z

Bakı metropolitenində təkər cütləri vaqon altından çıxarılmadan təmir olunacaq

Bakı metropolitenində təkər cütləri vaqon altından çıxarılmadan təmir olunacaq

30 MAY / 2024 / 11:15

Bakı metropolitenində qatarların təmiri və qulluğu sahəsində daha bir əhəmiyyətli yenilik ediləcək. “Nərimanov” elektrik deposunda təkərlərin vaqon altından çıxarılmadan yonulması məqsədilə yeni sahə yaradılır. Artıq ölkə xaricində istehsal olunan rəqəmli idarəetmə əsasında çalışan müasir dəzgah alınaraq sahəyə gətirilib. Buna qədər isə yeni sahənin qurulması istiqamətində tədbirlər görülüb. Bu məqsədlə müvafiq komissiya araşdırma aparıb və işin səmərəli qurulması üçün yer müəyyən olunub. “Nərimanov” deposunun şpal sexinin yeri dəyişdirilərək burada qatarın bütünlüklə daxil ola biləcəyi sex inşa olunur. Şpal sexi isə deponun yük terminalına köçürülərək burada normativlərə uyğun bütün şərait yaradılıb. Təkəryonma sexinin ümumi uzunluğu 170 metr olan sex üçün ayrılmış sahədə tikinti-quraşdırma, təməlqurma işləri başa çatmaq üzrədir. 
Təkər cütləri vaqonların hərəkət hissəsinin ən əhəmiyyətli, eyni zamanda, ən çox təsirlərə məruz qalan elementlərindən biridir. Onun daim vaqonun bütün yükünü daşıyaraq relslə təmasından müxtəlif təsirlərə məruz qalması təbii prosesdir. Bu səbəbdən təkər cütlərinin etibarlığı və ölçülərin daim normativlər daxilində olması hərəkətin təhlükəzliyinin başlıca zəmanətidir. Buna görə də onlara mütəmadi olaraq baxış keçirilir, aşkar edilən nöqsanlar təxirə salınmadan aradan qaldırılır. Ən çox nöqsan isə təkərin diyirlənmə səthinin profilində yaranır. Profilin bərpa edilməsi üçün təkər vaqonun altından çıxarılıb yonulur.
“Nərimanov” elektrik deposunda hazırda təkər cütlərinin yonulması KZTS qurğusunda aparılır. Qatar qaldırma təmir sahəsinə verilir, təkər cütləri vaqondan çıxarılır və təmir prosesinə cəlb edilir. Bu isə kifayət qədər vaxt aparan, işçi qüvvəsi və əmək sərfi bir prosesdir. Amma təkəri vaqonun altından çıxarmadan da bunu etmək mümkündür. Bu səbəbdən “Nərimanov” elektrik deposunun təkər təmirçilərinin yeni dəzgahı məhz məsələdə daha səmərəli olmaqla, təmir müddətinin daha da qısa müddətdə aparılmasını təmin edəcək.
Aparılan təhlillər əsasında bu sahədə ən optimal avadanlıq kimi Türkiyənin “Drinler Sanayi Makineleri Endüstri ve Tic. Aş” şirkətinin istehsalı olan vaqonaltı təkəryonan dəzgah seçilib. Yeni avadanlıq Bakı metropoliteninin bütün model və modifikasyalı vaqonlarının təkər cütlərinin diyirlənmə səthi profilini yüksək emal dəqiqliyi ilə bərpa edəcək. Bununla yanaşı, təkərin parametrlərinin ölçülməsi və göstəricilərin arxivləşdirilməsi də təmin olunacaq.
Dəzgah buks qovşaqları və reduktor ayrılmadan, hər təkər cütünün ayrı-ayrılıqda profilini təkər vaqonun altından çıxarılmadan emal etmək imkanına malikdir. O, Azərbaycan, rus və ingilis dillərində olan müvafiq proqram təminatı ilə təchiz edilib. İdarəetmə operator tərəfindən müvafiq interfeys və sensorlu pult vasitəsilə həyata keçiriləcək. Bütün iş prosesini rənglı qrafik monitorda izləmək mümkün olacaq. 
Metropolitenin tədarükçü təşkilat qarşısına qoyduğu texniki tələblərə görə, dəzgah həm avtomatik, həm də mexaniki (əl ilə) rejimdə işləməlidir. Avtomatik rejimdə dəzgahın idarəetmə sistemi operator tərəfindən verilən yonma parametrlərindən, eləcə də əvvəlki yonma və emal prosesindəki təkər cütünün ölçülərindən asılı olaraq tənzimlənəcək.
Dəzgahın istismar müddəti 10 ildən az olmayacaq. Bu müddət ərzində tədarükçü təşkilat metropoliteni ehtiyat hissələri ilə təmin edəcək. Quraşdırma və işəsalma işlərinin keyfiyyəti və qəbulu “Nərimanov” elektrik deposunun mütəxəssisləri ilə birgə aparılacaq.
Müqaviləyə əsasən, dəzgahın istehsalı zamanı işlərin gedişinə və keyfiyyətinə nəzarət etmək, həmçinin onun gətirilməsi və quraşdırılması ilə bağlı məsələləri dəqiqləşdirmək, detalları müzakirə etmək üçün metropolitenin istehsalat-texniki şöbəsinin rəisi Namiq Yusubov Türkiyədə olub. Zavodda istehsal prosesinin yekunlaşdırılması ilə yanaşı, ona avadanlığın bütün istehsalı dövrünü əks etdirən məlumatlar təqdim edilib. Bununla yanaşı, İstanbulda Namiq Yusubov bu dəzgahın quraşdırıldığı depoların iş şəraiti ilə tanış olub. Səfər çərçivəsində qarşılıqlı fikir mübadiləsi, personalın hazırlığı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu günlərdə sexin inşasında əsas işlər yekunlaşdırıldığından dəzgah, onun idarəetmə sistemləri və proqram təminatı Bakıya gətirilərək quraşdırma işlərinə başlanılıb.