z

Bakı metropolitenində 10 il əvvəl Təlim-tədris mərkəzi yaradılıb

Bakı metropolitenində 10 il əvvəl Təlim-tədris mərkəzi yaradılıb

01 OKTYABR / 2024 / 13:36

2014-cü il sentyabrın 16-da “Bakı Metropoliteni” QSC sədrinin əmri ilə “Rabitə evi” adlandırılan texniki-inzibati binada müəssisənin Təlim-tədris mərkəzinin yaradılması qərara alınıb. Cəmi 14 gün sonra həmin vaxta qədər metropolitendə hər bir sahə üzrə ayrı-ayrılıqda təşkil edilən normativ təlim və tədris, eləcə də imtahanlar, işə qəbul və digər bu qəbildən olan məsələlərin mərkəzləşdirilmiş qaydada qurulmasına başlanılıb.
Ötən 10 il əyani şəkildə göstərir ki, bu, metropoliten üçün ən doğru qərarlardan biri olub. Onilliklər ərzində müxtəlif layihələr formatında yaradılan bu proses nəinki səmərəli təşkil edilib, həmçinin bir sıra uğurlu layihələr sayəsində metropolitendə insan resurslarına baxış dəyişdirilərək, kadrların hazırlığında, eləcə də ixtisaslaşmış və texniki tədris ocaqları ilə ən optimal ünsiyyət, əlaqələr və əməkdaşlıq formatı həyata keçirilib.
2014-cü il oktyabrın 1-dən başlanan ilk dərs prosesi ilə 140-dan artıq peşənin mütəxəssilərini özündə birləşdirərək mürəkkəb bir sahə olan metropolitendə yeni layihələr sırasında Bənövşəyi xətdə tətbiq edilən ən müasir sistemlərin, layihələrin uğurlarının başlanğıcı məhz tədris prosesinin təşkili olub. Maşinistlərin inqilabi də hesab oluna biləcək yeni seçim qaydası onilliklərlə qəlibləşmiş ağır hazırlıq prosesini müasir və ən optimal layihəyə çevirdi. Bu gün bu qayda ilə seçilən maşinistlər metropoliten xətlərində inamla qatarları idarə edirlər. Ənənə üzrə kifayət qədər böyük təcrübə tələb olunan sahələrdə ali təhsilini yenicə başa vurmuş gənclərə yaradılan şərait əsasında “Təcrübəçi” layihəsi bu gün əksər müəssisələr üçün də nümunəvi, gənclər üçün isə özünü doğrultmaq baxımından mühüm bir yenilikdir.
Əlbəttə, bu layihələr içərisində “Hibrid maşinist” – fərqli nəsil qatarları idarə edənlərin hazırlanması, “Davamçılar” - karyera yüksəlişinə nail olmaq, müxtəlif məsul vəzifələrə gənclərin hazırlanması baxımından həyata keçirilən yeni ideyalar da özünü doğrultmaqdadır.
Təlim-tədris mərkəzinin binası tarixi əhəmiyyətli olmaqla, 1926-cı il sentyabrın 24-də istifadəyə verilmiş SSRİ-nin ilk elektrikləşdirilmiş dəmir yolunun təkib hissəsi sayılan Sabunçu vağzalının elektrik deposu idi. 1966-cı ildə bina Bakı şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı ilə Bakı metropoliteninin sərəncamına keçib. Müvafiq infrastruktur qurulmaqla, o vaxtlar "Rabitə evi" adlandırılan binada qatarların hərəkətinin təşkili və idarə edilməsində  ən mühüm sahələr hesab olunan dispetçer mərkəzləri cəmləşdirilərək fəaliyyət göstərib.
2019-cu ildə binada məhz təlim və tədris, eyni zamanda Bakı metropoliteninin əsas sahələri ilə əyani tanışlığa da imkan verən xüsusi layihə əsasında yenidənqurma işləri aparıldı. Binanın tarixi və memarlıq üslubu qorunmaqla, ötən onilliklər ərzində pərakəndə şəraitdə yaradılmış otaqlar ləğv edilib və tədris prosesinin təşkilinin xüsusiyyətləri nəzərə alınmaqla, yeni tədris mərkəzi qurulub.
Bu gün bu mərkəz həm də Bakı metropoliteninin ən mühüm rəsmi, sosial əhəmiyyətli tədbirlərinin mərkəzinə çevrilib. Təbii ki, burada həyata keçiriləcək layihələr hələ çox olacaq. Mərkəzin fəaliyyətinin əsas məqamlarını özündə ehtiva edən təqdimatı nəzərinizə çatdırırıq.

Təqdimata keçid: Təlim-tədris mərkəzi 10 ildə