z
24 MAY / 2024 / 16:16
“Bakı Metropoliteni”QSC-nin əməkdaşları və onların ailə üzvləri üçün Əməkdar mədəniyyət işçisi, televiziya və radioda müəllif proqramlarının məşhur aparıcısı Rahib Azərinin təqdimatında planlaşdırılan maraqlı silsilə tədbirlərin birincisi keçirilib.
Tədbirə toplaşanları milli muğam üçlüyünün ifasında xalq və bəstəkar mahnılarının ifası qarşılayıb.
Qeyd edək ki, Korporativ sosial məsuliyyət proqramı çərçivəsində Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatılığı ilə keçirilən “Növbəti stansiya...” adlı tədbirlər Azərbaycan filmlərinə həsr olunacaq.
Bu silsilə tədbirlərin təşkilində əsas məqsəd daim kollektivçiliyi ilə seçilən metropolitençilərin ailə dəyərlərinə töhfə vermək, müəssisə əməkdaşlarının səmimi mühitini formalaşdırmaqdır. Eləcə də asudə vaxtı xüsusi proqramlarla, yeni tipli və qeyri-ənənəvi ideyalarla daha səmərəli və faydalı etməkdir.
Bu seriyadan ilk tədbir kinorejissor Arif Babayevin 1968-ci ildə çəkdiyi və Azərbaycan kinematoqrafiyasının incilərindən hesab edilən “Uşaqlığın son gecəsi” filminə həsr olunub.
Maraqla qarşılanan tədbirdə filmin baş qəhrəmanı Murad rolunun ifaçısı Ənvər Həsənov da qonaq qismində iştirak edib.
Rahib Azəri filmin çəkilişləri zamanı baş verən maraqlı hadisələr, faktlar, maraqlı çəkiliş meydançaları, kadrarxası məqamlar, yeni əldə etdiyi fotolar əsasında geniş və çox maraqlı söhbəti ilə tədbir iştirakçılarına xoş anlar yaşadıb.
Görkəmli aktyor, Prezident təqaüdçüsü və Xalq artisti Ənvər Həsənov tədbir boyunca Rahib Azərinin təqdimatını maraqlı xatirələri ilə daha da canlandırıb. Ənvər müəllim filmin epizodlarından birinin Bakı metrosunun stansiyalarında çəkilməsindən də ağızdolusu danışıb. Yeri gəlmişkən, bu film Bakı metrosunun bədii səhnədə yer aldığı ilk filmlərdəndir.
Tədbir başa çatdıqdan sonra iştirakçılar layihə müəllifi və aktyorla söhbət edib, xatirə şəkilləri çəkdiriblər.