z

Vaqon təmirində yeni era: qatarların əsaslı təmiri sexi istismara verildi

Vaqon təmirində yeni era: qatarların əsaslı təmiri sexi istismara verildi

17 NOYABR / 2017 / 00:00

"Nərimanov" elektrik deposunda metropoliten tarixində ən irimiqyaslı yeniliklərdən biri olan vaqonların əsaslı təmiri sexi istifadəyə verilib və burada ilk qatarın təmirinə başlanılıb. Bununla, ən müasir tələblərə cavab verməklə inşa olunmuş sahə metropolitenin lokomotiv təsərrüfatında kəskin dönüş yaradacaq.
Uzunluğu 136 m, eni 24 m olan sexin metal konstruksiyası sendviç panellərlə örtülüb. Əmək şəraitinin maksimal tələblərinə cavab verən sahədə, layihə üzrə iki mərtəbədən ibarət işçi, yardımçı, sanitar-məişət və texniki otaqlar inşa olunub. Sexdə yüksək standartlı yanğın təhlükəsizliyi, havalandırma, ekoloji təmizliyin ən yüksək tələbləri nəzərə alınmaqla filtrasiya sistemləri quraşdırılıb. Sahələr 14, sexin damı 6 ventilyator və sexin divarı 12 kolorifel ilə təmin olunub.
Döşəmə iş şəraiti tələblərinə müvafiq qaydada betonlanıb, qovşaqlar qurulub, müasir və estetik görkəmi ilə seçilən dayanıqlı epoksid maddə ilə boyanıb. Sexdaxili dəmiryolları texniki tələblər nəzərə alınmaqla, xüsusi layihə əsasında çəkilib. Deponun park yollarından dəmiryol xətlərinin çəkilməsi məqsədilə yoldəyişdirici qurğular quraşdırılıb.
Sexdə vaqonların sökülməsi, quraşdırılması, qaynaq və dəmirçi işləri yerinə yetirilir. Digər sahələrdə vaqonların antikorroziya tədbirlərinin görülməsi üçün qumla təmizlənməsi və emalı, vaqonaltının yuyulması, rənglənməsi ən müasir texniki tələblər səviyyəsində qurulub. Bu işlər Bakı metropoliteninin özünəməxsusluqlarına əsasən, həmçinin yüksək qənaətə nail olmaq üçün "Nərimanov" elektrik deposunda yerinə yetirilən təmir həcmi və xüsusiyyətləri nəzərə alınaraq tətbiq edilib.
Ən vacibi, sexdə təkcə qatarların əsaslı təmiri deyil, həmçinin müasir tələblərə uyğun modernləşdirilmə tədbirləri də həyata keçiriləcək. Bu isə vaqonlarda tətbiq edilən bir sıra yeni texnologiyaların tətbiqinə və onların gələcəkdə də inkişaf etdirilməsinə zəmin yaradacaq.
Modernləşdirilmə zamanı görüləcək ilkin işlərin həcmi də artıq məlumdur. Hazırda icra edilən modernləşdirmə tədbirindən 10-dan artığı bu sexdə yerinə yetiriləcək. Ümumiyyətlə, idarəetmə sistemini təşkil edən hissələrə, xüsusən qataraltı avadanlıqlara gətirilən yeniliklər həm nasazlıqların azalması, həm qulluq, həm də təhlükəsizliyin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu xüsusda pnevmatika cihazlarının yeni nəsli sayəsində köhnəlmiş hissələr ixtisara salmaqla sadələşdirilib və daha etibarlı elektromaqnit sisteminə keçiriləcək. Digər qataraltı avadanlıqlardan kardan muftasının müasir dişli mufta ilə əvəzlənməsi, bortun yeni nəsil qidalanma blokunun, bundan savayı, müasir tipli radiostansiyanın, salonların işıqlanmasında işıqdiodlu sistemin tətbiqi bir çox irihəcmli detalları daha funksional və sadə edəcək, qulluğunu asanlaşdıracaq. Avtomatika hissələrində müasir tələblərə cavab verən bir sıra yeniliklər edilməklə onların funksionallığı, davamlığı və etibarlığı ən yüksək həddə çatdırılacaq. Qapılara yeni nəzarət sisteminin əvəzlənməsi açılıb-bağlanma problemini aradan qaldırmaqla, onların rəvan və səlis hərəkətini təmin edəcək. Bu işlər sırasında baş vaqonun ön hissəsinin dəyişdirilməsi texnoloji yeniləşmənin keyfiyyətcə tam fərqli mərhələsinin başlanğıcıdır.
Bütün bunlar nəzərə alınmaqla, sexdə müvafiq işçi avadanlıqlar və iş şəraiti qurulub. Sex 55 kVt-lıq 2 kompressor qurğu və bir resiverlə təmin edilib. Müasir standartların tətbiqi məqsədilə sexdə yüksəkmanevrli arabacıq, səyyar qaldırıcılar və daşıyıcı qurğu, o cümlədən digər maşın və mexanizmlər tətbiq edilib. Qaynaq işlərində xüsusi şlanqı, tüstü tutanı və süzgəci olan mobil qurğudan istifadə edilir.
Sexin metropoliten üçün əhəmiyyəti danılmazdır. Buna qədər müvafiq zavod şəraiti olmadığından, əsaslı təmir üçün qatarlar ölkə xaricində aparılırdı. 2013-2015-ci illərdə 6 qatar Moskva Elektrik Qatarlarının Təmiri Zavodunun Tbilisi filialında əsaslı təmir edilib. İşin əhəmiyyətini nəzərə alaraq, "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi metropoliten tarixində ilk dəfə qatarların əsaslı təmirinin və modernləşdirilməsinin yerli şəraitdə təşkili ilə bağlı 2014-cü ildən ciddi addımlar atmağa başlayıb. Həmin il işlərin birinci mərhələsində 10 vaqon yerli şəraitdə qum şırnağı ilə korroziyadan təmizlənərək rənglənib. Ümumən, ötən dövrdə həm orta təmir, həm də 3 saylı cari təmir zamanı 43 qatar qum şırnağı ilə korroziyadan təmizlənərək, rənglənib. Əldə olunan səmərə və keyfiyyət, 2015-ci ildə inkişaf etdirilərək, vaqon salonunun yenilənməsinə, o cümlədən döşəmə örtüyünün, daxili plastik təbəqənin, qapı rezinlərinin dəyişdirilməsinə və havalandırma xəttinin təmizlənməsinə keçilib. Orta təmir bazasında 23 vaqon salonunun döşəmə örtüyü və plastik təbəqəsi dəyişdirilib. İşlərin sonrakı mərhələsində vaqonların elektrik xətləri və işıqlanma şəbəkəsi də yeniləşmə tədbirlərinə daxil edilib. 15 qatarın salonu isə müasir LED işıqlanma sistemi ilə əvəzlənib. Bu isə elektrik enerjisinin sərfinə qənaət etməyə imkan verir.
Bu işlərin zirvəsi maşinist kabinasının ön hissəsinin yerli şəraitdə dəyişdirilməsi olub. Xüsusi materialdan hazırlanan ön hissə korroziyaya və fiziki təsirlərə davamlı, yüngül, etibarlı və təhlükəsizdir. Kabina genişlənməklə maşinist üçün daha rahat və əlverişli idarəetmə şəraitinə malik olub. Yeni tipli iri güzgülər maşinistin görmə dairəsini genişləndirib. Vaqonun alın hissəsindəki elektron marşrut göstəricisi və qaçan sətirli informasiya sistemi quraşdırılıb. Bu vaxta qədər 14 qatarda maşinist kabinasının ön hissəsi dəyişdirilib.
Yeniliklərin estetik xüsusiyyətləri də nəzərdən qaçırılmayıb. Oturacaqların dəyişdirilməsi zamanı yerli xüsusiyyətli tərtibat elementlərinin tətbiqinə başlanılıb. Həmçinin Bakı metropoliteninin 50 illik yubileyi üçün hazırlanmış loqotiplərin vurulduğu oturacaqlar sərnişin salonunun estetik görünüşünü daha cəlbedici edib.
Vaxtında atılan bu addımlar yeni sexin ilk günlərdən ən yüksək peşəkarlıq standartlarının tətbiqi ilə fəaliyyətə başlamasına şərait yaradıb. Çünki 2014-cü ildə ilk sınaqlardan sonra onun kadr hazırlığı və istehsalat proqramı üzrə işlər aparılıb. Yeni sex iş yerlərinin yaradılmasını, səriştəli kadrların hazırlanmasını sürətləndirəcək. Bu sex inşa olunacaq yeni əsaslı təmir depoları üçün kadr hazırlığına təkan olacaq. Ən əsası, vaqon təmiri, xüsusən də istehsalı, lokomotiv təsərrüfatı ilə bağlı elmi-praktik sahələrin potensialının gücləndirilməsinə stimul verəcək.
Yeni sex il ərzində 30-a yaxın vaqonu əsaslı şəkildə təmir etmək gücünə malikdir. Ötən dövr göstərir ki, qatarların ölkə xaricində deyil, məhz yerli şəraitdə əsaslı təmirinin təşkili külli miqdarda vəsaitə qənaətdir. Vaqonların nəqlinə, gömrük xərclərinə sərf olunan vəsaitlə yanaşı, təmirin yerli tələblərə uyğun aparılması, keyfiyyətinin artırılması və xərclərin azaldılması əsaslı səmərə verib. Bu, yeni iş yerlərinin açılması, yeni tipli səriştəli kadrların hazırlanması, vaqon təmiri və istehsalı sənayesinin, həmçinin elmi-praktik potensialın möhkəm özülünün yaradılması baxımından xüsusi əhəmiyyət kəsb edərək ölkə iqtisadiyyatına əsaslı dəstəkdir.