z
24 OKTYABR / 2017 / 00:00
Azərbaycanın inkişafına zəmin yaradan iqtisadi faktorlardan çox söz açmaq olar. Əlbəttə, bütün bunlar, sadəcə, potensial ehtiyatlara söykənmir. Bu tərəqqinin əsasında ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyası və bu xüsusda verilən qərarlar dayanır. Müstəqilliyin ilk illərində maddi-texniki bazası köhnəlməkdə olan metropolitenin ayağa qaldırılmasında Heydər Əliyevin danılmaz rolu, daha sonra onun yeni inkişaf mərhələsində İlham Əliyev faktorunun böyük əhəmiyyəti olub.
Hər inkişafın davamlılığı, perspektivləri verilmiş qərarlardan və onun özünü əməldə doğrultmasından asılıdır. Bunu Bakı Metropoliteninin nümunəsində də bariz müşahidə etmək olar.
2014-cü il fevral ayının 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” sərəncamına əsasən, Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. Elə həmin gün ölkə rəhbərinin digər sərəncamı ilə Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edildi.
Yeni dövrün tələblərinə və qarşıya qoyulan vəzifələrə uyğun olaraq, ötən qısa müddətdə görülən işləri ümumi qiymətləndirsək, innovativ texnologiyaların və elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi, Avropa standartlarına keçidin başlıca meyara çevrilməsi, günün tələbləri ilə ayaqlaşmağı bacarması, qabaqcıl təcrübəyə uyğun yeni tipli kadrların işə qəbulu və yetişdirilməsi, işə münasibətin təkmilləşdirilməsi, sosial mahiyyətli tədbirlərin genişləndirilməsi və dərinləşdirilməsi xüsusi diqqətdə saxlanması kimi vəzifələrin uğurla icra edilməsi dövlət başçısının Bakı metrosunun inkişafında yeni mərhələyə nail olmağın ən doğru yolunu müəyyənləşdirdiyini göstərdi.
“Bakı Metropoliteni” QSC fəaliyyətinin ilk günlərindən sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi, qatarların hərəkətinin və sərnişindaşımanın təhlükəsizliyinin təmin edilməsi kimi mühüm vəzifələrlə yanaşı, sərnişinlərin metropolitendən sərbəst istifadəsini məhdudlaşdıran, təbii ventilyasiyaya xələl gətirən, təhlükəsizliyə və istismar qaydalarına zidd olaraq fəaliyyət göstərən bütün ticarət obyektlərini metro ərazisindən kənarlaşdırmağa nail oldu. Bu qərar geniş ictimai dəstək aldı. Qısa müddətdə keçidlər bu ticarət köşklərindən təmizləndi. Onların yerində dövri, eləcə də əsaslı təmir işləri aparıldı. Dövri təmir işləri 2014-cü ilin aprel ayına kimi bütün stansiyalarda başa çatdırıldı. Eyni zamanda metro stansiyalarının memarlıq üslubuna xələl gətirmədən, sərnişin axınına maneə yaratmadan reklam işinin təşkili və ona yanaşmaya münasibət köklü dəyişərək, tamamilə müasir formada və müəssisə daxilində hazırlanmaqla tənzimlənərək həyata keçirilməsinə də başlandı.
Təbii ki, bütün bunlar yeniləşmə erasının başlanğıcını göstərən, həmçinin Bakı metrosunun imicini özünə qaytaran addımlar idi. Yeni texnologiyalar erasının ilk böyük addımı da elə həmin dövrdə atıldı. 2014-cü ilin may ayının 12-də Fransa Prezidenti Fransua Ollandın rəsmi səfəri çərçivəsində hər iki dövlət başçısının iştirakı ilə keçirilən Azərbaycan-Fransa biznes forumu Bakı Metropolitenində perspektiv inkişaf layihəsi ilə bağlı gələcək inkişafın ilk praktiki addımlarının başlanğıcı oldu. Fransanın aparıcı şirkətləri ilə metropolitendə texnoloji innovasiyanın tətbiqinin təməlini qoyan 5 anlaşma memorandumu imzalandı.
Bu yeniləşmənin ilk sorağı bir ilə yaxın müddətdən sonra əyani nümayiş etdirildi - Bakıya Avropa ölkələrində, ya da teleekranlarda, mətbuatda gördüyümüz yeni nəsil qatarlarının 15 vaqondan ibarət ilk nümunələri gətirildi. Fransanın “Alstom” şirkəti ilə bağlanan müqavilə əsasında, həmin şirkətin bloklayıcı paketinin sahibi olduğu “Transmaşholdinq” şirkətinin zavodunda istehsal olunmuş 3 yeni nəsil qatar 2015-ci ilin aprel ayının 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə təqdim olundu. Sonuncu - 4-cü nəslə mənsub və idarə edilməsi mikroprosessor sistemləri əsasında həyata keçirilən bu qatarlar kondisonerləşdirilməsi, mikroiqlim nəzarəti və müasir elektron informasiya, videomüşahidə sistemləri ilə təchiz olunması ilə diqqət çəkir. Paslanmayan poladdan hazırlanan bu qatarların yerli mürəkkəb geoloji şəraitə uyğunluğu ilə yanaşı, Bakı Metropoliteninin texniki tapşırıqları nəzərə alınaraq, əvvəlki hərəkət tərkiblərindən fərqli olaraq, yeni nəsil qatarlar vaqonlararası birbaşa keçidlə təmin edilib. Bu isə qatar boyunca sərnişinlərin rahat hərəkətini, onların bərabər paylaşmasını təmin edən əsas faktorlardan biridir. Sərnişin rahatlığı məqsədilə tutacaqların daha praktik yerləşdirilməsi, həmçinin onların müvafiq dizaynı və forması ilə bağlı təkliflər də bu qatarlarda öz əksini tapıb. Yeni vaqonlar sərnişin tutumu baxımından da üstün olaraq, 330 nəfər üçün nəzərdə tutulub.
Azərbaycan Prezidentinə depoda qısa vaxtda Bakı Metropoliteninin infrastrukturunun beynəlxalq standartlara uyğun yenidənqurulması istiqamətində görülmüş əhəmiyyətli işlər, qarşıda dayanan əsas vəzifələr də nümayiş etdirilib. Bu mənada, “Bakı Metropoliteni” QSC-nin texniki sifarişləri də nəzərə alınaraq, istehsal olunmuş diaqnostika kompleksi xüsusi əhəmiyyətə malikdir. Elə həmin ilin sonunda Moskvada keçirilən mötəbər elmi-praktik sərgi-konfransda məhz Bakı Metropoliteninin təklifləri əsasında funksionallığı zənginləşdirildiyi üçün “analoqu olmayan” kimi qiymətləndirilən bu diaqnostika kompleksinin böyük rolunu ötən dövr də əyani nümayiş etdirib. Metropolitenin bir çox infrastrukturunun işinin tənzimlənməsində və yenidən qurulmasında, təhlükəsizliyin təmin olunmasında, əhəmiyyətli yeniliklərin tətbiqində kompleksin əhəmiyyəti xüsusidir. Tamamilə yenidən qurulub, müvafiq avadanlıq və cihazlarla təmin edilmiş bu sahə artıq metropoliten infrastrukturuna obyektiv texniki qiymət verən ən mühüm vasitəyə çevrilib. İndi onun təcrübəsi beynəlxalq miqyasda öyrənilir. Kompleks yolların rəvanlığının, təhlükəsizliyinin texniki tələblər səviyyəsinə çatdırılmasında əhəmiyyətli rol oynayır və iki il ərzində ən yüksək texniki göstərici səviyyəsinə çatdırılıb. Hazırda müvafiq texniki normativlərlə Bakı metrosunun yolları “əla” və “yaxşı” qiymətləndirməklə, nəinki “qeyri-kafi”, hətta “kafi” yollar da qalmayıb. Bakının ağır hidrogeoloji şəraitində metropoliten tunellərinin arxasında qalan yeraltı sahələr də bu kompleks sayəsində artıq elmi-texniki potensial nailiyyəti tətbiq olunaraq öyrənilir, işin həcmi müəyyən olunur və müvafiq qabaqlayıcı tədbirlər görülür. Əvvəllər isə bütün bunlar kortəbii qaydada aparılırdı. Bununla yanaşı, metropoliten yolları və tunellərinin texniki infrastrukturunda bir çox spesifik, ələlxüsus da bir-biri ilə sıx təmasda olan sahələrin işinin tənzimlənməsi, problemlərin mənbəyinin öyrənilməsi və aradan qaldırılması baxımından diaqnostika kompleksi əhəmiyyətli vasitəyə çevrilib.
Metropolitenin əsas vəzifəsi sərnişinə rahat və təhlükəsiz daşıma xidməti təklif etməkdir. Bunun təməlində isə idarəetmə və operativ qərarlar dayanır. Metropoliten infrastrukturunun bütün fəaliyyətinin təməlində dayanan və əsas hərəkətverici qüvvəsi dispetçer mərkəzləridir. Bu sahədə mühüm yeniləşmə işləri 2015-ci ildə həyata keçirildi. 1967-ci ildən bu günədək fəaliyyətdə olan dispetçer idarəetməsi tam yeni əsaslarla qurularaq təhvil verildi. 2015-ci il yanvarın 19-da “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun imzaladığı əmrlə qatarların hərəkətinə, avtomatika və telemexanika avadanlıqlarına nəzarətin dispetçer mərkəzinə ötürülməsi ilə bağlı işlərə başlanıldı. Həmin il aprelin 1-dən metropolitendə hərəkətin təşkilində ən mühüm mərkəz, beyin rolunu oynayan dispetçer mərkəzi yeni qərargahında fəaliyyətə başladı. Ən münasib şəraitlə təmin edilmiş dispetçer mərkəzləri həm də müasir avadanlıqlarla və idarəetmə sistemləri ilə təchiz olunub. Burada bütün sistem müasir mikroprosessor və elektron idarəetməsi üzərində qurulub. Əvvəlki dövrün lampa-işıq siqnallarından fərqli olaraq, yeni mərkəzdə interaktiv sistemlər quraşdırılıb, ekranda qatarların hərəkəti və stansiya adlarının əks olunması diqqəti çəkir. Mərkəzin bütün idarəetməni həyata keçirməsini nəzərə alaraq, otağın təchizatı zamanı, onun erqonomikasına, səs-küyün həddinə də diqqət edilib. Sistemin yenilənməsinin təməlində isə mühüm bir əsas dayanır. Mövcud xətlər gələcəkdə SCADA sisteminə keçirilərsə, artıq bu işin böyük hissəsi həllini tapmış olacaq.
İdarəetmənin ən optimal formasını təşkil edən SCADA sistemləri, ilk olaraq, yeni xətlərdə tətbiq ediləcək.