z
14 NOYABR / 2017 / 00:00
«Nərimanov» elektrik deposunun iclas salonunda “İlin ən yaxşı qatar maşinisti” və “İlin peşəkar gənci” nominasiyaları üzrə laureatların mükafatlandırılması mərasimi keçirilib.
Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) İcraiyyə Komitəsinin 2015-ci il aprelin 7-də verdiyi qərara əsasən, artıq üçüncü ildir “İlin ən yaxşı qatar maşinisti”, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin 2015-ci il avqustun 21-də qəbul etdiyi qərara əsasən, müəssisələrdə “İlin peşəkar gənci” fəxri adları üzrə qaliblər müəyyənləşdirilir.
“İlin ən yaxşı qatar maşinisti” nominasiyası üzrə namizəd “Bakı Metropoliteni” QSC-də çalışan və il ərzində yüksək peşəkarlığı, nizam-intizamı, peşə bilikləri və ustalığı, hərəkət təhlükəsizliyinin əvvəlcədən aşkarlanması və qarşısının alınması, enerji ehtiyatlarından qənaətlə istifadəyə nail olmuş qatar maşinistləri arasından seçilir. Bu məqsədlə “Bakı Metropoliteni” QSC-nin və müvafiq xidmətin rəhbərliyinin də daxil olduğu komissiya ətraflı müzakirələrdən sonra qərar çıxarıb.
İlin ən yaxşı qatar maşinisti 2008-ci ildən Bakı metropolitenində çalışan Abas Heydər oğlu Rzayev seçilib. Bu fəxri adın təsdiq olunmuş əsasnaməsinə görə, laureata diplom və minimum əmək haqqının 10 misli miqdarında pul mükafatı təqdim edilib.
“İlin peşəkar gənci” nominasiyası üzrə mükafat isə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş və yaşı 20-dən 35-dək olan gənclər arasında fərqlənənlərə təqdim edilir.
Müvafiq komissiya yerli həmkarlar ittifaqları komitələrindən daxil olmuş 22 namizəd arasından seçim edib. Yekun qərara əsasən, “Bakı Metropoliteni” QSC-nin tunel qurğuları xidmətinin süni qurğular və yol baxıcısı Vüsal Fizuli oğlu Zeynalov və dəmir-beton konstruksiyaları istehsalatı sahəsinin baş texnoloqu Umud Kamil oğlu Qurbanov qalib elan ediliblər. Onların namizədlikləri MİHİ-nin İcraiyyə Komitəsi və AHİK tərəfindən təsdiqlənib. Əsasnaməyə uyğun olaraq, “İlin peşəkar gənci” seçilmiş qaliblərə müvafiq diplom və 500 manat pul mükafatı təqdim edilib.
Mükafatları təqdim edən “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov, insan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov və Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov laureatlara əmək uğurları arzulayıb, bundan sonra daha səylə çalışaraq qazandıqları bu nailiyyətlə kifayətlənməməyi tövsiyə ediblər.
Tədbirdə Bakı metropoliteninin 50 illik yubileyinə həsr edilmiş daxili spartakiadanın komanda hesabında qalib olmuş depolar üzrə iş departamentinin kollektivinə də yarışların əsas mükafatı – kuboku təqdim edilib.