z
31 OKTYABR / 2017 / 00:00
Noyabrın 1-dən "Nəriman Nərimanov" stansiyasının keçidlərində köhnə Bakının müxtəlif guşələrini özündə əks etdirən tarixi şəkillərdən ibarət sərgi açılacaq. "Bakı Metropoliteni" QSC-nin “Metro Gallery” layihəsi çərçivəsində "Kapital Bank"la birlikdə həyata keçirdiyi bu layihənin məqsədi son illərdə siması xeyli dəyişmiş Azərbaycan paytaxtının tarixini, həmin dövrün ab-havasını, ruhunu metropoliten sərnişinlərinin, eləcə də şəhər sakinlərinin və qonaqların təxəyyülündə canlandırmaqdır. Bu kadrlar hər bir sərgi izləyicisinə bir əsrdən artıq dövr ərzində şəhərimizin necə dəyişdiyini təsəvvür etməyə kömək edəcək.
Qeyd edək ki, şəkillərin seçilməsində və mətninin tərtib edilməsində Bakının tarixinə yaxşı bələd olan mütəxəssis Fuad Axundov yaxından iştirak edib.
Sərginin geniş ictimaiyyət arasında maraq doğuracağını nəzərə alaraq, mətnlər üç dildə (Azərbaycan, ingilis və rus) hazırlanıb.
Köhnə Bakıya həsr olunan sərgi 6 ay davam edəcək.
Sərgi izləyicilərinin nümayiş olunan fotoşəkillər haqqında virtual məlumat almasına da şərait yaradılıb. Bunun üçün hər şəkildə yerləşdirilmiş "QR-kod" vasitəsilə Bakı metropoliteninin rəsmi saytında yerləşdirilmiş elektron qalereyaya da daxil olub istənilən şəkil və onun haqqında məlumatla tanışlığı davam etdirmək mümkündür.