z
11 DEKABR / 2017 / 00:00
Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə «Bakı Metropoliteni» QSC kollektivinin nümayəndələri “Həqiqət” Tarixi Araşdırmalar Birliyinin təşkil etdiyi “Şəhidlər muzeyi”nə baxış keçiriblər.
Təşkilatın sədri, müharibə veteranı Əlövsət Qasımov Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri, Qarabağ və ətraf ərazilərdə erməni silahlılarının törətdiyi vəhşiliklər barədə söhbət apararaq, xatirələrini bölüşüb. Şəhidlərimizin döyüş meydanlarından çıxarılmasında fəal iştirak etmiş Ə.Qasımov, xüsusən erməni vandalizminin qurbanı olan körpələr, yaşlı insanlar barədə söhbətini vaxtilə fotolentə köçürüb və bu gün onlar nadir tarixi foto-sənəd kimi muzeydə toplanaraq nümayiş etdirilir. Erməni vandalizminin nəticələrinin dünyaya yayılmasının, eləcə də gənc nəslin vətənpərvər ruhda yetişdirilməsinin vacibliyini qeyd edən Qarabağ qazisi bu illər ərzində gördüyü işlər, nəşr etdirdiyi kitablar, topladığı foto və video materialların yayılması barədə də məlumat verib.
Əslən Qərbi Azərbaycandan olduğunu deyərək, Ə.Qasımov hələ Sovetlər dövründən ermənilərin bu məkrli niyyəti həyata keçirmək üçün məqsədyönlü fəaliyyət apardıqlarını, hər vəchlə tarixi saxtalaşdırdıqlarını, qarşılaşdığı faktlardan bəhs edərək onları diqqətə çatdırıb.
Ə.Qasımov metropolitenin şəhər üçün xüsusi əhəmiyyətli nəqliyyat vasitəsi olduğunu qeyd edərək, əhali arasında Qarabağ mövzusunun təbliği və maarifləndirmə istiqamətində “Bakı Metropoliteni” QSC-nin rəhbərliyinin xeyli işlər gördüyünü qeyd edərək təşəkkürünü ifadə edib. O, başçılıq etdiyi təşkilatın idarə heyətinin qərarı ilə bu fəal vətəndaş, vətənpərvər mövqeyinə görə “Bakı Metropoliteni” QSC sədri Zaur Hüseynovu təsis etdikləri “Böyük vətənpərvər” mükafatına layiq gördüklərini bildirib.
Belə bir gözəl təşəbbüsə görə birliyin sədri Ə.Qasımova təşəkkürünü ifadə edən Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov nadir sənəd sayılan fotoçəkilişləri zamanında aparmış, xüsusən də şəhidlərimizin nəşinin ailələrinə qaytarılmasında fəallıq göstərmiş Ə.Qasımova minnətdarlığını bildirib, bu gün çox həssas bir fəaliyyətlə məşğul olduğunu, vətənpərvərlik mövqeyini nümayiş etdirərək gənc nəslin tərbiyə edilməsində, erməni vandalizminin unudulmamasında göstərdiyi təşəbbüslərə görə ona “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov başda olmaqla, metropoliten kollektivinin təşəkkürünü çatdırıb və bu işdə hər bir azərbaycanlının üzərinə böyük yük düşdüyünü qeyd edib.
Daha sonra fotostendlərə baxış keçirilib və Əlövsət Qasımov sərgi iştirakçılarını maraqlandıran sualları cavablandıraraq, xatirələri ilə bölüşüb.