z
20 MAY / 2024 / 15:34
“Bakı Metropoliteni” QSC-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti dəfə təşkil olunan “Bakı Marafonu-2024”də uğurlu nəticələr qazanmış əməkdaşlarla görüş keçirilib. Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) xətti ilə “Küləyə qalib gəl” yarışına qatılan 11 metropolitençi idarə rəhbərliyi tərəfindən mükafatlandırılıb.
18 mindən çox iştirakçı arasında yüksək yer tutaraq xüsusi diploma layiq görülən metropolitençiləri təbrik edən MİHİ sədri Bəhruz Əhmədov qaliblərə idarə rəhbərliyi və sədr Zaur Hüseynovun təbriklərini çatdırıb, onlara gələcək yarışlarda uğurlar arzulayıb. Sonra 21 km məsafəni qət edən marafonçulara mükafatlar təqdim edilib.
İsmayıl Babayev (usta, 620-ci yer), Samir Quliyev (elektrik montyoru, 411-ci yer), Sadiq Həsənli (yol montyoru, 590-cı yer), Razim Nağıyev (çilingər, 1621-ci yer), Fərhad Məmmədov (dispetçer, 838-ci yer), Turan Mirzəyev (akkumulyatorçu, 522-ci yer), Əli Nəcəfov (qatar maşinisti, 615-ci yer), Yunus Abdullayev (betonçu, 821-ci yer), Valeh Məmmədov (betonçu, 596-cı yer), İntizam Bayramov (qazanxana maşinisti, 767-ci yer) və Emil Rüstəmov (qatar maşinisti, 1169-cu yer) sonadək mübarizə apararaq finiş xəttinə çatıb.
Onlara təşkilatçılar tərəfindən sertifikatlar təqdim olunub.
Qeyd edək ki, 2016-cı ildən keçirilən Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ, dövlət qurumları, idarə və müəssisələr arasında idman kütləviliyini təmin etmək məqsədi daşıyır. Marafonda idmançılarla yanaşı, istənilən sadə vətəndaş iştirak etmək imkanına malikdir. O cümlədən xüsusi qayğıya ehtiyacı olan şəxslər də marafona qatılırlar. Ənənəvi yarışa ölkəmizdə yaşayıb-çalışan xarici ölkələrin vətəndaşları da qoşulurlar.