z
25 IYUN / 2024 / 16:12
26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə, milli silahlı qüvvələrin təsis edilməsi istiqamətində mühüm addım sayılan, ilk nizami hərbi hissənin – Əlahiddə Azərbaycan Korpusunun yaradılmasından 106 il ötür.
Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Ardınca hökumət tərəfindən ölkədə hərbi mükəlləfiyyət — orduya çağırış haqqında fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.
Lakin 1920-ci il 28 aprelində Sovet imperiyasının təcavüzü nəticəsində Xalq Cümhuriyyəti süquta uğraması ilə ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Milli Ordu quruculuğunda əsaslı dönüş Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bundan sonra Ulu Öndərin fədakarlığı sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.
1993-cü ildə xalqın səsinə səs verən Ulu Öndər Heydər Əliyevin növbəti dəfə siyasi hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı.
Ümummilli liderin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Ordu quruculuğu dövlətin prioritet məsələsi kimi daim ölkə Prezidenti cənab İlham Əliyevin nəzarətindədir. 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsi 30 ildən artıq düşmən tapdağında olan torpaqların azad edilməsi ilə nəticələndi. 2023-cü il, sentyabrın 20-də keçirilən antiterror əməliyyatı isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti, şəhidlərimizin qanı-canı bahasına tarixi nailiyyətə imza atdı, Azərbaycan kostitusiya quruluşunu və suverenliyini bərpa etdi, ədalət qələbə çaldı.
Yaşasın Ali Baş Komandan!
Yaşasın qəhrəman Azərbaycan ordusu!