z

Bakı metropolitenində mikroiqlim şəraitinin yaxşılaşdırılması ilə bağlı yenilik tətbiq ediləcək

Bakı metropolitenində mikroiqlim şəraitinin yaxşılaşdırılması ilə bağlı yenilik tətbiq ...

31 MAY / 2024 / 11:15

İyun ayının 1-dən Bakı metropoliteninin stansiya və tunellərinin ventilyasiya sistemi yay qrafikinə keçirilir. Ventilyatorların yeni qrafikinə əsasən, stansiyaların gün ərzində havalandırılması yay fəslinin orta temperatur rejiminə uyğun olaraq tənzimlənəcək. Bununla yanaşı, gündəlik monitorinqlər və hava proqnozu ilə bağlı rəsmi məlumatlar diqqətdə saxlanılaraq, əlavə tədbirlərin görülməsi nəzərdə tutulacaq.
Yay qrafikinə uyğun olaraq, günün isti və qızmar saatlarında ventilyatorlar sovurma istiqamətində çalışdırılır, isti və çirklənmiş hava kütləsini tunellərdən xaric edir. Səhər erkən və axşam saatlarında isə əksinə, ventilyatorların işi hava kütləsinin stansiya və tunellərə axını istiqamətində təmin edilir.
İyun ayından başlayaraq stansiya və tunellərin mikroiqlim şəraitinin yaxşılaşdırılması ilə bağlı yenilik tətbiq ediləcək. 2023-cü ilin yay aylarından, Bakı metropolitenində bütün tunellərin üfürülməsi ilə bağlı sınaqlar, müşahidələr aparılaraq, monitorinqin nəticələri əsasında tunellərdə mikroiqlim sisteminin vəziyyəti təhlil edilib. Ötən müddətdə bu yeniliyin effektivliyi müəyyən edildiyindən yay fəslində davamlı və sistemli tətbiqi barədə qərar qəbul edilib. 
Stansiya və tunellərdə havanın hərarəti ilə yanaşı, sanitariya və gigiyena şəraitinə təsir edən amillərin də diqqətdə saxlanılması biomühitin tarazlığının mühafizəsi və yaxşılaşdırılmasında mühüm rol oynayır. Verilmiş qərara əsasən, həftənin istirahət günlərinin gecə növbələrində olmaqla, Yaşıl və Qırmızı xətlərdə ventilyatorlar xüsusi qrafiklə çalışdırılaraq tunellərin üfürülməsi təmin ediləcək. Prosesdə stansiyalarda açıq sahələrin imkanlarından da geniş istifadə olunacaq. Bütün prosesə müvafiq sahələrin rəhbər və mütəxəssis heyəti nəzarət etməklə, işçi qrupların müntəzəm monitorinqləri aparılacaq.
Üfürmə prosesindən sonra müvafiq metroloji vasitələr və ölçmələrlə tunellərin mikroiqlim vəziyyəti, sanitariya normalarının tələblərinə uyğunluğu təhlil olunacaq. Qeyd edək ki, əvvəlki dövrün pilot xarakterli tədbirləri stansiyalarda havanın hərarətinin bir qədər də aşağı salınmasına təsirini təsbit edib. Bundan əlavə, tunellərin üfürülməsinin oksigenin və rütubətin miqdarı, tozluluq dərəcəsi və bir neçə digər əsas mikroiqlim parametri üzrə ölçmələr də nəzərə alınmaqla, metropolitendə bioloji mühitin daha da yaxşılaşdırılması imkanları nəzarətdə saxlanılacaq. Qeyd edilənlər tunel geyimi, avadanlıqlar və digər infrastrukturun iqlim şəraiti və yeraltı mühitin neqativ təsirlərindən mühafizəsi baxımından da effektlidir. 
Ümumiyyətlə, Bakı metropoliteni stansiya və tunellərində son illərdə tətbiq edilmiş yeni və daha güclü ventilyatorlar sayəsində həmin sahələrdə havanın orta hərarətinin 2-3, bəzən 4 dərəcəyə qədər aşağı salınmasına nail olunub. Bundan başqa, təbii havalandırma imkanlarının genişləndirilməsi məqsədilə faktiki olaraq yenidən yaradılan dempfer sisteminin genişləndirilməsi işləri də müntəzəm davam etdirilir.
Bakı metropolitenində havalandırma imkanları baxımından müsbət dinamikanın təmin edilməsi ilə bağlı tədbirlər davamlı görüləcək. Hazırda Bakı metropolitenində stansiyalarda havanın hərarəti və digər mikroiqlim parametrlərinin ölçülməsi və tənzimlənməsinin avtomatlaşdırılması sahəsində rəqəmsal sistemlərin tətbiqinin öyrənilməsi istiqamətində işlər aparılır.