29 DEKABR / 2017 / 00:00
Azərbaycanda sovetlər hakimiyyəti dövründə respublikanın iqtisadi, elmi, mədəni inkişafında əvəzsiz xidmətləri olan milli kadrların, bütün sahələrdə gözəl mütəxəssislərin böyük bir nəsli yetişmişdi. Belə insanlardan biri də ömrünün 25 ilini tunel-körpü, digər yeraltı qurğuların, xüsusən metro tikintisinə həsr etmiş, haqqında əfsanələr danışılan, nadir xarakterli böyük şəxsiyyət kimi tanınan Əlövsət İbrahim oğlu Əbdülrəhimov olub.
|
Bakı metropoliteninin tikintisinin 7 illik konservasiyasından sonra1961-ci ildən başlayan və müstəqillik illərinə qədər davam edən dövr bütünlüklə onun adı ilə bağlıdır. Paytaxtımızın yeraltı saraylarının 25-dən 18-i Əlövsət müəllimin Bakı Tunel Tikintisi İdarəsinə rəhbərlik etdiyi dövrə təsadüf edib. Metronun yüksək sürətlə tikilib, vaxtında istifadəyə verilməsi onun xidmətləri sayəsində mümkün olub. Ə.Əbdülrəhimov neftçıxarma, tikinti, dövlət idarəçiliyi sahələrində zəngin təcrübəyə, müstəsna idarəçilik qabiliyyətinə malik hərtərəfli mütəxəssis, gözəl mühəndis və ən yüksək səviyyələrdə böyük nüfuz sahibi idi. |
1912-ci ildə Salyanda anadan olmuşdu. Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra, neftçıxarma sahəsində adi mühəndisdən "Azərneft" Birliyinin rəis müavini vəzifəsinə kimi yüksəlmiş, Bakının ən güclü tikinti təşkilatlarından biri olan «Azneftzavodtikinti» trestinə rəhbərlik etmişdi. İkinci dünya müharibəsi dövründə Bakı neftinin cəbhəyə çatdırılmasında, Azərbaycanın görkəmli alimi, akademik Yusif Məmmədəliyevin ixtirası olan donmayan yanacağın istehsalının təşkilində böyük xidmətləri olan Ə. Əbdülrəhimov SSRİ Dövlət Müdafiə Komitəsinin mükafatına layiq görülmüşdü.
Ötən əsrin altmışıncı illərində Ə.Əbdülrəhimov dövlət idarəçiliyi sahəsində çalışıb. Azərbaycanın Əməkdar inşaatçısı Arif Şahbazovun söylədiklərinə görə, Əlövsət müəllim Bakı Sovetinin sədri işlədiyi illərdə idarənin binasının, xalq arasında «Baksovet» adlanan bu memarlıq incisinin yenidənqurulması, daha dəqiq desək, binanın genişləndirilməsi barədə olduqca cəsarətli bir qərar qəbul edib. Həmin illərdə şəhər sovetində xidmət sahələri üzrə qurumların artması, onların yerləşdirilməsi belə bir zərurətin yaranmasına səbəb olub.
Bakı memarlığının incisi sayılan keçmiş Duma binasının məşhur memarı Yozef Qaslavski yaradıcılığının təkrarolunmaz nümunəsinə toxunmaq, ona nə isə əlavə etmək son dərəcə məsuliyyətli iş idi. Binanın zahiri görkəminə zərər vurulmamalı, özəllikləri saxlanılmalı, orijinallığı əhəmiyyətini itirməməli idi. Bakının o vaxtkı memar və inşatçılar nəsli Yozef Qaslavskinin işinə öz əlavələrini elə bir ustalıqla etdilər ki, binanın yeni hissəsini köhnədən ayırmaq mümkün olmadı. Sonradan artırılan o hissədə bir vaxtlar Azərbaycan komsomolunun Mərkəzi Komitəsi, hazırda isə Bakı Memarlıq və Şəhərsalma Baş İdarəsi yerləşir. |
|
1961-ci ilin aprel ayında Ə.Əbdülrəhimov Bakı Tunel Tikintisi İdarəsinə rəis təyin edilir. İlk vaxtlar bu təyinat tunelqazma mütəxəssisləri arasında birmənalı qarşılanmadı, qərarın düzgünlüyünə şübhə edənlər tapıldı. Amma tikintinin gedişində köhnə həqiqət bir daha təsdiqini tapdı: əsl istedad özünü hər bir yerdə büruzə verir.
|
Tunellərin qazılması prosesində üzə çıxan bir çox çətinliklərin həllində Əlövsət müəllimin neft sənayesində çalışdığı dövrlərdə əldə etdiyi təcrübə köməyə gəldi. Mürəkkəb hidrogeoloji şəraitdə qazma işlərini suyun səviyyəsindən aşağı salınması və yüksək təzyiqli havanın tətbiqi ilə birlikdə aparılması onun təklifi idi. "Xətai" stansiyasının tikintisi zamanı baş verən qəzadan sonra ittifaqın tunel mütəxəssisləri qazmanı dayandırıb, həmin sahədən vaz keçməyi məsləhət bilmişdilər. Amma Ə.Əbdülrəhimov bu fikirlə razılaşmadı. |
Onun təklifi ilə ətraf layların neft mədənlərindəki kimi sementlənməsi nəticəsində tunel xilas edildi.
Ə.Əbdülrəhimov Bakı metrosunun tikintisinə çox çətin bir dövrdə rəhbərlik etməyə başlamışdı. Tikintinin lap əvvəlində mərkəz özünün ən güclü mütəxəssislərini Moskvadan, Leninqraddan Bakıya ezam edib, hər bir sahədə hərtərəfli kömək göstərirdi. Eyni zamanda milli kadrların yetişdirilməsinə böyük diqqət ayrılırdı. O vaxt artıq yeraltı inşaat işləri üzrə respublikanın özündə kifayət qədər bacarıqlı kadrlar yetişmişdi. 1953-cü ildə işlər dayandırıldıqdan sonra, bu kadrların çoxu tikintini tərk etdi. Konservasiyadan sonra Moskva əvvəlki illərdə olduğu kimi kadrlarla kömək etmək fikrində deyildi. Yəni, o dövrdə yerli kadrların hazırlığı üzrə kifayət qədər iş görülmüş, layiqli mühəndislər yetişdirilmişdi. Texniki təchizat məsələləri də daha çox yerli təşkilatlarla həll edilməli idi.
Konservasiyadan sonra nəinki kənardan dəvət etmək, heç çıxıb getmiş yerli mütəxəssisləri belə yenidən bir yerə toplamaq asanlıqla başa gəlmədi. SSRİ Nazirlər Sovetinin 2 sentyabr 1964-cü il tarixli qərarı ilə texniki layihələrdə dəyişikliklər edildi. Metronun birinci növbəsinin ilk buraxılış sahəsinin istifadəyə verilməsinə çox az bir müddət ayrılmışdı. Dörd il ərzində metro inşaatçıları 10 km-ə yaxın tunel, 4-ü dərin olmaqla, 6 yeraltı stansiya tikməli idilər. Buraya depo, elektrik yarımstansiyaları və digər yardımçı qurğular da daxil idi. |
|
İşin başqa bir çətinliyi birinci buraxılış sahəsinin şəhərin sıx yaşayış rayonlarında yerləşməsində idi. Bu, inşaatçıları daha mürəkkəb vəziyyətlərlə üz-üzə qoyurdu.
|
Ə.Əbdülrəhimov şəxsiyyətinin əzəməti bu işlərin vaxtında başa çatdırılması ilə özünü bir daha təsdiq etdi. Qısa müddət ərzində şəhərin altında 20 km-ə yaxın dəmir yolu çəkildi, bir-birindən gözəl saraylar yaradıldı. Tikinti işləri həm də texniki layihələrə düzəliş və əlavələr edilməklə aparılırdı. Bunların da çoxunun icazəsini Moskva Metronəqliyyat Tikinti Layihə İnstitutundan almaq lazım idi. Metro xətlərinin ilkin layihələrinin dəyişdirilməsi, daha məqbul düzəlişlərin edilməsi Əlövsət müəllimin inadkarlığı, əsəbləri hesabına başa gəlirdi. |
İndi nəinki sərnişinlər, heç metropolitençilərin də çoxu "Qara Qarayev" stansiyasının məhz Ə.Əbdülrəhimovun mərkəz qarşısındakı inadkarlığı, dönməzliyi nəticəsində yarandığını bilmir.
|
İlkin layihədə bu stansiya yox idi. "Məşədi Əzizbəyov" stansiyasından (indiki - "Koroğlu") sonra növbəti stansiya "Neftçilər" olmalı idi. Layihənin müəllifləri yerli şəraiti, sərnişin axınının vəziyyətini, ümumiyyətlə, yeraltı nəqliyyat vasitəsindən səmərəli istifadə üçün lazım olan bütün tələbləri nəzərə almamışdılar. Uzun müzakirələrdən sonra Moskva rəhbərliyi sərnişinlərin rahatlığını qənaətçillik anlayışlarına qurban vermək fikrindən daşındı. |
Bu gün 8-ci kilometr qəsəbəsinin 10 minlərlə sakini "Qara Qarayev" stansiyasından istifadə edir.
Amma Moskvanı həmişə beləcə geri çəkdirmək mümkün olmurdu. Məsələn, 50 il ərzində yeraltı yollarımızda hərəkətin təşkili baxımından böyük problem yaradan "28 May" stansiyasının layihəsi ilkin variantda Leninqradın «Texnoloqiçeskaya» və ya Moskvanın "Turgenevskaya" stansiyaları kimi iki xətti özündə müxtəlif səviyyələrdə kəsişdirməli idi. Konservasiyadan əvvəl bu layihə üzrə işlərin ilkin mərhələsi də başlanmışdı. |
|
Amma 1961-ci ildə tikinti bərpa edilərkən texniki layihələrdə aparılan dəyişikliklər ölkədə iqtisadi vəziyyətin çətinliyi, müharibədən sonra bərpa dövrünün mürəkkəbliyi ilə əsaslandırılırdı.
|
Məsələ ilə əlaqədar Moskva Dövlət Metronəqliyyat Layihə İnstitutuna Ə.Əbdülrəhimov və metro inşaatçılarının ilk nəslinin nümayəndəsi, inşaat mühəndisi Yavər Əliyev dəvət olunurlar. Onlar layihənin ilkin variantını hər bir cəhdlə müdafiə etməyə çalışırlar, lakin institutun rəhbərliyi inadkarlığından əl çəkmək istəmir, yerli mütəxəssislərlə razılaşmır. Belə halda əsəblərini cilovlaya bilməyən Yavər Əliyev deyir ki, Moskva metrosunda yol verdikləri səhvin Bakıda təkrar edilməsinə razı deyil: |
"Şəhərin mərkəzində bir-birinin yaxınlığında 3 stansiya, sərnişinlər üçün olduqca yorucu olan uzun-uzadı keçidlər, pilləkən meydançalarındakı basırıqlar düşünülməmiş layihələrin nəticəsidir". Yavər Əliyevin bu sözlərindən sonra, institutun direktoru, təbiətcə çox kobud insan olan M.Kabanov ondan zalı tərk etməyi tələb edir. Beləliklə, son nəticədə Moskva layihəçiləri bütün reallıqlara zidd olan qərarların üstündə dururlar.
Ə.Əbdülrəhimov Bakı metrosunun tikintisinə rəhbərlik etdiyi 25 il ərzində bu sahədə öz məktəbini yaratmış və bu gün də metro tikintisi onun qoyduğu təməl üzərində inkişaf etməkdədir. Onun rəhbərliyi altında çalışan inşaatçılar Bakıda metro, Azərbaycanda və respublikanın sərhədlərindən kənarda dəmiryolu tunelləri, yeraltı keçidlər, körpülər və müxtəlif təyinatlı qurğular inşa ediblər. Bu və buna qədərki nəhəng işlərdə əldə edilən böyük uğurlara, ümumiyyətlə, dövlət qarşısında xidmətlərinə görə, Əlövsət Əbdülrəhimov "Qırmızı Əmək bayrağı", "Şərəf nişanı" ordenlərinə, "Qafqazın müdafiəsinə görə" və "Rəşadətli əməyə görə" medallarına, SSRİ Dövlət mükafatına, Əməkdar inşaatçı, SSRİ-nin Fəxri nəqliyyat və tikinti işçisi adlarına, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanlarına layiq görülüb. 5 çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 1996-cı ildən Nərimanov rayonundakı küçələrdən biri onun adını daşıyır. |
|
O, dünyaya soyuq bir dekabr günündə gəlmişdi, 1986-cı ilin həmin ayının soyuq günlərinin birində də gözlənilmədən bu dünyadan köçdü. Özündən sonra, böyük izlər, əsrlər boyu onu xatırladacaq əməllər, xatirələr qoyub getdi.
Göstərilən platformalarda paylaş :