z

Milli Qurtuluş Günü

Milli Qurtuluş Günü

14 IYUN / 2024 / 15:14

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illərində ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində hərc-mərclik baş alıb gedirdi. Orduda vəziyyət ağırlaşır, fərarilik artır, erməni təcavüzü gün-gündən güclənirdi. Respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1992-ci ilin mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yaranmışdı.
Vətənin ağır günündə xalq Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gələrək, çox qısa vaxtda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv, azad, suveren görmək idi. Ümummilli liderin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün işğaldan azad olunmuş bütün torpaqlarımızda üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Qalib xalq, müzəffər ordu və müdrik Ali Baş Komandan birliyi ilə hələ qarşıda neçə-neçə tarixi zəfərlər, qələbələr bizi gözləyir.
Bu gün hər bir azərbaycanlı bu torpağın övladı olması ilə fəxr edə bilər. Günü-gündən inkişaf edən müstəqil Azərbaycan Respublikası artıq Cənubi Qafqazda lider ölkə hesab olunur. Bu inkişaf, bu tərəqqi Ulu Öndər Heydər Əliyevin siyasi kursunun və möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən, davamlı siyasətinin nəticəsidir. 
Bayramınız mübarək!