətdə onların potensial imkanları qiymətləndirilməklə daha dərin biliklərə yiyələnməsi təmin edilib.
Neft və Sənaye, eləcə də Texniki universitetlərin elektroenergetika və elektik mühəndisliyi fakültələrinin məzunları olan gənclər daha sonra ibtidai hazırlıq mərhələlərini uğurla başa vurduqdan sonra Bakı metropoliteninin elektrik təchizatı sistemi üzrə ümumi biliklər, yarımstansiyaların xüsusiyyətləri, o cümlədən dartı, güc, işıqlandırma sistemi və transformatorlar, eləcə də müxtəlif sahələr üzrə güc kabellərinin təyinatı, yüksək gərginlik açarlarının idarəetmə və mühafizəsinin təşkili və s. sahələrdə təcrübə toplayaraq işin xüsusiyyətlərini mənimsəyiblər.
Sınaq müddətində elektrik təchizatı sahələri üzrə universal biliklərə yiyələnən gənclər metropolitendə dispetçer vəzifəsində çalışmaq imkanı qazanmaqla yanaşı, karyera yüksəlişi şansı əldə ediblər.
Bu kursun gələcəkdə digər mühüm sahələrdə genişləndirilməsi də nəzərdə tutulub. Ümumiyyətlə, son illərdə metropolitendə 60-dan artıq gənc “Təcrübəçi” layihəsi üzrə işlə təmin edilib. Bu gənclərin 30-dan çoxu həm də karyera yüksəlişi üzrə ilk uğurlarına nail olublar.
“Təcrübəçi” layihəsinin əsas hədəfi ixtisas sahəsi üzrə əmək təcrübəsi olmayan gənclərə şans vermək, onların potensialının özünü büruzə verməsi və genişlənməsinə şərait yaratmaq, iş təcrübəsi topladığı dövrdə dəstək olmaq, kollektivə uyğunlaşmasını təmin etməkdir. Bu məqsədlə gənclərə təlim-tədris mərkəzinin nəzarəti altında iş yerlərində stajlı hamilər təyin edilməklə onların uğurları üçün ən münbit şərait yaradılır.