z
21 SENTYABR / 2024 / 12:44
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29-a dəstək məqsədilə Bakı metropoliteninin “İçərişəhər” stansiyasında ekotamaşa nümayiş olunub. ASAN Radionun təşkilati dəstəyi ilə hazırlanmış “Təbiəti düşünək, o bizi düşünən kimi” layihəsinə metropoliten işçilərinin azyaşlı və yeniyetmə ailə üzvləri cəlb edilib.
Maarifləndirici layihənin əsas məqsədi ictimaiyyəti ekoloji mühitin təmizliyi, təbiətin qorunması, yaşıl dünya naminə fəal olmağa səsləməkdir. 6 fərqli səhnəcikdən ibarət tamaşa boyunca uşaqların dialoqlarında mahiyyətinə diqqət edilməyən, lakin hər kəsə bəlli faktlar və rəqəmlər səsləndirilib. Tamaşanın adı məşhur şair Hüseyn Arifin təbiətə həsr etdiyi şeirindən götürülüb. Səhnəciklər tamaşanın adının özündə ehtiva etdiyi “Gəlin təbiəti biz də düşünək, O özü hər şeyi düşünən kimi” beytini uşaqların xorla səsləndirməsi ilə tamamlanır.
Uşaqlardan birinin monoloqu ilə başlanan səhnəciklərdən ibarət tamaşanın əvvəlində Ulu Öndər Heydər Əliyevin ağacların qorunması ilə bağlı məşhur çıxışı təqdim edilib. “Ağacların söhbəti” səhnəciyində 192 saylı uşaq bağçasının dəstəyi ilə xüsusi geyimlərdə olan 10 uşaq meşəni canlandırıb. İki yeniyetmənin ağaclarla söhbəti bitkilərin faydasını faktlar və rəqəmlərlə təsvir edib. Ağaclar istehsal etdikləri oksigen, udduqları karbon və radiasiya, təbii mühitin qorunması naminə gördükləri digər işlərdən danışıblar. Səhnəcik uşaq sevincinin təbiətlə bağlılığının rəmzi kimi uşaqlardan birinin ifasında 1956-cı ildə Musa Mirzəyevin yazdığı "Тəbiət" mahnısının sədaları altında başa çatıb.
“Diqqət etmədiklərimiz” səhnəciyində meşədə səsləndirilmiş və hər kəsin ümumən mahiyyətini bildiyi, lakin diqqət etmədiyi faktlar canlandırılıb.
“Məhv etmə, qoru” səhnəciyi metro stansiyası fonunda bir yeniyetmənin plastik qabı yerə atması və 3 uşağın ona etirazı üzərində qurulub. Yeri zibilləməyin sağlamlığa təsiri, plastik tullantıların ekoloji ziyanı əsasında 4 uşağın ibrətamiz söhbəti bu təhlükə mənbəyinə diqqət ayırmağa səsləyir.
“Mənim atam deyir ki...” səhnəciyində metropolitençi uşaqlar valideynlərin onlara danışdıqlarını bir-biri ilə söhbət əsnasında dilə gətirərək, nəqliyyatın ekoloji mühitə vurduğu ziyanları real statistik rəqəmləri səsləndirməklə diqqətə çatdırıblar. Metropolitenin ekoloji nəqliyyat növü olmasını qeyd edən uşaqlar bununla yanaşı, bu nəqliyyat növü işçilərinin ağacəkmə, batareyaların toplanması, suya qənaət layihələri və digər aksiyalarının əhəmiyyətinin ictimai vacibliyini dilə gətiriblər.
“Təbiəti qorumasaq...” səhnəciyində uşaqlar Hüseyn Arifin təbiətin mühafizəsi, ekoloji problemlərə diqqətli olmağa səsləyən şeirlərini səsləndiriblər. Səhnəcik piano, kaman, gitara və zərb alətinin müsayiəti ilə xor ifa edən uşaqların Xalq artisti Tünzalə Ağayevanın təbiətin qorunmasına həsr olunmuş məşhur mahnısının sədaları altında başa çatıb.
“COP29-a aparan yol” səhnəciyi aparıcının uşaqları səsləməsi və COP29 haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlərlə tamamlanıb.
Tamaşanın səhnəcikləri fləşmob formatında eskalator, platforma və qatarda davam etdirilib. Yaxın günlərdə geyimləri təqdim edən bağçada, habelə bir neçə digər təlim-tərbiyə və tədris müəssisəsində eyni ssenari əsasında tamaşalar hazırlanaraq təqdim ediləcək.