z

Qəlblərdə coşqun həvəs, böyük istək vardı

Qəlblərdə coşqun həvəs, böyük istək vardı

07 NOYABR / 2017 / 00:00

Dəmir yolu vağzalı ilə üzbəüz üçmərtəbəli bina 1926-cı ildə dəmiryolçular üçün tikilib. Bir neçə il əvvəl ətrafda aparılan yenidənqurma işləri zamanı bu binaya da əl gəzdirildi, fasadı yeniləşməklə ərazinin müasir tərzdə formalaşan ümumi memarlıq simasına uyğunlaşdırıldı. İndi də orada yaşayanların böyük əksəriyyəti dəmiryolçu və yaxud keçmiş dəmiryolçu ailələrindən ibarətdir. Onların arasında sonradan əmək fəaliyyətini metropolitendə davam etdirənlər də olub. Bakı metropoliteninin ilk rəisi Lütfəli Nuriyev, onun müavini Mahmud Bağırov, elektrik deposunun baş mühəndisi Orxan Axundov, hərəkət xidmətinin keçmiş rəisi Zeyniş Axundov, uzun müddət metroda qazanxana nəzarətinin müfəttişi olmuş Mehdi Ağayev, metropoliten idarəsinin xüsusi şöbəsinin rəisi Fərhad Ağazadə və neçə-neçə başqaları həmin evin sakinləri olublar. Elektrik təchizatı xidmətinin mühəndisi Zemfira Ağazadə bu gün də həmin evdə yaşayır. Bu insanların metropoliten tarixində özlərinə məxsus yeri var və bu mənada Mehdi Ağayev barədə daha ətraflı danışmağa dəyər.

Mehdigilin ailəsi həmin evə 1945-ci ildə köçmüşdülər. Atası Firudin Ağayev 1918-ci ildən ömrünün sonuna kimi dəmir yolunda çalışmış, 1927-ci ildən parovoz maşinisti işləmişdi. Böyük Vətən müharibəsi illərində Azərbaycanın ilk Sosialist Əməyi Qəhrəmanı Firudin Ağayevin adı verilmiş küçə metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığındadır. Həyətlərində yaşayan bütün uşaqlar kimi, Mehdi də atasının idarə etdiyi qatarı hər səfərdən sonra stansiyada (yük qatarları "Bakı" yük stansiyasına, sərnişin qatarları isə vağzala daxil olurdu) və yaxud da o vaxtlar "Tiflis vağzalı" adlanan vağzalda qarşılayırdı. Maşinist uşaqları atalarının gəlmə vaxtını yaxşı bilirdilər, hətta parovozları fitindən tanıyırdılar. Mehdi_Aqa

 Həyətdə futbol oynadıqları vaxt yaxınlaşmaqda olan qatarın fit səsi eşidilən kimi, uşaqlardan hansı birisə "mən getdim, atamı qarşılamağa" deyib, oyundan çıxırdı.
Mehdi də atasının yolunu tutub, dəmiryolçu oldu.1955-ci ildə səkkizinci sinfi bitirdikdən sonra, Bakı parovoz deposunda yolayırıcı işləməyə başladı. İşləyə-işləyə orta məktəbi bitirdi, sonra isə politexnik institutunun nəqliyyat fakültəsinə daxil oldu.
1966-cı ilin oktyabrında Azərbaycan Dəmiryolu İdarəsinin kadrlar şöbəsində Bakı metropoliteninə işçilər qəbul edilməsi üçün xüsusi otaq ayrılmışdı. M.Ağayevi də noyabrın 30-da həmin otaqda metronun elektrik deposuna qaldırma təmiri üzrə usta vəzifəsinə götürürlər və elə o vaxtdan onun taleyi birdəfəlik metroya bağlanır. Mehdi Ağayevin həyatı Bakı metrosu tarixinin 4 onilliyini əhatə edən dövrünü bütünlüklə özündə əks etdirir. Həmin illər Mehdi müəllimin 1999-cu ildə qələmə aldığı xatirələrində maraqlı məqamları ilə yaşayır.

 

İnqilab 17 ünvanında

 

Metropoliten idarəsi bu küçədəki beşmərtəbəli binanın aşağı iki mərtəbəsini tuturdu. Bütün xidmətlərin rəhbərliyi də orada yerləşmişdi. O vaxt bina qızdırılmırdı, heç bir texniki ədəbiyyat, hətta dəftərxana ləvazimatı da yox idi. Amma qəlblərdə coşqun bir həvəs, böyük istək vardı – Bakı metrosunun açılışı üçün bacardığını etmək, o günün gəlişini sürətləndirmək.

Mehdi_Aqa01

Tikinti işlərinə nəzarət etmək üçün işçilərdən bir qrupunu elektrik deposuna göndərdilər. Onların arasında Mehdi Ağayev, onun uşaqlıq dostu Akif Kərimov da var idi. Mehdidən danışarkən Akifi xatırlamamaq, insafsızlıq olardı. Mehdi ilə Akifin dostluğu uşaq bağçasından başlamışdı. Sonra orta məktəbdə bir sinifdə oxumuşdular. Akif orta məktəbi bitirdikdən sonra, Bakı Dəmir Yolu Texnikumunun əyani şöbəsinə daxil olmuşdu. Sonradan işləmək qərarına gələrək, axşam şöbəsinə keçmişdi. Bu da ailədə narazılıqla qarşılanmışdı. 

 

Uzun mübahisələrdən sonra, Akif Bakı vaqon deposunun radio sexinə işə düzəlir. Belə olduqda Akifin atası vaqon deposunun rəisi Qaraxanova zəng edib, ağzına gələni deyir: "Mən oğlumu sənin yanına ona görə göndərmədim ki, ondan nərmənazik işçi hazırlayasan. Sən ona elə ağır və çirkli bir iş ver ki, ondan sonra əl ayağının mazutunu bir saata yuyub qurtarmasın, təhsilin qədrini onda bilər".
Beləcə Akif sonradan avtomat sexinə çilingər vəzifəsinə keçirilir. Orada ağır əməyin nə demək olduğunu dərk etməklə əsl mütəxəssis kimi yetişir.
1966-cı ildə metropolitenin ilk rəisi Lütfəli Nuriyevin dəvətilə metroya gələn Akif depoda avtomat sexini təşkil edir, kadrlar seçir, hətta onların hazırlığı ilə məşğul olur. Deponun kompressor sahəsi hələ işə salınmamışdı. Amma pnevmatik avadanlığın sazlanması üçün hava lazım idi. Depoda 825 voltluq gərginlik də yox idi ki, vaqonların kompressorlarından hava götürmək mümkün olsun. Bu vəziyyətdə Akif dəmiryolçularla danışıb, "Keşlə" stansiyasından depoya bir parovoz gətirdir və onun kompressorlarından havanı avtomat sexinə verir.
Mehdi Ağayev Akiflə bağlı belə bir hadisə də danışardı. Həmin 1969-cu ilin qışında Bakıya güclü qar yağmışdı. Kompressor sahəsində işçilər hələ tam komplektləşdirilmədiyindən orada təkcə bir qadın işləyirdi ki, qarlı gündə işə gəlib çıxa bilməmişdi. Akif 3 gün gecə-gündüz işdə qalıb, qatarların hərəkətinə maneə yaranmaması üçün park yollarında yolayırıcıları təmizləyən işçiləri yüksək təzyiqli hava ilə təmin edirdi. Sahələri gəzən L.Nuriyev kompressor sahəsində Akifi yorğun, üzü tüklü görür. Vəziyyətin nə yerdə olduğunu bilib, onu depo rəisi Akinşinlə əvəz edir, Akifin özünü isə yedirdib, lokomotiv briqadalarının istirahət otağında yatıb dincəlməyə məcbur edir.

 


Mıtişşi zavodunun Bakı nümayəndəsi

 

1967-ci ilin əvvəlləri idi. Mehdi Ağayevlə birlikdə bir neçə nəfəri "Bakıtuneltikinti" idarəsinin rəisi Əlövsət Əbdülrəhimovun yanına dəvət edirlər. Söhbət metropolitenin buraxılışı ilə bağlı vəziyyətin mürəkkəbliyindən gedir. Təcili olaraq lazım olan avadanlığın vaxtında göndərilməsini təşkil etmək üçün SSRİ-nin müxtəlif şəhərlərində yerləşən tədarükçü müəssisələrə yollanmaq lazım idi. Mehdi bir sıra elektrik avadanlıqları ilə bağlı məsələnin yerində həlli məqsədilə Pskov vilayətinin Velikiye Luki və Kaşin şəhərlərinə ezam olunur. Mehdi_Aqa02

Zavod rəhbərliyi ilə danışıqlar nəticəsində lazımi avadanlıqlar Bakıya çatdırılır.
İlk metro vaqonlarını Bakıya gətirmək üçün Mıtişşi maşınqayırma zavoduna Mehdi ilə bərabər, lokomotiv təsərrüfatını çox gözəl bilən, peşəkar dəmiryolçu, Moskvada metro vaqonları üzrə ixtisaslaşan, Bakı metropoliteninin ilk təlimatçı-maşinisti Yuri Kelliker də ezam olunur.
Şəhərimizin bu zavodla əlaqələrinin tarixi uzaq illərə gedib çıxır. 1924-cü ildə xəttə buraxılan ilk Bakı tramvayı, SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu olan Bakı Sabunçu sahəsi üçün vaqonlar da Mıtişşi zavodunda hazırlanmışdı.
Mıtişşi zavodunda Bakı metrosunun nümayəndələrini 17-ci sexin rəisi Monolit Mindlin qarşıladı. Monolit Borisoviç Mehdigilə əlindən gələn köməyi göstərirdi. Amma elə ilk gündən sözünü açıq dedi: "Biz sizinlə burada uzun müddət işləməli olacağıq. Zavodumuza çox yerdən ezam olunanlar gəlir. Detallar, vaqonların müxtəlif hissələrini oğurlayırlar. Gəlin elə işləyək ki, belə hallara yol verilməsin. Mən sizə kifayət qədər ehtiyat hissəsi verəcəyəm".
İşə başladıqdan sonra sexin çilingərləri Mehdiyə yaxınlaşıb, zavoddan gizli yollarla çıxarmaq üçün detallar təklif edirdilər. Amma hər dəfə də Mehdi bu təklifləri rədd edirdi.
Tez bir zamanda Mindlinlə Mehdi arasında yaranan səmimi münasibət uzun illər davam edən ailəvi dostluğa çevrildi. Monolit Borisoviç Mehdiyə qəti surətdə tapşırmışdı ki, Moskvaya gələndə qalmağa mehmanxana axtarmasın, birbaşa onlara gəlsin.
Bir dəfə Mindlinin evində şam süfrəsi arxasında detal oğurluğu məsələsinin üstü açıldı. Monolit Borisoviç etiraf etdi ki, Mehdiyə həmin təkliflərlə yaxınlaşan işçiləri o, özü, Mehdini sınamaq məqsədilə göndərirdi.
Kellekerlə Moskva metrosunun "Severnaya" deposunda, maşinistlərin istirahət otaqlarında qalırdılar. Səhər erkən yuxudan durub, birlikdə zavoda yollanırdılar. Mehdi mexaniki detalların, Yuri Vladimroviç isə isə elektrik hissələrinin hazırlığı ilə məşğul olurdu. Həm də vaqon istehsalı prosesini, vaqonun bütün yaranma mərhələlərini əvvəldən axıra kimi izləyir, hətta hazır vaqonların sınağı da onların iştirakı ilə keçirilirdi. Bir sözlə, bütün günü sexin bir başından o biri başına qaçır, hər şeyi öz gözləri ilə görmək istəyirdilər.
Vaqonları Bakıya yola salmaq çox böyük çətinliklər hesabına başa gəldi. Əvvəlan, bu iş xeyli sənədlərin tərtib olunmasını tələb edirdi. "Mıtişşi" stansiyasının vaqon baxıcılarından arayış alıb, SSRİ Yollar Nazirliyində xüsusi qatar kimi qeydiyyatdan keçirmək, iki üstübağlı dəmiryolu vaqonu tapıb, onların avtoqoşqularını metro vaqonlarına uyğunlaşdırmaq üçün keçirici qurğu əldə etmək, hətta 10 vaqonu zavoddan Moskva metrosunun "Sokol" deposuna aparmağın haqqı da ödənməliydi. Avtoqoşqunun keçirici qurğusunu əldə etmək daha çətin oldu. Mehdi "Sokol" deposunun rəisi Klavdi Seryoginə müraciət edərkən, depo rəisi əvvəlcə razı olmadı. Sözü də bu oldu ki, başqa metropolitenlərdən çox belə xahişlər olub: aparıblar, amma sonradan qaytarmayıblar. Mehdi çox yalvar-yaxardan sonra, K.Seryogini yola gətirə bilib.

Mehdi_Aqa03 Bir müddət sonra, ikinci dəfə vaqon almaq üçün bir daha Moskvaya göndərilərkən, Mehdi qəti surətdə etiraz edib: "Avtoqoşquları qaytarmayınca, mən oraya qayıdan deyiləm". Metropoliten rəisi Lütfəli Nuriyevin göstərişilə avtoqoşqular Bakı-Moskva sürət qatarı ilə geri göndərilib. Ancaq bundan sonra, Mehdi yenidən Moskvaya qayıtmağa razılıq verib. "Sokol" deposunda onu görən depo rəisi aralarındakı məsafənin böyüklüyünə baxmayaraq, uzaqdan qışqırıb: "Mehdi, sən kişi adamsan, indi istəyirsən, lap bütün deponu götür apar". Mehdinin Moskva səfərləri günlərlə deyil, aylarla davam edirdi. O, təkcə vaqonların qəbulu ilə məşğul olmurdu. Metropoliten rəhbərliyinin başqa tapşırıqlarını da yerinə yetirirdi. Moskva metrosunda hazırlıq kurslarında məşğul olan ilk maşinistlərə, hərəkətçilərə baş çəkir, metronun ayrı-ayrı xidmətləri ilə müxtəlif məsələləri həll edirdi. "Mıtişşi" zavodunda isə daha çox olurdu. Zavoddakıların çoxu Mehdini öz işçiləri bilirdi.


Bir dəfə Lütfəli Nuriyev özü "Mıtişşi" zavoduna gəlir. Zavod direktorunun müavini G.Lyandenin kabinetində mübahisəli bir məsələnin müzakirəsi zamanı L.Nuriyev Mehdidən bir stəkan su gətirməyi xahiş edir. Mehdi yerindən qalxmadan "Zəhmət olmasa, mənim rəisimə bir stəkan su ver" deyə katibədən xahiş edir. Heç bir dəqiqə keçməmiş bir qrafin qazlı su stolun üstünə qoyulur. Nuriyevlə direktor müavini arasında kiçik mübahisənin həlli üçün Mehdi yenə də katibəyə müraciət edir: "Jenya, Qriqori Aleksandroviçin istinad etdiyi məktubu maşınbürodan gətirə bilərsənmi?". L.Nuriyev tərs-tərs Mehdiyə baxır. Bir qədər sonra mübahisəyə qoşulan Mehdinin kabinet sahibinin səhvini düzəldəndə, L.Nuriyevin artıq səbri tükənir: "Mehdi metronun rəisi sənsən, yoxsa mən?". Moskva səfərinə Nuriyevlə birlikdə gələn Azərbaycan dəmir yolunun hüquq məsləhətçisi İ.Qranikin "Mehdi Bakı metropoliteninin burada daimi və səlahiyyətli nümayəndəsidir" sözlərinə hamı ürəkdən gülür və mübahisə sülhlə başa çatır.
Mehdi Ağayev Moskvada vaqonların qəbulu üzrə işləri yoluna qoyduğu vaxtlarda Bakı metrosunun deposunda depo rəisinin təmir üzrə müavini Sabit Hətəmov depoda vaqonların təmiri üçün bazanın təşkili ilə məşğul idi. O, təmirçi çilingərlər hazırlayır, alət bazasını təkmilləşdirir, vaqon təmiri üçün gərəkli olan qurğuların tədarükünü görürdü. Onun bu sahədə böyük təcrübəsi var idi və işin öhdəsindən bacarıqla gəlirdi.

 

Həyəcan siqnali ilə respublika rəhbərini oyatdı

Bakıda metronun açılışına bir neçə gün qalırdı. Vaqon parkına isə daha 6 vaqon lazım idi. Mehdi Ağayev yenidən Moskvaya ezam olundu. Lakin bu dəfə işlər bir qədər düyünə düşdü. Zavoda çatan kimi, Monolit bildirdi ki, vəziyyət yaxşı deyil, vaqon istehsalı planı yerinə yetirilmir. Digər tərəfdən də həmin il Moskva metropoliteni vaqon parkını yeniləşdirir, hər deponu bir modifikasiyadan olan vaqonlarla təmin etmək fikrindədir. Konveyerdən çıxan bütün vaqonları Moskva götürürdü. Mehdi_Aqa04

Mindlin Mehdini əvvəlcədən xəbərdar etdi: "Sən bu dəfə vaqon ala bilməyəcəksən. Odur ki, vaxt itirmədən Bakıya zəng et, vəziyyəti anlat, sonra gec olacaq".
Həmin günlər Moskvada SSRİ Ali Sovetinin sessiyası keçirilirdi. Azərbaycan rəhbərliyi də orada olmalı idi. Bunu fikirləşən Mehdi yubanmadan "Moskva" mehmanxanasına yollanır. Mehmanxananın inzibati şöbəsindən öyrənir ki, Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov 505 nömrəli otaqdadır. Qaçaraq 5-ci mərtəbəyə qalxıb, göstərilən otağın qapısını döyür. Cavab verən olmur. Mərtəbə üzrə növbətçi qadın "o, otaqdadır, qapını bir də döyün" deyəndən sonra Mehdi bir qədər də ürəklənir. Nəhayət qapı açılır və yuxulu vəziyyətdə olan Vəli Axundov onu içəri dəvət edir. Respublika rəhbərini narahat etdiyinə görə özünü itirən Mehdi çəkinə-çəkinə, üzündəki qızartının hərarətini belə hiss edərək, vəziyyəti izah edir. V.Axundov dərin baxışlarını uzun müddət bu çağırılmamış qonağın üzündən çəkmir və nəhayət deyir: "Bala, sabah səhər 9-da respublika nümayəndəliyinin binasına gəl".
Səhəri gün elə həmin vaxtda nümayəndəliyə gələndə binanın qarşısında böyük insan kütləsini görən Mehdi başa düşür ki, birinci katibi bu gün görə bilməyəcək. Kor peşman zavoda qayıdır. Orada zavod rəhbərliyinin ayın yekunları üzrə iclası gedirdi. Zavod direktoru aylıq planın yerinə yetirilməsindəki çətinliklərə baxmayaraq, Bakı metropolitenindən gələn nümayəndənin inadkarlığının, işgüzarlığının, hədsiz dözümünün əvəzi olaraq, ona 9 vaqonun verilməsini tapşırır.

Medi_Aqa05 Mehdi Ağayev barədə bu söhbəti daha bir əhvalatla tamamlayaq. Orada Bakı metrosunun açılışına yaxın günlərdə şəhərdəki əhval- ruhiyyə, əhalinin ovqatı əksini tapıb. Həmin günlər şəhərin müxtəlif müəssisələrindən, ali məktəblərindən metro inşaatçılarına minlərlə insan köməyə gəlir, böyük ruh yüksəkliyi ilə tamamlama işlərinə qatılırdı. Hər bir bakılı metronun açılış gününün intizarında idi, onu tezləşdirmək üçün əlindən gələni etməyə hazır idi.

Belə günlərin birində Mehdi Mərkəzi Bankın qarşısındakı balıq dükanına daxil olur. Moskva vaqonqayıranları hisə verilmiş Xəzər balığı istəmişdilər. O vaxtlar ümumiyyətlə Bakıda balıq məhsulları sarıdan heç bir çətinlik yox idi. Hisə verilmiş çapaq, külmə (vobla) balıqları, hətta dəmir qutularda qara kürü piştaxtalardan əskik olmazdı. Amma bu dəfə satıcı Mehdidən bir saatdan sonra gəlməyi xahiş etdi. Mehdi qayıdana qədər onun üçün bir yeşik quru balıq hazırlanmışdı. Haqq-hesaba gəldikdə satıcı oğlan pul götürməkdən imtina etdi: "Mən bakılıyam, qoy bu da mənim metronun açılışına hədiyyəm olsun", - dedi. O vaxt Bakıda belə balıqlar qəpik-quruş qiymətinə idi, amma məsələ qiymətdə deyil, bu sadə insanın doğma şəhərinə sevgisində idi.